Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Mirhafiz Cəfərzadəyə hökm oxunub.Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mirhafiz Cəfərzadə 2022-ci ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onun həbsinin səbəbilə bağlı yaydığı rəsmi açıqlamada iddia olunur ki, Mirhafiz Cəfərzadə Azərbaycanda hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirərək, onların lokasiyasını və digər məlumatları İrana göndərib.
Rəsmi açıqlamaya Mirhafiz Cəfərzadənin güya ittihamı təsdiqləyən öz görüntüləri də əlavə edilib.
Seyidəli Cəfərov qardaşının fikirlərinin təhrif edildiyini deyir.
Seyidəli Cəfərov qardaşının Rusiya vətəndaşı olduğunu bildirərək danışır ki, 2021-ci ilin sentyabrında qardaşı növbəti dəfə Azərbaycandan Rusiyaya qayıdanda onu saxlayıblar:
“Sərhəddə onu saxlayıb aparıblar. Ona deyiblər ki, sən separatçılıqla məşğulsan. O da deyib ki, xeyr, mən demişəm, talış dilində dərslik olsun, bundan artıq nəsə yazmışamsa, göstərin mənə. Heç bir sübut olmadığına görə onu gecə saat 3-də buraxıblar”.
Seyidəli Cəfərovun sözlərinə görə, saxlanılarkən ona əməkdaşlıq təklif edilib:
“Qardaşıma deyiblər ki, “sən bizə işlə”. Rusiyada olan tanınmış talış və inanclı fəallar haqda məlumat gətirməsini istəyiblər. Qardaşım da deyib ki, “mən yaşlı-başlı adamam, 56 yaşım var, mənə yaraşmaz belə hərəkətlər, ayıbdır”. Qardaşımın ölkədən çıxışına “stop” qoyublar. Bir il ərzində 4 dəfə qardaşımı narahat edib, ayrı-ayrı yerlərdə onunla görüşüblər.
Qardaşı deyir ki, 2022ci il noyabrın 11-də səhər saatlarında DTX əməkdaşları Mirhafiz Cəfərzadəni, eləcə də məhkəmə qərarı olmadan evində olan əşyaları (kompüter və s.) götürüb aparıblar.
Mirhafiz Cəfərzadənin hüquqlarını müdafiə edən ictimai fəal Rahim Şalıyev diqqəti DTX tərəfindən yayılmış videomateriala çəkir. Deyir ki, həmin materialda Mirhafiz Cəfərzadənin danışığı montaj olunub, bunu videoya baxan hər kəs görə bilər. Mirhafizin fikirləri kəsilib montaj olunduğundan onun dedikləri yayımlanmır. Məndə olan məlumata görə, özü orda deyir ki, bu köhnə məlumatdı, hərbi baza fəaliyyət göstərmir və s. Ayrıca həmin keçmiş hərbi baza haqqında mətbuatda onlarla məlumat var”.