QR CodeQR Code

"AZADLIQ" QƏZETİNƏ QARŞI SƏRT İTTİHAM

faktxeber , 5 Aug 2010 23:31

Mirmahmud Mirəlioğlu: "Azərbaycan mətbuatında bayraqdar olan "Azadlıq" qəzeti çox təəssüf ki, yanlış siyasət nəticəsində köləlik firmasına çevrilib"


“Hesab edirəm ki, bu məsələ mümkün qədər təbliğ olunur. Mətbuatdan o tərəfə getmirsə, deməli mətbuata qədərmiş. Bu birliyin sərhədləri müsahibələrdən və bəyanatlardan o tərəfə keçmir” – bu sözləri KXCP sədri Mirmahmud Mirəlioğlu yeni yaradılmaqda olan Müsavat-Cəbhə birliyindən danışarkən FaktXeber.com-a dedi. Onun sözlərinə görə AXCP ilə KXCP arasında heç bir ziddiyyət yoxdur: “Çünki, ən azı hamı bilir ki, biz hansı səbəblərə görə KXCP adı altında fəaliyyət göstəririk. Heç kim bizə şərt qoya bilməz, bizim də belə bir fikrimiz yoxdur. Eyni zamanda 31 iyul aksiyası ilə əlaqədar demək istəyirəm ki, DUİ təmsilçisi olaraq KXCP-dən və Müsavat Partiyasından nümayəndələr sənədi imzalayıblar. Müsavat-DUİ bir sənədə imza atıb. AXCP isə həmişə ayrıca müraciət edib”.



Bundan əlavə onların kifayət qədər mətbu orqanları var. Xüsusi olaraq “Azadlıq” qəzetini qeyd etmək istəyirəm – M.Mirəlioğlu əlavə etdi: “Bu qəzetdə imzası tanınmış yazarlar fəaliyyət göstərir. Biz onlara hörmət edirik. Amma bu qəzet heç vaxt adına layiq olmayıb. Mən bunun adını “köləlik” qoymuşam. Orada köşə yazarları yox, kölə yazarları var. Qeyd edim ki, bütöv kollektivə qarşı deyil, oradakı siyasətə qarşıyam. Məndə olan məlumatlara görə orada gedən yazılar bir məşhur senzorun çubuğu ilə redaktə olunur. Ona görə də orada AXCP-Müsavat kütləvi aksiyası kimi təqdim olunur. DUİ-nin adı qısqanclıqla deyilmir. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan və uzun zaman Azərbaycan mətbuatında bayraqdar olan “Azadlıq” qəzeti çox təəssüf ki, yanlış siyasət nəticəsində köləlik firmasına çevrilib. Orada muzdu yazarlar, nökər kimi bir şəxsin siyasətinə qulluq edən adamlar peyda olub. Onların təqdimatına görə məsələ bu qədər problemli görünür”.



M.Mirəlioğlu qeyd etdi ki, biz “Azadlıq” bloku, DUİ və Müsavat Partiyasının bir yerdə olmasının tərəfdarı olmuşuq: “Əli Kərimli vaxtı ilə deyirdi ki, DUİ ilə bağlı heç bir problemim yoxdur. Amma Müsavatla bağlı psixoloji gərginlik və baryer var. Biz onu keçə bilmirik. İndi isə DUİ ilə bağlı problemin olduğunu, Müsavatla bağlı heç bir çətinliyin olmadığını qeyd edir. Hesab edirəm ki, bu, çox uğursuz taktikadır. AXCP DUİ-Müsavat birliyinə 15 iyuldan qoşulub, hələ ayı da tamam olmayıb. Bunların üçlükdə olan birliyi isə uzağa gedə bilmir”.



DUİ ilə Müsavatın konkret olaraq seçkilərlə bağlı razılaşması və niyyət protokolu var. Eyni zamanda Müsavat-AXCP məsələsi həll olunarsa, onlar DUİ-siz seçkilərə qatıla bilərlər. Bundan əlavə DUİ, Müsavat və AXCP birlikdə seçkilərə gedərlərsə, ən uğurlu variant olar – M.Mirəlioğlu vurğuladı.



Əli Mövlud


Story Code: 33380

News Link :
https://www.islamtimes.com/az/interview/33380/azadliq-qəzetinə-qarşi-sərt-ittiham

Islam Times
  https://www.islamtimes.com