Rusiya Cənubi Qafqazda separatizmi dəstəkləyir
31 Jul 2010 05:45
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Millət vəkili Qüdrət Həsənquliyevlə söhbət
– Qüdrət bəy, əvvəlcə Beynəlxalq Haaqa Məhkəməsinin Kosova ilə bağlı qəbul etdiyi qərara münasibətinizi öyrənmək istərdik. Azərbaycan vətəndaşı Dağlıq Qarabağla bağlı da bu tipli qərarların qəbul ediləcəyindən narahatdır, ermənilər də bu istiqamətdə müəyyən hay-küy qaldırıblar. Sizcə narahtçılıq üçün əsas varmı?
– Kosova ilə bağlı Haaqa Məhkəməsinin qəbul etdiyi qərar Azərbaycan üçün presedent ola bilməz. Hər münaqişənin özünün yaranma səbəbləri, həlli yolları var, eyni zamanda tarixi ədalət məsələsi də yaddan çıxmamalıdır. Azərbaycanda hamı bilir və beynəlxalq ictimaiyyət də maraqlana bilər ki, Xankəndinə Stepanakert adı nə vaxt verilib. Beynəxalq ictimaiyyət üçün onu da araşdırmaq çətin deyil ki, tarixi Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa nə vaxt köçüblər, orada nə qədər erməni yaşayır. O da aydınlaşdırılmalıdır ki, oradakı seperatizm müstəqil dövlət qurmağa yönəlibmi? Əlbəttə yox. Hətta Ermənistan Ali Sovetinin Dağlıq Qarabağın bu dövlətə birləşdirilməsi ilə bağlı qərarı da var. Bu faktın özü göstərir ki, müstəqil dövlət qurmaqdan söhbət gedə bilməz. Sadəcə bir dövlətin başqa bir dövlətin ərazisini işğal edib özünə birləşdirməsindən danışmaq olar. Ermənilər görəndə bu siyasəti beynəlxalq birliyə qəbul etdirmək mümkün deyil, ona görə də sonradan başqa taktika seçdilər. Bəlkə də başqa böyük dövlətlərin tövsiyəsi ilə müstəqil dövlət qurmaq söhbətini ortaya atdılar. Çox yaxın tarixdə baş vermiş hadisələri nə danmaq, nə də yüz illər öncə olmuş tarixi faktları inkar etmək mümkündür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, burada presdent axtarmağın yeri yoxdur. Ümumiyyətlə, dünya ictimaiyyətinə çatdırılmalıdır ki, Dağlıq Qarabağda baş verənlərin adı nədir. Onu da deyim ki, Kosova ilə bağlı qəbul edilən qərarlar dünyada seperatizmi stimullaşdıran addımlardır. Buna baxmayaraq qeyd etmək istəyirəm ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Yəni, Dağlıq Qarabağ məsələsində öz müqəddəratını təyin etməkdən danışmaq yersizdir, sadəcə, yuxarıda dediyim kimi, bir dövlət başqa dövlət ərazisini işğal edərək özünə birləşdirmək cəhdi göstərib. Ermənilər tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün beynəlxalq ictimaiyyətə müraciət olunsa belə, bunun müsbət nəticə verəcəyini gözləmirəm.
– Yeri gəlmişkən, Rusiyada bir-birinin ardınca terror hadisələri baş verir, belə hadisələrin ardı-arası demək olar ki, kəsilmir. Sizcə, nə baş verir? Rusiyada baş verən hadisələrə hər zaman fərqli yanaşan insan kimi baş verənlərlə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...
– Öncə bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm: çox təəssüf ki, Azərbaycan Rusiyanın Dağlıq Qarabağ məsələsində tərəf olmasını qabartmır. Rusiya problemin həllində vasitəçi ola bilməz. Çünki Rusiyanın birbaşa dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ona görə Azərbaycan Rusiya ilə bağlı bəzi həqiqətləri dünya birliyinə də, Rusiya ictimaiyyətinə də, bu dövlətin hökumətinə də çatdırmalıdır. Biz bir məqamla bağlı Rusiya ictimaiyyətinə və hökumətinə çəkinmədən sözümüzü deməliyik. Bu məqam nədir? Hə qədər ki, Rusiya Cənubi Qafqazda separatizmi dəstəkləyir, Rusiyanın özündə separatizm meyllərinin qarşısını almaq mümkün olmayacaq. Təəssüf ki, bunu heç kim açıq şəkildə demir. 2 milyon yarımlıq çeçen, 5 milyonluq tatar xalqı görür ki, 60 minlik osetin və yaxud Dağlıq Qarabağda 80 minlik erməni özünə qondarma dövlət qura bilir, özü də bu separatçıları Rusiya dəstəkləyir. Onlar da fikirləşirlər ki, əgər belədirsə, biz niyə bunu etməməliyik? Əslində Rusiya Cənubi Qafqazda separatizmi dəstəkləməklə ola bilsin ki, dar mənada öz maraqlarını qorumaq, bölgədə öz varlığını saxlamaq istəyir. Amma bəlkə də fərqində deyil ki, bu istək Rusiya dövlətini içindən dağıdır. Rusiya Federasiyasının dövlətinin ərazi bütövlüyünün qorunub-saxlanılması Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyündən keçir. Bu barədə Rusiyaya açıq deyilməlidir. Nə qədər ki, çeçen xalqı erməninin qondarma da olsa iki dövlət qurmaq iddialarını görür, fikirləşəcək ki, mən niyə dövlət qura bilməyim. Tatar belə fikirləşəcək, kabardin-balkar da, inquş da, başqırd da, kalmık da, başqaları da... Cənubi Qafqazda separatçı meyllər artdıqca ümumilikdə Qafqaz çalxalanacaq və zəncirvari reaksiya kimi Rusiyanın başqa hissələrinə də yayılacaq. Biz də açıq şəkildə deməliyik ki, Rusiya öz ərazisində terrorun qarşısını almaq istəyirsə, aqressiv separatizmi kökündən həll etmək arzusundadırsa, Cənubi Qafqaz dövlətləri üçün yaratdığı problemləri aradan qaldırmalıdır. Rusiya fikirləşir ki, Cənubi Qafqazda etnik separatizmi meyllərini gücləndirəcəyəm, Şimali Qafqazdakı problemləri isə zor gücünə həll edəcəyəm. Ancaq biz görürük ki, bu alınmır. Separatizm xəstəlikdir, başqaları üçün stimuldur. Bütün bunları nəzərə alaraq Rusiya bu məqam barədə fikirləşməlidir. Yeri gəlmişkən, deyək ki, Azərbaycandan Rusiyaya gedən qatarlar da tez-tez terrorun hədəfinə çevrilirlər. Ona görə də Şimali Qafqazda terrorizim meyllərinin güclənməsi Azərbaycanda da ciddi narahatlıq doğurur. Digər başqa məqamları, eyni zamanda indi dediyimiz məqamı nəzərə alaraq açıq danışmalıdır. Rusiya da bilməlidir ki, separatizm meyllərinin, terrorun kökü Qarabağdan, Osetiyadan qaynaqlanır. Ümumiyyətlə hər dəfə deyirik, bir daha təkrar edək ki, Rusiya ilə Azərbaycanın maraqlarını uzlaşdırmaq, problemləri yoluna qoymaq lazımdır. Əks halda etnik separatizm, terror ilk növbədə Rusiyanın dağılmasını şərtləndirəcək.
– Böyük qəhrəmanlıq göstərərək şəhid olmuş, nəşi erməni tərəfində qalmış Mübariz İbrahimova Milli Qəhrəman adı verilməsi ilə bağlı bir çoxları, o cümlədən siz də təkliflə çıxış etmişdiniz. Ölkə başçısının cəmiyyətdən gələn təklifləri dəyərləndirib Mübariz İbrahimova Milli Qəhrəman adının verməsini necə dəyərləndirirsiniz?
– Mübariz İbrahimova Milli Qəhrəman adı verilməsi məni həddindən artıq çox sevindirdi. Bu qərardan Azərbaycan ictimaiyyəti çox məmnun qalıb, o cümlədən də mən. Mübariz İbrahimovun göstərdiyi şücaət, qəhrəmanlıq ona Milli Qəhrəman adının verilməsini əsaslandırırdı. Bu qərar gənclərin hərbi-vətənpərvərlik ruhunun güclənməsinə öz təsirini istər-istəməz göstərəcək. Dediyiniz kimi bu təşəbbüslə çıxış edənlərdən biri də mən olmuşam. Buna görə də şəxsən mən prezidentə öz təşəkkürümü çatdırıram. Mübariz İbrahimov bu adda layiq idi və yenə də deyirəm, sevindirici haldır ki, bu ad ona verildi. Digər tərəfdən mən çox məmnunluqla qeyd etmək istəyirəm ki, bütün məsələlərdə olmasa da, bir çox məsələlərdə hökumət ictimai rəyə hörmətlə yanaşır.
Kamil HƏMZƏOĞLU
/525/
Story Code: 32699