İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır.
İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.)
İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA
Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı.
Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA
İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.
İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA
Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi.
İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ
İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi.
1. “Nakisin” döyüşü (və yaxud Cəməl döyüşü): “Nakisin” ərəb sözü olub, “əhd-peymanlarını pozanlar” mənasını bildirir. Bir qrup imam Əliyə (ə) beyət etdikdən sonra beyətini pozub, o həzrətin (ə) üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. Təlhə və Zübeyr imam Əliyə (ə) beyət etdikdən sonra o həzrətdən Bəsrə və Kufə şəhərlərinə vali (başçı) təyin olunmalarını istədikdə, İmam (ə) onların bu istəyi ilə razılaşmadı. Nəhayət, onların hər ikisi “ümrə” həcci bəhanəsi ilə Məkkəyə yola düşdülər. Məkkədə Bəni-Üməyyə tərəfindən qarət olunmuş “beytül-mal”dan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qısasını almaq bəhanəsi ilə Bəsrəyə üz tutdular. Bəsrəni öz əllərinə keçirtdilər. İmam Əli (ə) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində imam Əli (ə) qalib gəldi və “nakisin” zümrəsi məğlubiyyətə uğradı. Bu döyüş hicrətin 36-cı ilində baş vermişdir.
2. “Qasitin” (haqdan dönmüşlərin) döyüşü (və yaxud Siffeyn döyüşü): Müaviyə hələ imam Əli (ə) xəlifə olmazdan neçə il qabaq Şamda özünün xəlifə olması üçün bir sıra hazırlıqlar görmüşdü. İmam Əli (ə) xilafətə gəlcək, Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi. Müaviyə də İmamın əmrini qəbul etmədi.
Müsəlmanların xəlifəsi imam Əli (ə) “Cəməl” döyüşündən sonra, Cərir ibn Abdullahı Müaviyə ilə müzakirə etmək və ondan beyət almaq üçün Şama göndərdi. Müaviyə bu dəfə də təslim olmadı və hətta Osmanın qisasını almaq bəhanəsi ilə imam Əli (ə) ilə döyüş elan etdi. İmam Əli (ə) məcburiyyət qarşısında qalıb döyüşə hazırlaşdı. Böyük bir odru ilə Kufədən hərəkət edib, Siffeyn çölündə Müaviyənin ordusu ilə üzləşdi və beləcə, iki ordu arasında ağır döyüş baş verdi. Döyüşdən bir neçə gün sonra, imam Əlinin (ə) ordusu qələbəyə bircə addım qalmış, Əmr ibn As məğlubiyyətdən qurtulmaq üçün hiyləyə əl atdı və Qurani-Kərimi nizələrin ucuna taxaraq imam Əlinin (ə) ordusu arasında ixtilaf və təfriqə saldı. Müaviyənin ordusundan beş yüzə yaxın döyüşçü Quranı nizələrə taxıb sıralarını Quranla bəzəyərək, belə fəryad etməyə başladılar: “Ey İraq Əhli! Bizimlə sizin aranızda hakim Allahın kitabıdır. (Hər iki tərəf döyüşdən əl çəkib, Quranın hökmünə təslim olsun!)” İmam Əlinin (ə) ordusu bu səsləri eşidib nizələrə taxılmış quranları gördükdə, çoxları aldanaraq, o həzrətə dedilər: “Müaviyə düz deyir və səni Allahın kitabına dəvət edir. Onun dəvətini qəbul et!”
İmam Əli (ə) buyurdu: “Döyüşə davam edin, müqavimət göstərin ki, qələbə yaxındır. Onların dəvətinə etina etməyin ki, hiylə və məkrdən başqa bir şey deyil!... Mən onlarla məhz Quranın hökmünə qarşı olduqlarına görə döyüşürəm... Mən onları (Müaviyə, Əmr ibn As və başqalrını) sizdən yaxşı tanıyıram.”
Əmr ibn Asın hiylə və məkri öz işini gördü. İmam Əlinin (ə) ordusundan on minə yaxını döyüşdən əl çəkib atəşkəslə razılaşdı və şamlıların istəyinə müsbət cavab verdi. Əşəs və tərəfdarları əllərində silah o həzrətin müqabilində dayanıb dedilər: “Onların dəvətini qəbul et, əks-təqdirdə, Osmanı öldürdüyümüz kimi, səni də öldürərik.”
İmam Əli (ə) öyüd-nəsihət etsə də, onlara azacıq belə təsir göstərmədi və nəhayət, məcburiyyət qarşısında qalıb “həkəmiyyət” məsələsinə razılıq verdi. Qərar oldu ki, müharibəyə son qoyulsun və hər iki tərəfdən bir nümayəndə seçilərək məşvərət əsasında müəyyən bir zaman və məkanda, ümumi məclisdə və hər iki ordunun böyükləri qarşısında mühakimə yürüdərək İslam ümmətinə rəhbər təyin etsinlər.
Müaviyə mühakimə üçün Əmr ibn Ası təyin etdi. İmam Əliyə (ə) atəşkəs və “həkəmiyyət” məsələsini qəbul etdirən, sonradan da “xəvaric” adını daşıyan müxaliflər isə Əbu Musa Əşərini təyin etdilər. İmam Əli (ə) onun bu işə ləyaqət və səlahiyyətli olmadığını bildirib, İbn Abbası, yaxud Maliki Əştəri və yaxud da Əhnəf ibn Qeysi mühakimə üçün təyin etsə də, o həzrətlə razılaşmadılar və Əbu Musa Əşərini seçdilər.
Bir sözlə, danışıqlar zamanı Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə başa salır ki, İslam ümməti iki nəfərin – Əli və Müaviyənin üstündə bir-birilə müxalifətə qalxmışdır. Gəl, sən Əlinin nümayəndəsi kimi Əlini xilafətdən kənarlaşdır, mən də Müaviyənin nümayəndəsi kimi Müaviyəni xilafətdən kənarlaşdırım. Sonra müsəlmanlar yığışıb, özlərinə yeni bir xəlifə təyin etsinlər. Əbu Musa Əşəri, Əmr ibn Asın hiyləsinə aldanıb onunla razılaşır. Hər iki tərəf bu nəzərin elan olunacağını qərar verir.
Mühakimə üçün təyin olunmuş vaxt gəlib çatdıqda, Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə deyir: “Minbərə birinci sən çıx, çünki sən Peyğəmbərin (s) səhabəsisən. Mən səndən qabağa keçə bilmərəm.”
Məclisdə iştirak edən İbn Abbas, Əbu Musa Əşəriyə deyir: “Qoy, öncə Əmr ibn As nəzərini desin, yoxsa, o, səni aldadacaq!”
Əbu Musa Əşəri, İbn Abbasın sözünü qəbul etməyib, minbərə çıxır və camaatın hüzurunda belə deyir: “Biz məşvərət və araşdırmalardan sonra belə qənaətə gəldik ki, həm Əlini (ə), həm də Müaviyəni xilafətdən kənarlaşdırıb, xəlifə seçimini müsəlmanların öhdəsinə qoyaq. Buna əsasən, mən bu üzüyü barmağımdan çıxartdığım kimi, Əlini də xilafətdən kənarlaşdırıram.”
Ondan sonra Əmr ibn As minbərə çıxıb deyir: “O, Əlini xilafətdən kənarlaşdırdı. Mən də onu xilafətdən kənarlaşdırıb, bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni xilafətə təyin edirəm.” Beləliklə, Əmr ibn As, Əbu Musa Əşərini aldadıb, Müaviyəni xəlifə elan edir.
Qasitin döyüşü hicrətin 37-ci ilində baş vermişdir. Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.
“Mariqin” döyüşü (və yaxud Nəhrəvan döyüşü): “Mariqin” (yolunu azmışlar) imam Əlini (ə) Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa (həkəmiyyətə) məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub, imam Əlidən (ə) danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq imam Əli (ə) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı pozsun. Bu dəstə işi belə görüb, imam Əliyə (ə) qarşı ordu toplamağa başladı və hicrətin 38 yaxud 39-cu ilində Nəhrəvan adlı bir yerdə o həzrətlə həmin dəstə arasında döyüş baş verdi. İmam Əlinin (ə) ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Nəhayət, 40-cı hicri ilinin Ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan imam Әlinin (ə) başını zəhərli bir qılıncla yaraladı. Bununla da, o həzrət iki gündən sonra, Ramazan ayının 21-də, 63 yaşında ikən şəhadətə yetdi və Nəcəfi-Əşrəf şəhərində torpağa tapşırıldı. (“Sireyi-pişvayan” (Məsum imamların həyatı), Ustad Mehdi Pişvayi, “İmam Əlinin (ə) həyatı” bölümü; “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, “İmam Əlinin (ə) həyatı” bölümü.)