Hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən artıqdır
15 Jul 2010 07:12
İslamTimes - Azərbaycanda Silahlı Qüvvələrə ictimai nəzarət necə təşkil olunur, ordumuz torpaqlarımızı işğaldan azad etməyə nə dərəcədə hazırdır?
Lent.az - Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin yaranmasının 9 ayı tamam olur. Bəs İctimai Birlik hansı zərurətdən yaradılıb, Azərbaycanda Silahlı Qüvvələrə ictimai nəzarət necə təşkil olunur, ordumuz torpaqlarımızı işğaldan azad etməyə nə dərəcədə hazırdır? Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli suallarımızı cavablandırır...
- 3 ildən artıq müddətdə ATƏT-in Bakı ofisi ilə Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti arasında danışıqlar gedirdi. Müdafiə Nazirliyinin rəhbərliyi, müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin rəhbərliyində təmsil olunan şəxslər, Milli Məclisin üzvləri, hərbi yönümlü QHT-lər bu prosesdə iştirak edirdilər. Kanadanın hərbi ombudsmanı Azərbaycanda oldu, Avropada ehtiyatda olan hərbçilərin yaratdıqları QHT-lərin bir araya gəldiyi “Evromil” adlı birliyin üzvləri də Bakıya gəlib, görüşlər keçirdilər. Keçən il 17-18 fevral tarixlərində Novxanıda “Aqua-Park”da böyük bir tədbir keçirildi. Bu tədbirin nəticəsi olaraq mənim sədrliyimlə 5 nəfərdən ibarət işçi qrupu yaradıldı. Keçən il oktyabrın 22-də millət vəkilləri Aydın Mirzəzadə, Həvva Məmmədova, Aydın Həsənov, akademiklər, ehtiyatda olan generallar, ictimai xadimlər və mədəniyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyi yaradıldı.
- Buna qədər Azərbaycanda Silahlı Qüvvələrə ictimai nəzarət prosesi necə həyata keçirilib?
- 10-15 ildir ki, Azərbaycanda hərbi yönümlü QHT-lər fəaliyyət göstərir və Silahlı Qüvvələrə ictimai nəzarət edirdilər. Biz Ordunun Dostları Mətbuat Klubu və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin xətti ilə də tez-tez cəbhə bölgələrində olurduq, əsgərlərimizlə görüşürdük, jurnalistləri, baş redaktorları cəbhə bölgəsinə aparırdıq. 2007-ci ildə gənclər və idman naziri Azad Rəhimovun səfərini təşkil etdik. Millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin, idmançıların səfərləri oldu. Bu səfərlər və beynəlxalq təcrübə göstərirdi ki, doğurdan da Silahlı Qüvvələrə ictimai nəzarət lazımdır. 2007-ci ildə Azərbaycan prezidenti də QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası irəli sürərkən bildirdi ki, ayrı-ayrı sahələrə QHT-lər və ictimaiyyət nəzarət etməlidir. Biz də bundan çıxış dərək ölkədə ehtiyatda olan generallar, hərbçilər, millət vəkilləri və KİV rəhbərləri ilə müzakirələr apardıq. Bu müzakirələrin nəticəsi olaraq Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyi yaradıldı. Silahlı Qüvvələrin rəhbərliyi də bu məsələyə həssas və diqqətlə yanaşır. Biz istədiyimiz zaman istədiyimiz hərbi hissələrə gedir, zabit və əsgərlərimizlə görüşür, onların problemləri ilə maraqlanır və bu problemlərin aradan qaldırılmasında dövlətə yardımçı oluruq.
İctimai nəzarət dedikdə bəziləri Silahlı Qüvvələrə tam nəzarətdən söhbət getdiyini düşünür. Burada incə məqam var. Dünyanın hər yerində Silahlı Qüvvələr qapalı, məxfi bir yerdir, məxfi sahələri var. Ancaq zabit və əsgərlərin şəraiti, qidalanmaları, əsgər-zabit münasibətləri, onların hüquq və azadlıqları və əsgərlərə olan qayğı ilə maraqlanır, onların problemlərini araşdırırıq. Daha çox hərbi məktəblərlə əməkdaşlıq edirik. Çünki bu məktəblərdə gələcək zabitlər yetişir və bu zabitlər də gələcəkdə əsgərlərə xüsusi qayğı və diqqətlə yanaşmalıdırlar.
- Ordu quruculuğu istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Görülən işlər deməyə əsas verir ki, bu istiqamətdə də xeyli irəliləyişlər var. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Prezident hansı bölgəyə gedirsə, Ali Baş Komandan kimi hərbi hissələrdə olur. 2008-ci ildə Azərbaycanda hərbi parad keçirilib. 2010-cu il iyunun 14-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların birgə komanda-qərargah təlimləri keçirilib. Bu gün Azərbaycanın Hərbi Akademiyası var, hərbi təhsil yüksək səviyyədədir. Silahlı Qüvvələrimiz NATO ilə əməkdaşlıq edir. Dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq var. Azərbaycan hərbçiləri tez-tez dünyanın inkişaf etmiş ölkələrində olur, kurs keçir, qarşılıqlı təlimlərdə iştirak edirlər. Hərbçilərimiz Əfqanıstanda, İraqda, bir neçə il əvvəl Kosovada sülhyaratma proseslərində fəal iştirak edib. Eyni zamanda hərbyönümlü ictimai təşkilatların və mətbuatın beynəlxalq təcrübəsi artır. Bu qarşılıqlı əlaqələr ordumuzun güclənməsinə dəstəkdir. Silahlı Qüvvələrə İctimai Nəzarət İctimai Birliyi bir tərəfdən bu proseslərə nəzarət edir, digər tərəfdən, Silahlı Qüvvələrimizə dəstək oluruq. Silahlı Qüvvələrimizin güclü olması üçün hər bir vətəndaş üzərinə düşəni etməlidir. Xüsusən ön cəbhə xəttində qulluq edən əsgər və zabitlərimizə qayğı göstərilməlidir.
Azərbaycanda vahid komandanlığa əsaslanan ordu yaradılıb, peşəkarlıq vıə nizam-intizam günü-gündən artır. Bu gün demək olar ki, Azərbaycan Silahlı Qüvvələrində fərarilik yox səviyyəsindədir. Azərbaycanda artıq növbəti çağırış başlanıb və biz də prosesə nəzarət edirik. Gənclərimizin hərbi xidmətə necə həvəslə getdiklərini, valideynlərin onları xüsusi həvəslə yola saldıqlarını görürük.
- Silahlı Qüvvələrə dövlətin qayğısı hansı səviyyədədir?
- Öncə onu qeyd edim ki iyunun 8-də qəbul olunan Hərbi Doktrinada Silahlı Qüvvələrin üzərinə düşən məsuliyyət barədə açıq yazılıb. Hərbi Doktrinada ikinci Konstutisiyamızdır, sistemli hazırlanıb, çox mükəmməl bir sənəddir. Hərbi Doktrinada Azərbaycana ola biləcək daxili və xarici təhdidlər barədə açıq yazılıb. Hərbi Doktrinada ordumuzun həm peşəkar, həm də çağırış əsasında formalaşdığı qeyd olunub. Eyni zamanda göstərilib ki, Azərbaycan ordusunun qarşısında duran vəzifələrdən biri ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bizim bir düşmənimiz var, o da Ermənistandır.
İyunun 18-də dünyanın iqtisadi böhrandan yenicə çıxmasına və bu böhranın elementlərinin hələ də bir çox ölkələrdə özünü göstərməsinə baxmayaraq, Azərbаycan iqtisadiyyatının inkişafı ilə bağlı büdcəyə yenidən baxıldı. Silahlı Qüvvələrin potensialının artırılması üçün əlavə olaraq 400 min manat həcmində vəsait ayrıldı. Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar civarındadır. Hərbi büdcə 2 milyard 150 min manatdır ki, bu da Ermənistanın dövlət büdcəsindən artıqdır. Silahlı Qüvvələr Günü münasibətilə də prezident sərəncam imzalayaraq, hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat pul ayırdı. Hər il zabitlərə, hərbçilərə çoxlu sayda mənzil verilir və bu problem də həll edilir.
- Azərbaycan torpaqları nə vaxt işğaldan azad ediləcək?
- Azərbaycan öz torpaqlarını mütləq işğaldan azad edəcək. Dünya da qəbul edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır. BMT, Avropa Şurasının bu barədə qətnamə və qərarları var. Digər tərəfdən, Ermənistan ordusu get-gedə zəifləyir. Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Ermənistan ordusunda fərarilik artır, Nizamnamədən kənar çoxlu hadisələr baş verir. Ermənistan ordusunda insan resursu da çatmır. Bu ölkədə yaşayanların sayı 1,8 milyon nəfərdir. Ölkədə doğumun səviyyəsi azalır, miqrasiya artır. Qarabağda da 60 min erməni var. Ermənistanın bir neçə hərbi hissəsini komplektləşdirmək üçün əsgər sayı çatmır. Artıq bir neçə ildən sonra Ermənistanda ordunun mövcudluğu belə şübhə altında qalacaq. Ona görə də Ermənistan məcburdur ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Əgər bunu etməsə, Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək. Azərbaycan isə inkişaf edir, Silahlı Qüvvələrimizin qüdrəti də paralel olaraq artır. Nəticədə Azərbaycan və Ermənistan arasında inkişaf baxımından uçurum gedərək dərinləşir. Bu da gec-tez öz bəhrəsini verəcək. Artıq ATƏT-in Minsk qrupu da Ermənistana təzyiq etməyə başlayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Düzdür, bu təzyiqlər bizi tam qane etmir, ikili standartlar var. Təəssüflər olsun ki, ABŞ, Rusiya və Fransa açıq şəkildə Ermənistana Qarabağdan çıx demir. ABŞ Qarabağdakı separatçılara bu il də yardım etdi. Bu, bizi çox təəssüfləndirir. Demokratiya, insan haqlarından danışan dövlətin bu yöndə fəaliyyəti başa düşülən deyil. Rusiya müxtəlif vaxtlarda Ermənistana milyard dollarlıq silah yardımı edib. Fransanın da yardımları olub. Ermənistan ianələrlə yaşayan bir dövlətdir. Ermənistan Rusiyanın forpostudur. Azərbaycansız isə regionda hər hansı layihənin icrası mümkünsüzdür. Bu yaxınlarda ABŞ müdafiə nazirinin regionda yalnız Azərbaycana səfər etməsi də bunun sübutudur. ABŞ-ın, o cümlədən Rusiyanın da Azərbaycanda maraqları var. Azərbaycanın balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz əməkdaşlıq məkanına çevrilib. Bu əməkdaşlıq Silahlı Qüvvələrimizin də timsalında özünü biruzə verir. Bütün bunlar isə Azərbaycanın qələbəsini gec-tez təmin edəcək.
Bir məqamı da qeyd etmək istəyirəm. Qarşıdan Azərbaycan mətbuatının 135 illiyi gəlir. Bütün jurnalistləri təbrik edirəm. Arzu edirəm ki, hər bir KİV-in baş xəbəri Azərbaycan Silahlı Qüvvələrinin Qarabağı azad etməsi ilə bağlı olsun. Həm də jurnalistlərdən xahiş edirəm ki, bu mövzularda həssas olsunlar. Biz demirik ki, tənqid olmamalıdır. Amma Silahlı Qüvvələrlə bağlı məsələlərə həssaslıqla yanaşılmalı və vicdanın senzurasından keçirilməlidir. Jurnalistlərin də orduya dəstəyi qələmləridir. Əslində ən böyük dəstək mətbuatın üzərinə düşür və qələbədə də mətbuatın xüsusi payı olacaq. Azərbaycanda çoxlu sayda vətənpərvər jurnalistlər var və Silahlı Qüvvələrin təbliğində öz üzərinə düşəni edir. Bu da vətənə xidmətin bir formasıdır. Hər gün Ermənistan atəşkəsi pozur. Hələ də bizim gizirimizin cəsədi təmas xəttindədir. Ermənistan humanizm və beynəlxalq dəyərlərin heç birinə əməl etmir. O gizir (Mübariz Ağakərim oğlu İbrahimovun) şəhid, qəhrəmandır, Azərbaycan dövlətinə təcavüzün qarşısını alıb. Hər gün Ermənistan informasiya, psixoloji, iqtisadi, hərbi cəbhədə Azərbaycanla müharibə aparır. Atəşi hər gün Azərbaycan yox, Ermənistan pozur. Azərbaycan ordusu atəşkəsi bir dəfə pozacaq və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad edəcək. Buna da beynəlxalq hüquq və Konstitusiyamız icazə verir. Mətbuat vətəndaşlarımızı Ali Baş Komandanın həmin əmrinə hazırlamalıdır. Həmin an biz hamımız əsgər olmalıyıq.
Onu da deyim ki, Ali Baş Komandanın Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə görüşü və Nazirlər Kabinetinin yarım illik fəaliyyəti ilə bağlı yekun iclasında çıxışını da qeyd etmək istəyirəm. Prezident bir daha bəyan etdi ki, Ermənistanın bir yolu var, Madrid prinsiplərini qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanımalı və işğal olunmuş ərazilərimizdən çıxmalıdır. Başqa halda Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək.
Ramiz Mikayıloğlu
Story Code: 31084