QR CodeQR Code

Vəfa Quluzadə: Bizi fələstinlilərin taleyi gözləyir

21 Jul 2010 06:02

“Ter-Petrosyan müharibə haqqında danışmaqla erməni ictimaiyyətini qorxudur və özünə xal qazanmaq istəyir.


O, hakimiyyətdə olanda mərhələli sülh variantını təklif etmişdi. Bu, uğurlu təklif idi və həyata keçəcəkdi. Ancaq Moskva buna maneçilik törətdi. İndi Ter-Petrosyanın mövqeyi belədir ki, məni hakimiyyətə qaytarın, tezliklə sülh əldə edim”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu fikirləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın fikirlərini şərh edərkən bildirdi. Qeyd edək ki, Ter-Petrosyan Azərbaycanın münaqişəni hərbi yolla həll etmək barədə xəbərdarlıqlarının təəccüblü olmadığını demişdi. Bildirmişdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan hərbi variantı heç vaxt gündəmdən çıxara bilməz. Ter-Petrosyan əlavə edib ki, Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkün olmayacaq.
V.Quluzadəyə görə, bu dəqiqə müharibə heç kimi maraqlandırmır. Politoloq dediklərini aşağıdakı kimi əsaslandırır: “Rusiyanı ona görə maraqlandırmır ki, müharibə olsa, aləm qarışacaq. Amerika ilə əlaqələr korlanacaq. Çünki müharibənin tərəfi Rusiya olacaq. Azərbaycanda bütün bazarlar, imkanlar bəlkə də əbədilik itiriləcək. Ona görə də Rusiya arzu edir ki, bu vəziyyət uzansın. Amerika çox istəyirdi ki, sülh əldə olunsun. Lakin Rusiya buna maneədir. Amerika hələ ki Rusiyanı regiondan vurub kənara ata bilmir. Amerikaya da müharibə sərf etmir. Çünki müharibə olanda ABŞ-ın da bura qoyduğu bütün investisiyalar təhlükə altına düşəcək”.
V.Quluzadə dedi ki, Ermənistana da müharibə lazım deyil: “Çünki Ermənistan başa düşür ki, marianetkadır. Bu müharibədə ermənilər guya ki, uğur qazanıb. Amma acından ölürlər. Ermənilər çox gözəl başa düşür ki, müharibə onlara heç nə verməyəcək. Bəlkə də müharibə olsa, başları əziləcək”.
Politoloq Azərbaycanın vəziyyəti barədə isə bunları bildirdi: “Bakıda düşünürlər ki, Azərbaycan gərək elə müharibə aparsın ki, o müharibənin nəticələrini dünya tanısın. Birinci növbədə bu nəticələri Rusiya tanımayacaq. Təsəvvür edin ki, Azərbaycan müharibəyə başlayır, bütün işğal olunmuş əraziləri azad edir. Bundan sonra təbii ki, sülh bağlanmayacaq. Rusiya əks zərbə ilə ermənilərin heç olmasa itirilmiş mövqelərini bərpa edəcək. Bunu yaxşı başa düşən Azərbaycan da erməniləri hədələyir ki, qoy qanları damarlarında donsun. Amma vaxtı çatmayana qədər uğursuz addım atmayacaq. Əgər bütün dünya desə ki, işğalçı Ermənistanı vur - bunu da mən gözləmirəm - onda Azərbaycan bunu edər. Ona görə də bu gün ”nə hərb, nə sülh" vəziyyəti hamını təmin edir".
V.Quluzadə deyir ki, regionun böyük gücləri olan İran və Türkiyə də müharibənin olmasını arzulamır: “Çünki burda hamının mövqeləri və maraqları zərbə alacaq, heç kəs bundan xeyir götürməyəcək”.
Ancaq danışıqlar da getdikcə mənasızlığı ilə diqqət çəkir. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində aparılan danışıqların mənasızlığı etiraf olunub. Qazaxıstanın Almatı şəhərində ATƏT xarici işlər nazirlərinin qeyri-formal toplantısı çərçivəsində keçirilən Qarabağ danışıqlarının da heç bir nəticəsi olmayıb. Belə olan halda mənasız sülh danışıqları nə qədər davam edəcək?
V.Quluzadə: “Biz prosesi bu şəkildə aparmağa məcburuq. Görmürsünüzmü yazıq fələstinlilər 60 ildir danışıq aparır? Bu danışıq da məsələni həll etməmək üçün diplomatik oyunun formasıdır. Hələlik ki, biz bu oyundayıq. Hələlik bizi fələstinliləri taleyi gözləyir. Amma əbədilik yox. Hesab edirəm ki, 5-10 ilə Rusiya çökəcək, sonrasına baxarıq”.
/Musavat/


Story Code: 31674

News Link :
https://www.islamtimes.com/az/interview/31674/vəfa-quluzadə-bizi-fələstinlilərin-taleyi-gözləyir

Islam Times
  https://www.islamtimes.com