QR CodeQR Code

Gallup :

Azərbaycanda insanların 87 faizi həyatından narazıdır

musavat , 17 Jul 2010 14:30

“Gallup” mərkəzi xoşbəxt ölkələrin reytinqini açıqladı; ölkəmiz 103-cü sıradadır; bizdə vətəndaşların cəmi 13 faizi yaşayışından məmnundur


“Gallup” mərkəzi dünya ölkələrində insanların həyatlarından nə dərəcədə razı olduğunu araşdırmaq üçün sorğu keçirib və “Happy Planet Index” adı altında xoşbəxtlik reytinqi tərtib edib. Rəyi soruşulanlara həyatlarından nə dərəcədə razı olduqlarına dair suallar ünvanlanıb və onların cavablarından asılı olaraq reytinq cədvəli hazırlanıb. Reytinq hazırlanarkən insanların həyat şəraiti və gəlirlərinin səviyyəsi, mənzil şəraitləri və səhiyyənin durumu kimi amillər də nəzərə alınıb.
“Forbes” jurnalının yazdığına görə, dünyanın ən xoşbəxt insanları Skandinaviya yarımadası ölkələrində yaşayırlar. Belə ki, siyahıda ilk beşliyi Finlandiya, Norveç, İsveç, Niderland və Danimarka tutur. Məlum olub ki, Danimarkada rəyi soruşulanların 82 faizi özünü xoşbəxt hiss etdiyini, heç bir qayğısının olmadığını bildirib. Yalnız 1 faiz bildirib ki, özünü bədbəxt sayır və problemlər içərisində əzilir.
Finlandiyada isə xoşbəxtlərin faiz göstəricisi 75-dir. 23 faiz rəyi soruşulan problemli həyatının olduğunu deyib, özünü bədbəxt sayanlar isə 2 faiz olub. Norveçdə isə heç kim özünü bədbəxt saymır. Xoşbəxt əhali 69 faizdir və qalanlar “problemlərinin olduğunu” deyir. Niderland və İsveçdə isə xoşbəxtlərin faizi 68-dir. 6-cı və 7-ci yerləri isə Kosta-Rika və Yeni Zelandiya tutur.
Maraqlıdır ki, Türkmənistan Rusiyanı və bütün digər keçmiş sovet respublikalarını qabaqlayaraq siyahıda 18-ci yeri tutub. Türkmənlərin 52 faizi həyatlarından tam məmnundur, 42 faizi problemlərinin olduğunu deyir, 1 faiz isə bədbəxtdir. Rusiya isə Ukrayna və Livan arasında qərarlaşaraq 73-cü yeri tutub. Rusların ancaq 21 faizi özlərini xoşbəxt sayır. 22 faiz isə bədbəxtdir, qalan 57 faiz həyatında problemlərin olduğunu bildirir.
Azərbaycan isə siyahının xeyli aşağılarında - 103-cü pillədə yer alır. Rəy sorğusu müəyyən edib ki, Azərbaycanda özünü xoşbəxt sayanlar cəmi 13 faizdir, 70 faiz problemli həyat yaşayır, 17 faiz isə özünü tam bədbəxt hiss edir. Türkiyənin də xoşbəxtlik göstəriciləri Azərbaycanla təxminən eynidir. Ermənistanda isə rəyi soruşulanların cəmi 11 faizi özünü xoşbəxt sayıb, 55 faiz bildirir ki, həyatı problemlidir. 33 faiz isə özünü bədbəxt hesab edir. Bu ölkə 110-cu sırada göstərilib.
Rəy sorğusunun aparıldığı 155 ölkə arasında ən bədbəxt 10 ölkə isə Konqo, Burkina-Faso, Syerra-Lione, Kamboca, Ruanda, Niger, Burundi, Komor adaları və Toqodur. Bu ölkələrdə əhalinin cəmi 1-4 faizi özünü xoşbəxt sayır, rəyi soruşulanların üçdə biri isə bədbəxt olduqlarını deyib.

/Musavat/


Story Code: 31307

News Link :
https://www.islamtimes.com/az/interview/31307/azərbaycanda-insanların-87-faizi-həyatından-narazıdır

Islam Times
  https://www.islamtimes.com