ERMƏNİSTANI DİNGİLDƏDƏN NƏDİR?
faktxeber , 17 Aug 2010 18:08
Üzeyir Cəfərov: "Azərbaycanda əlinə silah götürə və düşmənə müqavimət göstərə bilən insanın sayı Ermənistanın ümumi əhalisinin sayına bərabərdir"
“Azərbaycan bir gün müharibəyə başlasa, bunun aqibətini görəcək. Artsax ordusu Ermənistanın yüksək dağlıq sərhədinə - Kürə və Araza kimi gedəcək” – bu sözləri erməni deputat Eduard Şarmazanov jurnalistlərə açıqlamasında bildirib. E.Şarmazanovun dediklərini cəfəng adlandıran hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov FaktXeber.com-a bildirdi: “İndiki halda Ermənistanın məlum deputatı çətin vəziyyətə düşdüyü üçün belə bir açıqlama verib. Əslində o, “Azərbaycan müharibəyə başlasa, Rusiya Ermənistanı müdafiə edəcək” fikri ilə özlərini biabır edib. Azərbaycan heç kimin torpağına göz dikməyib, əksinə işğal olunmuş ərazisini azad etməyə çalışır. Bu istiqamətdə dəfələrlə hərbi və siyasi rəhbərlik bəyanatlar veriblər. Onların demələri ki, biz Yevlaxa qədər gedəcəyik və Azərbaycan yenidən torpaqlarını itirəcək, bu, sadəcə xülyadır. Azərbaycanda əlinə silah götürə və düşmənə müqavimət göstərə bilən insanın sayı Ermənistanın ümumi əhalisinin sayına bərabərdir. Bunları nəzərə alanda Ermənistanın nəyə arxalandığı bəlli olmur”.
Hərbi ekspert hesab edir ki, bir neçə gündən sonra Rusiya prezidentinin Ermənistana səfəri onlara nisbətən ruh yüksəkliyi verir: “Ermənistanı dingildədən Rusiya faktorudur. 102 saylı baza ilə əlaqədar imzalanan saziş əsasında Rusiya Ermənistana istənilən yardımı edə biləcək. Eyni zamanda mənə elə gəlir ki, Azərbaycanla Ermənistan arasında baş verə biləcək geniş hərbi əməliyyat sıfıra bərabərdir. Amma xırda həcmli əməliyyatlar bu gün də baş verir, yenə də davam edəcək. Heç Azərbaycanda da geniş hərbi əməliyyatlara hazırlıq görülmür. Həm də çalışırlar ki, müharibə əhval-ruhiyyəsi olmasın”.
Ermənistan iqtisadi baxımdan çox ağır vəziyyətdədir. Onun yeganə xilaskarı Rusiyadır. Sevindirici haldır ki, Azərbaycan da Türkiyə ilə strateji sənəd imzaladı. Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi faktiki olaraq gündəmə gəlib. Bu, onu göstərir ki, savaş zamanı Azərbaycan da tək qalmayacaq – Cəfərov vurğuladı: “Ermənilər dəfələrlə bu kimi sərsəm fikirlər səsləndirsələr də, real nəticəsini görməmişik. Bu bəyanat həm də onu göstərir ki, Azərbaycan torpaqlarını ermənilərin əli ilə Rusiya işğal edib. Rusiya istəyərsə, regionda çox böyük dəyişikliklər baş verər və işğal altında saxladığı əraziləri boşaldar. Amma Rusiya ikibaşlı oyun oynayır. Azərbaycana dost deyir, Ermənistanla isə hərbi müttəfiqlik edir və böyük miqyasda yardımlar göstərir”.
Əli Mövlud
Story Code: 34581