AZƏRBAYCANDA ÜNVANLI SOSİAL YARDIM
Birlik , 10 Jul 2010 14:33
Cavid İmamoğlu: "Çox təəssüflər olsun ki, hazırda sosial yardımın verilməsində müəyyən problemlər yaşanmaqdadır"
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il ölkədə 45 min 74 ailəyə ünvanlı sosial yardım təyin edib. Nazirliyin yoxsulluq problemləri və sosial yardım şöbəsinin müdiri Natıq Qasımov bildirib ki, hazırda Azərbaycanda 132 min 945 ailə ünvanlı sosial yardım alır. Onların 41 min 206-na yardım ilk dəfə, 91 min 739-na təkrar təyin edilib. Bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği 24,91 manat, bir ailəyə düşən orta aylıq yardımın məbləği isə 112,98 manat təşkil edir. N. Qasımov deyib ki, yardım alan 54 min 854 ailədə 3 və daha çox uşaq var. Yardım alanların 202-si qəyyumluq (himayəçi) təyin edilmiş, 34-ü şəhid, 463-ü müharibə əlili, 105-i digər səbəbdən əlil olan, 9 min 66-sı məcburi köçkün, 242-si cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərin ailələridir. Ümumilikdə yardım alanların 108 min 277 nəfəri dövlətdən ilk dəfə yardım alır. N. Qasımovun sözlərinə görə, 2009-cu ildə ünvanlı sosial yardım təyin olunmuş 144 min 844 ailədən 87 min 871-i hələ də yardım almaqda davam edir. Yardım alan ailələrdən 94,9%-i vəsaiti plastik kartla alır. Birlik.az-a məsələ ilə bağlı öz münasibətini bildirən sosial iş üzrə mütəxəssis Cavid İmamoğlu ilk növbədə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının qanunun 3 əsas prinsipinə əməl olunmasının vacibliyini vurğuladı: “Bu prinsiplər özündə ünvanlılıq, ədalətlilik və bərabərliyi ehtiva edir ki, bu da sistemdə şəffaflığı təmin etməkdən ötrüdür. Əgər bu prinsiplərdən biri pozularsa, o halda sosial yardım öz əhəmiyyətini itirir. Nəzərə alsaq ki, bu sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul formasında olan yardımıdır, o halda məsələnin nə qədər ciddi olması ortaya çıxır. Çox təəssüflər olsun ki, hazırda sosial yardımın verilməsində müəyyən problemlər yaşanmaqdadır. Yaşamaq üçün vacib ehtiyac meyarı belə olmayan bir ailəyə sosial yardımı prinsiplərə uyğun şəkildə verməyəndə, o halda 1 il ərzində həmən ailənin həyatında, ailə inkişafında heç bir irəliləyiş baş vermir. Halbuki, bu yardımın son məqsədi ailənin çətin durumdan çıxarılmasıdır”. C.İmamoğlu həmçinin dünya praktikasında ailəyə istiqamətli işin müxtəlif forma və modellərinə toxundu. “Sosial yardımın bu forması, yəni ailəyə pulu bu formada vermək və onun idarə olunmasına heç bir nəzarət etməmək, dünya praktikasında heç də özünü doğruldan üsul deyil. Yardımdan aslılıq və ailənin iqtisadi cəhətdən stabil gəlir mənbəyinin yaranmaması son nəticədə bir neçə ildən sonra ailənin çətin duruma düşməsinə səbəb olur. Amerika, Avropa və dünyanın digər inkişaf etmiş ölkələrində ailələr ilə işdə digər yardım növlərindən istifadə edilir ki, bu da ailənin hərtərəfli inkişafına istiqamətlənmiş proqramlardır. Onları dəyərləndirmək və ölkəmizdə tətbiqi barədə düşünmək lazımdır ki, ailələr ilə işdə sosial işin texnologiyasına uyğun iş təşkil olunsun. Əks halda, dövlət büdcəsi hesabına ayrılan bu pullar son nəticədə öz hədəfinə çatmaya bilər”. \Birlik\
Story Code: 30623