MÜSAVAT VERDİYİ SÖZƏ ƏMƏL EDƏCƏKMİ?
faktxeber , 10 Aug 2010 14:26
Tofiq Yaqublu: "Biz Müsavatın öz namizədləri olan dairələri boşalda bilərik, amma DUİ-ə söz verdiyimiz üçün axıra qədər sözümüzün üstündə duracağıq"
“AXCP ilə Müsavat arasında seçki blokunun yaradılması təklifi cəmiyyətdə böyük alqışla qarşılandı. Çünki, bu, sosial sifariş idi və hamı da gözləyirdi. Amma praktiki işə gələndə, bir sıra texniki səbəblər ortaya çıxıb. Hesab edirəm ki, cəmiyyətdə və mətbuatda yaranan - birliyin yaranmasında problemlərin olması şayəsi, düzgün deyil” – bu sözləri Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu AXCP-Müsavat birliyindən danışarkən FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə əvvəldən də texniki problemlərin olmasını biliblər: “Hələ ilin əvvəlində seçkilərdə birlikdə iştirak etməklə bağlı DUİ ilə razılıq əldə etmişik və birgə namizədləri müəyyənləşdirmişik. Paralel olaraq AXCP də öz namizədlərini müəyyənləşdirib. İndi isə seçkiyə çox az vaxt qalmış bu namizədlərin əksəriyyəti xüsusən Bakıda eyni dairələrə düşür. Hamı məsuliyyəti dərk edir və çalışır ki, problemi həll etsin. Tərəddüdlər isə vaxtın azlığından yaranır”.
Səhv etmirəmsə, 6 ya 7 dairədə DUİ ilə namizədləri razılaşdırmışıq. Cəbhə ilə danışıqlara gedəndə bəyan etmişdik ki, biz AXCP ilə seçki bloku yaratsaq da, vahid şəkildə seçkiyə getsək də DUİ ilə olan razılaşmalarımızı poza bilmərik – T.Yaqublu vurğuladı: “Biz Müsavatın öz namizədləri olan dairələri boşalda bilərik, amma DUİ-ə söz verdiyimiz üçün axıra qədər sözümüzün üstündə duracağıq. AXCP hələ “Azadlıq” blokunun tərkibində olanda biz təklif etmişdik ki, ikitərəfli münasibətlər qursun. AXCP də öz payından daxil olduğu blokun digər üzvləri ilə bölüşdürə bilərdi. Eyni situasiya burada təkrarlanır. DUİ ilə AXCP-nin münasibətləri o qədər də isti olmadığı üçün bəzi tərəddüdlər edə bilərlər. Amma biz DUİ üçün nəzərdə tutulan dairələrə namizəd vermiriksə, AXCP də namizəd verməməlidir. Hesab edirəm ki, qarşı tərəf bunu dərk edir. Çünki, DUİ üçün nəzərdə tutulan yerlər Müsavatın kvotasındandır. Ona görə də narazılıq etməyə ehtiyac yoxdur”.
Əksər ekspertlər, DUİ, ALP və VİP iddia edirlər ki, AXCP-Müsavat birliyinə məhz Əli Kərimli əngəl yaradır. Siz necə düşünürsünüz – sualına cavab olaraq, T.Yaqublu qeyd etdi: “Müsavat AXCP-ə birlik təklifi edəndə, biz bilirdik ki, AXCP-nin sədri Əli Kərimlidir. Eyni zamanda Əli Kərimli də bütün hərəkətləri və danışıqları ilə subut edir ki, birliyin yaranmasında əlindən gələni əsirgəmir. Dairələr üzrə namizədlərin müəyyənləşdirilməsində fərqli fikir ola bilər. Ancaq birliyin alınmasında həm Əli Kərimli, həm də İsa Qəmbər eyni prinsipiallıq göstərirlər”.
AXCP çox yaxşı bilir ki, biz DUİ ilə əməkdaşlıq edirik və bu proses xeyli dərinləşib. Eyni zamanda DUİ ilə siyasi blokda təmsil olunmuruq. Sadəcə, seçki ərəfəsində əməkdaşlıq edirik. AXCP tərəfindən də bu vaxta qədər DUİ-dən ayrılmağımızla bağlı heç bir tələb irəli sürülməyib – T.Yaqublu əlavə etdi.
Əli Mövlud
Story Code: 33756