QR CodeQR Code

"HƏTTA SOVET DÖNƏMINDƏ INANCLILARA KIMINSƏ RƏHBƏRLIYI ALTINDA IBADƏT ETMƏYƏ ƏMR OLUNMURDU..."

Dəyərlər AİN , 18 Aug 2009 21:48

Vesti.az portalının DEVAMM (Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi) sədri, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu ilə müsahibəsi.


- Qafqaz Müsəlmanları İdarəsinin 12-ci Qurultayını necə qiymətləndirirsiniz?

- Son aylar ərzində inanclıların hüquqlarının pozulmasına dair ciddi faktların olduğu bir vəziyyətdə, Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayının keçirilməsi olduqca əlamətdar bir hadisə oldu.

- Qurultay zamanı QMİ sədri Allahşükür Paşazadə bildirdi ki, “qanunsuz tikilmiş” məscidlərin sökülməsində günahkar məmurlar olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə öz növbəsində bildirdi ki, Azərbaycanda bir dənə belə olsun tikintisinə qanunla icazə verilmiş məscid sökülməyib, sökülən yalnız qanunsuz tikililərdir. Belə bir polemikanı necə şərh edərsiniz?

- Gəlin birlikdə “Neft daşları”ndakı məscidin taleyini xatırlayaq. Orada artıq tam hazır olan və inanclıların ibadət etməyə başladıqları, dövlət tərəfindən tikilmiş, açılışında Azərbaycan rəhbərliyinin iştirak etdiyi bir məscid fəaliyyət göstərirdi. Lakin, bütün bunlara baxmayaraq həmin məscid bir günün içərisində dağıdıldı. Bir elə bu fakt sübut edir ki, ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələdə kifayət qədər məlumatı yoxdur, ya da komitə birbaşa cavabdan yayınır. Baxmayaraq ki, elə “Neft daşları”ndakı məscidin taleyi göstərir ki, Azərbaycanda hətta qanunla fəaliyyət göstərən məscidin də sökülməsi problemi var.

- QMİ sədrinin Azərbaycanın bütün məscidlərində cümə namazlarının bərpasına dair bəyanatını necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, artıq bu ilin əvvəlindən “Cümə" məscidinin dini icması cümə namazları qılır. Buna görə də QMİ sədrinin bəyanatında bizim üçün yeni bir şey yox idi. Ancaq ümumilikdə, biz belə bir bəyanatı yalnız müsbət dəyərləndiririk.

- Və sonda. Azərbaycan prezidenti İlham Əliyev iyul ayının 21-də “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncama görə, artıq bundan sonra ibadətlərin icra edilməsi üçün din xadimlərini icra qurumları ilə razılaşdırılmış şəkildə QMİ təyin edəcək. Bunu necə şərh edərsiniz?

- Mənim mətbuatda gedən informasiyaların həqiqətə uyğunluğu ilə bağlı kifayət qədər böyük şübhəm var. Misal üçün, Milli Məclisdə bu qanun haqqında müzakirələr gedərkən söhbət həm də bundan gedirdi ki, ibadət yerlərinə rəhbərlər QMİ tərəfindən müvafiq icra orqanları ilə razılaşdırılmış şəkildə təyin ediləcək. Lakin, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi haqqında sərəncamda söhbət yalnız QMİ tərəfindən ibadət yerlərinə din xadimini təyin edərkən müvafiq icra qurumlarını məlumatlandırmaqdan gedirdi. Düzdür, indi yenidən KİV-lərdə məlumatlandırmaq deyil, razılaşdırmaqdan söhbət gedir. Təkrar edirəm, mən ümid edirəm ki, burada nəsə qarışıqlıq var. Lakin, əgər doğrudan da söhbət QMİ tərəfindən ibadət məkanlarına din xadimini təyin edərkən müvafiq icra qurumu ilə razılaşdırmadan gedirsə, bu zaman biz birbaşa olaraq dövlətin din məsələlərinə qarışmaması prinsipinin pozulması ilə qarşılaşmış oluruq. Hətta sovet dönəmində belə inanclılara kiminlə və kimin rəhbərliyinin altında ibadət etməyə dair bir məhdudiyyət yox idi.


Story Code: 10036

News Link :
https://www.islamtimes.com/az/interview/10036/hətta-sovet-dönəmində-inanclilara-kiminsə-rəhbərliyi-altinda-ibadət-etməyə-əmr-olunmurdu

Islam Times
  https://www.islamtimes.com