Təyyarə qəzası ilə bağlı şok versiya: “Ukrayna dronu...”
25 Dec 2024 14:07
IslamTimes - Rusiya-Ukrayna müharibəsi hava yolları şirkətlərindən ehtiyat tədbirlərini artırmağı tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasını şərh edib:
“Təyyarə qəzalarından heç bir ölkə sığortalanmayıb. Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəza enişi etməsiylə bağlı araşdırmalar başlanıb. Olayla bağlı müxtəlif məlumatlar yayılıb. Birincisi, hava şəraiti ilə əlaqədar təyyarənin uçuş trayektoriyasını dəyişdirdiyi, Qroznıya eniş edə bilmədiyi deyilib. Digər xəbər bundan ibarədir ki, təyyarə geri qayıdarkən quş sürüsü ilə üzləşib.
Rusiya informasiya kanallarından birində isə təyyarənin Ukrayna dronlarının Qroznı hava sahəsində göründüyünə görə Çeçenistan paytaxtının hava limanına enə bilmədiyi yazılıb. Bu xəbər daha çox Rusiyanın Ukrayna əleyhinə informasiya savaşının tərkib hissəsinə oxşayır. Yəni demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər.
Təyyarənin qəzaya uğradığı saatlarda Ukrayna dronlarının Çeçenistandakı hansısa hərbi məntəqəyə zərbə endirməsi barədə məlumat yoxdur. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi, havada uçuşan raketlər və dronlar təyyarə şirkətlərindən ehtiyat tədbirlərini artırmağı tələb edir”.
Story Code: 1180402