QR CodeQR Code

“Prezident “Qurani-Kərim”ə and içir. əla. amma eyni zamanda məscidlər sökülür, Din alimlərinə divan tuturlar”

media forum , 18 Feb 2012 10:20

İslamtimes - “Media forum” saytının oxucularının suallarını Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov cavablandırır.


Elçin Manafov 1971-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İranda, Qum Dini Elmlər Akademiyasında ruhani təhsili alıb.

Elşən Mustafaoğlu, Bakı, AMEA-nın elmi işçisi: Azərbaycan İslam Partiyasının ötən parlament və prezident seçkilərində aktiv iştirakının şahidi olmadıq. 2013-cü ilin prezident seçkisində islamçılar öz namizədi ilə iştirak edəcəklərmi? Yaxud bir siyasi qüvvə olaraq hansısa namizədə aktiv dəstək verəcəklərmi?

Başqa bir sual. Qərbyönümlü siyasi qüvvələrə dövlətdən təzyiqlər olduqda (həbslər, təqiblər və s.) Qərb dövlətləri açıq şəkildə həmin siyasi qüvvələrə dəstək nümayiş etdirirlər – bəyanatla çıxış edirlər, danışıqlar üçün Bakıya nümayəndə heyəti yollayırlar. Bəs niyə, sizcə, islamçılar həbsə alındıqda, yaxud ciddi problemlərlə üzləşdikdə islam dövlətləri hətta bir bəyanat da yaymır, islamçıları müdafiə etmirlər?

Cavab: Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkisində 17 namizədlə iştirak edib. Parlament və prezident seçkilərində partiyanın adından namizədlərin olmaması rəsmi dövlət qeydiyyatı ilə bağlı məsələdir. AİP hazırda bu problemi aradan qaldırmağa, bütün seçkilərdə partiya adından namizədlər irəli sürməyə səy göstərir. Hansısa namizədi dəstəkləməyə gəldikdə isə onu deyə bilərik ki, bu təcrübə partiyada olub və təkrarlana bilər.

İkinci sualınıza gəlincə, məlum məsələdir ki, bu, Qərbyönümlü siyasi qüvvələrin hakimiyyətə təzyiq mexanizmi kimi deyil, Qərb dövlətlərini təmin edən gələcək perspektiv plan-proqramları ilə bağlıdır. Onlar İrana qonşu ölkənin islammeylli qüvvələrin perspektivindən əndişələnir, islamçıları ölkələrinin geosiyasi maraqlarına təhlükə kimi görürlər.

Digər prizmadan yanaşdıqda istər islamçıların, istərsə də başqa siyasi qüvvələrin sıralarından günahsız insanların həbs olunması, aydın məsələdir ki, azad fikir, sərbəst toplaşma azadlığına, demokratik hüquqlara təhdid və təcavüzlərdir. Deməli, Qərbin dəstəyi, müdafiəsi üçün meyar – sadaladığımız amillər yox, siyasi maraqlardır ki, ümumən mental və dini dəyərlərimizə qarşı münasibətdən qaynaqlanır.

Müəllim, Bakı: Siz İranı Azərbaycana düşmən dövlət sayanlarla razılaşırsınızmı?

Cavab: Təkcə biz deyil, Azərbaycan əhalisinin əksər hissəsi İranı ölkəmizə düşmən dövlət saymır. Gələcək göstərəcək Azərbaycana əsl düşmən dövlətlər hansılardır. Təəssüf ki, bunu hələ dərk etmək istəmirik.

İbrahim Məmmədov, Bakı şəhəri, tələbə: Hər bir partiyanın ümumi hədəflərindən biri də hakimiyyətə gəlməkdir. İslam Partiyasının hədəflərində bu istək varmı?

Hacı Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-dəki məlum çıxışı ilə partiyanın bütün üzvləri həmfikirdirmi və ya cəmiyyətin və dindarların neçə faizi bu çıxışla razıdır?

Nəhayət, son sual. Belə söz-sohbət gəzir ki, İslam Partiyasının siyasi xəttini Qafqazda istənilən an vəziyyəti dəyişə biləcək gücdə olan ruhani, əslən azərbaycanlı olan, İranda yaşayan Böyuk İsgəndər adlı şəxs təyin edir. Bu nə dərəcədə düzdür? Əgər tanıyırsınızsa, Böyuk İsgəndər kimdir?

Cavab: İlk suala elə özünüz cavab verdiniz. Hər bir siyasi partiyanın hədəfi əslində cəmiyyətin ədalətlə idarə olunması, dövlətin inkişaf etdirib möhkəmləndirilməsidir ki, hakimiyyətə gəlmək bununçün ən optimal vasitədir. İslam Partiyasının nizamnamə və məramnaməsində də bu hədəf açıq ehtiva olunub.

Hacı Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-dəki məlum çıxışının əsas mahiyyəti olan xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması, insanların dini-etiqad azadlıqlarının təmin olunması, ölkənin ərazi bütövlüyünün bərpası, ictimai həyatda, hakimiyyət eşelonunda neqativ halların aradan qaldırılması tələbləri ilə tam razıyıq. Bizcə, bütün insanlar sadaladığım və həmin çıxışda səslənən prinsiplərlə razıdır.

Sonuncu suala gəlincə, belə bir gücə malik olan insan tanımıram. Olsaydı, Qafqazda vəziyyət dəyişmiş olardı. İsgəndərin isə əslən azərbaycanlı olduğunu, İranda yaşadığını bilirik. Amma onu İslam Partiyasının siyasi xəttini yönləndirən sima və qüvvə kimi tanımıram, çünki partiyanın siyasi xəttini və nizamnaməsini Azərbaycan qanunlarına və konstitusiyasına uyğun tərtib edirik.

Ülkər, tələbə: İslam Partiyasının ölkədəki aparıcı demokratik qüvvələrlə əməkdaşlıq etməsi üçün təmas nöqtəsi nədir? “Bütün qüvvələri bir araya cəmləmək üçün vahid ideya, bir lider olmalıdır” yanaşması bu münasibətlərin yaranmasında baryerdirmi (partiyalar arasında kompleks yaradacaq səbəb)? Yoxsa səbəb ideolojidir?

Cavab: Bütün siyasi qüvvələrlə əməkdaşlıq etmək üçün əqidəsindən və siyasi baxışından aslı olmayaraq cəmiyyətin inkişafını düzgün istiqamətləndirən, azadlıqlarını təmin edən bəşəri dəyərlər, o cümlədən demokratik təsisat və prinsiplər, fundamental mənəvi dəyərlər baçlıca təmas nöqtəsi ola bilər ki, bunların da əsasında milli maraqlar, ümumxalq maraqları dayanır. Milli sərvətlərə sahiblik, ərazi bütövlüyünün təmin olunması və bu kimi başqa məqamlar tərəfsiz yanaşmanı vacib edir. Bütün qüvvələri bir araya cəmləmək, bir lider ətrafında birləşmək yalnız ilahi istəklə mümkündür. Bu hal başqa cür yalnız nisbi ola bilər. İdeologiya isə cəmiyyət kimi daimi olmadığına və keçici, dəyişkən olduğuna görə baryer ola bilməz.

Dəmir Əhmədzadə: Partiyanızın qeyri-şiə bölgələrində (Qazax, Ağstafa, Şamaxı və s.) şöbələri, tərəfdarları varmı? Yoxsa yalnız Bakı və cənub regionu ilə kifayətlənirsiz?

Sekulyarizmə münasibətiniz nəcədir?

Partiyanızın adında islam sözünün olmasını vacib sayırsızmı?

Cavab: Hazırda Azərbaycan İslam Partiyasının, demək olar ki, bütün bölgələrdə dayaq və tərəfdarları var. Partiyanın məsulları arasında müxtəlif təriqətə mənsub insanlar fəaliyyət göstərir. Partiyanın ən fəal komitələrindən biri məhz Ağstafa təşkilatıdır. Qazax, Şamaxı, İsmayıllı rayonlarında da təşkilatın özəkləri fəaliyyət göstərir.

Sekulyarizmin banisi Makiavellinin nəzəriyyəsinə görə, insanın dəyəri onun insanlığı, xeyirxahlığı, mənəviyyatı və əxlaqı, bir sözlə, imanı deyilsə, ən ağıllı, elmli insan da hələ yaxşı insan demək deyil. Məhz sekulyarizmin dindarlığın cəmiyyət həyatındakı rolunun inkarı, Allahın razılığı ilə hesablaşmamaq, dinin dil, millətçilik və irqçiliklə əvəzlənməsi xüsusiyyətlərini diqqətlə nəzərə alsaq, həyatımızda baş verən fəsadların mənbəyini aydın görə bilərik. Sekulyaristlik müasir dünyanın ən böyük bəlası kimi cəmiyyətdə dinsizləşmənin, təhsildə din qadağasının, dini dəyərlərin gerilik əlamətitək qiymətləndirilməsinin mənbəyidir. Bəzi dairələrdə bunu müşahidə etməmək mümkünsüzdür.

Sonuncu sualınızın cavabı olaraq deyim ki, partiyanın adında “İslam” sözünün işlənməsi bəlkə də sovet dönəmindən dərhal sonra yaranmış qurum üçün zəruri hal idi, ən azı ilkin baxışda fərqlənmək üçün. Hazırda isə bütün termin partiyanın dini partiya kimi qələmə verilməsinə səbəb olur ki, bu da partiyanın dövlət qeydiyyatına alınmasına ya bəhanə, ya da əsassız səbəb olaraq maneə törədir. Əslində bu, bizim üçün bir o qədər vacib deyil.

Anonim: Ölkədə bir çox namaz qılan var, ancaq həqiqi möminlər o qədər də çox deyil. AİP özünü kütləyə tanıtdırmaq, saytlarla əməkdaşlıq etmək üçün hansı addımları atır? Bu gün bir neçə sayt istisna olmaqla çoxu AİP haqda ya təhrifedici xəbərlər yayır, ya da ümumiyyətlə heç bir xəbər yaymır.

AİP bu il də mitinqlər keçirməyi nəzərdə tuturmu? Nəzərdə tutursa, nə vaxta qədər Bakı meriyası ilə razılaşmağa güvənəcək? Axı hamıya məlumdur ki, meriya şəhərdə mitinqə razılıq verməyəcək, məhkəmə də onun dalında dayanacaq. Nəyə görə mitinqləri Nardaranda keçirmirsiniz?

Son sual, amacları partiyanızla tam ayrı olsa da, ümumi müxalif mövqe naminə İctimai Palata ilə əlaqələrinizin inkişafı nə dərəcədə realdır?

Cavab: Biz Azərbaycan İslam Partiyası olaraq ölkədə namaz qılanların, həqiqi, yaxud qeyri-həqiqi möminlərin sayının statistikasını aparmırıq. Bu əməllər, onun icrası Allahın razılığını qazanmaq üçündür. Siyasi qurum olaraq baş verən hadisələrə, həyata keçirilən daxili və xarici siyasətə fərqli mövqe sərgiləyir, kütləvi informasiya vasitələri üçün münasibət açıqlayırıq. Bu açıqlamalar özək təşkilatlar vasitəsi ilə təbliğ olunur. Başqa addımlar atır, görüşlər, müzakirələr keçirir, heç bir sualı cavabsız qoymuruq. Saytlara gəldikdə, AİP-in fəaliyyətini, məsələlərə münasibətini, kifayət qədər işıqlandıranlar da var, biganə qalanlar da. İnformasiya vasitəsinin işi maraqlanmaq, əks etdirməkdir, obyektivlik onun siması, biganəlik isə problemidir.

AİP mitinq üçün Bakı meriyasına razılaşma müraciətini qanunlarımıza hörmət olaraq ünvanlayır və bunun uğrunda mübarizəsini davam etdirir. Bu addım əslində vəzifə səlahiyyətlərini və konstitusion borcunu yerinə yetirməyən bir orqanın, bütövlükdə isə mövcud hakimiyyətin iç üzünü açır. İkinci tərəfdən AİP öz konstitusion hüquqlarını da yerinə yetirməyə səy edir. Belə ki, partiya 2011-ci il avqust ayının 26-da beynəlxalq Qüds günü münasibətilə etiraz piketi keçirib. Oktyabr ayının 7-də qanunsuz həbslərə atiraz olaraq Ədliyyə Nazirliyi qarşısında geniş aksiyaya cəhd olunub və bu tədbirdə yüzlərlə polis və mülki geyimli hüquq işçiləri maneçilik törədərək xeyli sayda vətəndaşı saxlayıb. Bu ilin yanvar ayının 26-da Fransa səfirliyi qarşısında çoxsaylı insanların iştirakı ilə piket keçirilib. Digərlərindən fərqli olaraq AİP mitinqi fon yaratmaq üçün keçirmir ki, gedib Nardaranda keçirsin.

Son sualınıza gəlincə, AİP narazı qüvvələrin birliyi deyil, bu məqsədlə siyasət yürütmür. Çünki belə baza ilə son hədəfə çatmaq çətindir. Məsələ əsas aparıcı və cəmiyyəti qaldıra biləcək əqidə, həm də cəmiyyəti, onun gələcəyini düşünən sağlam əqidə birliyindən gedir. İctimai Palata və ya digər siayasi qurumlarla əlaqə, hətta birlik yaratmaq da olar. Amma bu, əsl çıxış yolu deyil.

Şəlalə Yaqubova, müəllimə: Azərbaycan hakimiyyətinin dinlə bağlı siyasətində sizi qane etməyən əsas məqamlar hansılardır?

Sizcə, ölkədə dini hüquqların qorunması hansı səviyyədədir – orta, pis, yoxsa lap pis?

Hicab probleminin həlli üçün nə təklif edirsiz? Ümumiyyətlə, hüquqi dövlət çərçivəsində şəriət qanunları mövcud ola bilərmi, sizcə?

Cavab: Azərbaycanda məscid tikilir, təmir olunur, bunun üçün dövlət, hakimiyyət kifayət qədər vəsait də ayırır. Prezident “Qurani-Kərim”ə and içir. Əla. Amma eyni zamanda məscidlər sökülür, dağıdılır, sadə din alimlərinə divan tutulur, onların fəaliyyətinə ciddi maneələr yaradılır, mürtəce qanunlar qəbul olunur, islamda paklıq, təmizlik, iffət, zinyət simvolu olan hicaba qadağalar qoyulur. Bunlar heç zaman insanları qane edə bilməz, o ki qaldı ibadət edənləri.

Din cəmiyyətlərin, bütövlükdə bəşəriyyətin Allah istəyən yolu, xətti, düzgün saydığı fəaliyyət və yaşayış normasıdır, pisdən uzaqlaşmaq, yaxşıya meyl etmək vərdişi aşılayır. Müsəlman qövmündə, məncə, dünyəvi qanunlarda da Allahın qoyduğu bu nizam pozulmamalıdır. Bu, əlbəttə, baş vermir. Amma dini elm və biliklərə yiyələnənlər, Allaha, onun göndərdiklərinə pənah aparanlar yaradan qarşısında mənəvi borclarını yerinə yetirmək istəyirlər. Bu onların hüququ, daxili tələbatı olsa da, ölkəmizdə onların bu azadlıqları əllərindən alınır. Bu isə pisdir.

Hüquqi dövlətdə bütün hərəkətlər qanunlarla tənzimlənməlidir. Burada hər kəsin azadlığı elə təmin olunmalıdır ki, digərlərinin hüququ pozulmasın. Nə kiməsə zorla hicab bağlatdırmaq, nə də kiminsə hicabını soyundurmaq olar. Lenin əsərlərində nə islamdan, nə də “Quran”dan söhbət açmışdı. Amma tərtib etdiyi nizamlarda islam əsaslarından bəhrələndiyi açıqca hiss olunurdu. Bəs nə üçün müstəqil saydığımız dövlətdə, əhalisinin 97 faizinin müsəlman olduğu cəmiyyətdə qanunlarımıza heç olmasa nisbətən bəşəri əhəmiyyət, düzgün inkişaf, saf mənəviyyat bəxş edə biləcək islam keyfiyyəti qatmaq olmaz? Məncə, bu, islam dövləti demək deyil.

Lətafət Hüseynova: Azərbaycan hakimiyyətinin dinlə bağlı siyasətində sizi qane etməyən nədir?

İranın və Azərbaycanın dövlət maraqları, sizcə, nə dərəcədə üst-üstə düşür? Ermənistanın və Rusiyanın yaxın müttəfiqi olan İranın xarici və həm də daxili siyasətindəki əbədi anti-Azərbaycan xəttini nə ilə izah edərdiz?

Cavab: Azərbaycanda bəzi davranış kodeksləri və qanunlar sovet diktaturasının allahsızlıq rejimində olduğundan nəinki fərqlənmir, əksinə, daha da irəli gedərək hətta Avropanı da geridə qoyub. Və sözsüz ki, dini-mənəvi normaların əksinə gedən təbliğatlar, bunların əsassız, ziyanlı şəkildə qəbul olunan mürtəce qanunlarla tənzimlənməsi bir sıra beynəlxalq təsisatlarda hazırlanması və ya onlar qarşısında qəbul olunan öhdəliklər ilə bağlıdır. Dinimizin təbliğatı və inkişafında böyük rolu olan, xüsusən də dünyanın tanınmış dini mərkəzlərində yüksək ali dini təhsil almış ruhani tələbələrin ölkəmizdə fəaliyyətinə qoyulan qadağalar cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Adətən böyük və güclü dövlətlər özlərindən zəiflərlə zor diliylə danışır. Bu isə xüsusən istismarçı siniflərin rəhbərlik etdiyi dövlətlər üçün xarakterikdir. İslam siyasəti və inkişaf xəttində olan cəmiyyətlər üçün isə belə münasibətlər yaddır. Geosiyasi maraqlar baxımından da İran İslam Respublikası dünyanın ona qarşı əks qütbləri ilə mübarizədə, həmçinin regional təhlükəsizlik baxımından qonşu dövlət sayılan Azərbaycanın zəif olmasını istəməz. Çünki Azərbaycanın zəifliyi onu xarici qüvvələrin təzyiqinə məruz qoya və İrana qarşı düşmən qütblərin platsdarmına çevirə bilər. Deməli, güclü regional dövlət təhlükəsiz region deməkdir. Əslində İran-Rusiya münasibətlərini də məhz bu prinsip tənzimləyir. Doğrudur, İraq-Rusiya müttəfiqliyi özünü doğrultmadı. Əslində İran bu baxımdan fərqli geosiyasi məkandadır və isti münasibət hər iki dövlətin maraqlarına cavab verir. Məsələn, Gürcüstan regionun itirilmiş parçası kimidir, Azərbaycanın və Amerikanın ianəsini alır. Ermənistanı isə İran özündən başqa qütbə tam təslim etmək istəməməsi baxımından onunla əlaqəni dayandırmır. Bu, məncə, Azərbaycana xarici təzyiqlərin Ermənistan vasitəsilə artmasının qarşısını alır. Nəhayət, İranın əbədi anti-Azərbaycan siyasəti aparması fikrini nə İran rəsmi dairələri, nə də Azərbaycan hakimiyyətinin rəsmiləri təsdiq edirlər. Sadəcə, bu münasibətlərə soyuqluq gətirməyə çalışan qüvvələr hər iki tərəfdə kifayət qədərdir.

Toğrul: Allahşükür Paşazadəni Azərbaycanın dini lideri sayırsınızmı? Yoxsa sizin fikrinizcə, Azərbaycanın dini lideri başqa şəxsdir və ya yoxdur?

Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti sizi qane edirmi? Bu idarənin işində hansı qüsurları qeyd edə bilərsiniz?

Cavab: Dini lider termini islamda yoxdur. Bu statusu dinimizdə, həm də sərhəd bilməyən islam dinində rəhbər-müəzzəm, dünya müsəlmanlarının vəliyi-fəqihi daşıyır. Əslində Hacı Allahşükür Paşazadə də özünü bu baxımdan açıqca müqəllid hesab edir. O, sadəcə, Azərbaycanda dövlət başçısının təyinatı ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəridir, dinin yox.

Qafqaz Müsəlmanları İdarəsi dövlət nəzarətində, hakimiyyət tabeçiliyində olan bir qurumdur. Dinimizlə bağlı neqativ halları yaradan əsas səbəblər də məhz dövlətimizin islam siyasəti və hakimiyyət eşelonundakıların törətdiyi süni problemlərdir ki, ruhani idarəsi bu problemlərin aradan qaldırılmasında acizdir və səlahiyyəti belə çatmır. Adicə qanunların və konstitusiyanın qadağan etmədiyi bəzi halların süni qadağalarla yaradılması insanların hüququnu açıqca pozur. Belə hallardan biri də şəxsiyyət vəsiqələrində qadınların başıörtülü şəkil şəkdirə bilməməsidir ki, bunu heç xristisn ölkələri etmir.

Hüseyn Ağalarov, Sumqayıt: Azərbaycanda din xadimlərinə seçkilərdə iştirak etmək səlahiyyəti verilməsini istəyirsinizmi? İslam Partiyasının tələbləri arasında belə bir tələb varmı?

Cavab: Maraqlı sualdır. Azərbaycan Konstitusiyasında göstərilir ki, din dövlətdən ayrıdır. Eyni zamanda Azərbaycan demokratik inkişaf yolunu qəbul etmiş ölkədir. Bəlli məsələdir ki, ölkəmiz şəriət qanunları ilə idarə olunmadığına görə dövləti din xadimləri idarə etmir. Amma təzad ondadır ki, ölkədə dinə nəinki dövlət nəzarəti həyata keçirilir, eyni zamanda dinin və dindarların bütün fəaliyyətində dövlət öz siyasətini həyata keçirir, dini ayin və ənənələrinə ciddi müdaxilə etməklə hətta korrektələr aparır.

O ki qaldı din xadimlərinin seçkilərdə iştirakına, ölkədə onların seçilmək hüququ açıqca pozulur. Hər hansı din xadimi hər hansı hakimiyyət eşelonuna seçildikdən sonra sadəcə Qafqaz Müsəlmanları İdarəsinin ştat cədvəlindən xaric edilə bilər. Amma məncə, heç buna da gərək yoxdur. Çünki idarəetmədə, icra və qanunvericilik hakimiyyətində din xadiminin də fəaliyyəti dövlətçilik prinsipləri əsasında həyata keçirilir. Hüquqi dövlətin idarə olunmasında əsas istinad nöqtəsi qəbul olunmuş prinsiplər sayılır. Amma hazırkı qanunlarımızın qəbul olunmasında “Amandır, islam gəldi” xofu ilə yanaşmalar kifayət qədərdir, o cümlədən də seçki qanunlarında.


Story Code: 138624

News Link :
https://www.islamtimes.com/az/interview/138624/prezident-qurani-kərim-ə-and-içir-əla-amma-eyni-zamanda-məscidlər-sökülür-din-alimlərinə-divan-tuturlar

Islam Times
  https://www.islamtimes.com