MMDİB-NIN SƏDRI ILƏ MÜSAHIBƏ
İslam-Azeri.az , 25 Nov 2009 21:26
Bir müddət öncə “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinə yeni sədr seçilib. Hazırda bu vəzifədə Mehdi Məmmədov çalışır.
- Hacı, necə oldu ki, təşkilatın sədri seçildiniz?
- Məlum olduğu kimi MMDİB-nin əvvəlki sədri Hacı Abgül Süleymanov olmuşdur. MMDİB-nin ölkədə həm dindar, həm də qeyri-dindar çevrələrdə tanınmasında onun böyük rolu olmuşdur. Hacı Abgül ali dini təhsil alması ilə əlaqədar təşkilat sədrliyindən istefa vermişdi. Yeni sədrin seçilməsi üçün təşkilat üzvüləri arasında iclas keçirildi. Nəticədə mən “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri seçildim.
- Təşkilatın Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınması ilə bağlı nə deyə bilərsiniz?
- Birliyin hüquqşünası tərəfindən təşkilata aid bütün sənədlər toplanıb Ədiliyyə nazirliyinə təqdim olunub. Sənədlərin qəbulu ilə bağlı nazirlik ilə bizim aramızda problemlər yaransa da, sonradan bu məsələ həllini tapdı. Hazırda sənədlərə nazirlikdə baxılır. Ümüdvarıq ki, qisa bir vaxt ərzində sənədlər qeydiyyatdan keçəcək.
- Təşkilat ictimai birlik kimi hansı işləri görür?
- Təşkilatımızın adından göründüyü kimi, istər milli, istərsə də mənəvi dəyərlərin qorunması istiqamətində müəyyən işlər görməkdəyik. İctimai birliyimiz mədəni maarif, mətbuat, iqtisadiyyat və digər sahələrdə fəaliyyət həyata keçirir. Əlbəttə ki, təşkilatımızın fəaliyyəti qeyd olunanlarla məhdudlaşmır, gələcəkdə bir sıra layihələrin həyata keçirilməsi istiqamətində işlər görülür.
- Ölkədəki islamafobiya ilə bağlı təşkilatın mövqeyi necədir?
- Çox acınacaqlıdır ki, dünyada müsəlman ölkəsi kimi tanınan bir məmləkətdə Allah dininə qarşı mənfur hiylələr həyata keçirilir. Bu heç də ürək açan deyil. Məscidlərin sökülməsi, azanla bağlı qadağalar, neçə illərdir ki, öz həllini tapmayan hicab problemi dünya ölkələri arasnda ölkənin nüfuzunu aşağı salır. Çox təəssüf edicidir ki, bu gün Azərbaycanda qarşılaşdığımız biyabırçı, millətimizə arlıq gətirən belə neqativ hallara dünyanın hətta qeyri-müsəlman ölkələrində rast gəlinmir. Millətindən, dini inancından asılı olmayaraq, hər bir vətəndaşın, hər bir məmurun ölkəsinin dini ayinlərinə hörmətlə yanaşması zəruridir. Ona görə MMDİB ölkədə dini ayinlərə, dini simvollara qarşı baş verən bu anti-islam təbliğatları pisləyir və bu problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmir.
Onu da qeyd etmək istərdim ki, özünə, ölkəsinə, millətinə hörmət qoyan insan bu biyabırçılıqların qarşısını almalı və bir daha təkrar olunmaması üçün əlindən gələni etməlidir.
- Ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması barədə nə deyə bilərsiniz?
- Məsələ ilə bağlı onu deyə bilərəm ki, Azərbaycanın informasiya vasitələrinə diqqət yetirdikdə, bu istiqamətdə olan zəiflikləri görmək olur. Televiziya proqramlarında işğal olunmuş torpaqlardan, əsir düşmüş ana-bacılardan, şəhid olmuş oğullarımızdan danışmaq əvəzinə, xalqın mənəviyyatını, vətənpərvərlik hislərini öldürən verilişlər yayımlanır. Əksinə, bu gün xalqımıza, məxsusən cavanlarımıza mənəvi və əxlaqi dəyərlər, vətənpərvərlik hissləri, erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızın bizə məxsus olması aşılanmalıdır. Təşkilatımızın əsas məqsədlərindən biri elə dediyimiz dəyərlərin qorunması, işğal olunmuş torpaqların Azərbaycanın tərkib hissəsi olmasını dünya ictimaiyyətinə çatdırılmasıdır.
Müsahibəyə görə təşəkkür edirik.
Story Code: 15811