0
Thursday 27 August 2020 - 15:20
ZİNDANDAN MƏKTUB

Cəsarətli olmağın mahiyyəti

Story Code : 882766
Cəsarətli olmağın mahiyyəti
#MBH İdarə Heyətinin üzvü Nahid Qəhrəmanlı yazır:

Cəsarətli olmağın mahiyyəti.

Cəsarət, bir məsələdə baş verə biləcək riskləri nəzərə ala bilməkdir. Bir insanın hər hansı bir məsələdə təşəbbüs göstərməsi cəsarətin əlamətidir.
Bir prinsip və dəyər baxımından təqdirəlayiq olan cəsarət, vaxtında və yerində istifadə olunması funksiyası baxımından əhəmiyyətlidir.
Ağlı qabaqlayan cəsarət təhlükəlidir. Amma içində səmərəli qaydalar olan bir cəsarət insana uğur qazandırır. Bu dəyər hökmən idarə olunmalı və məntiq ünsürlərinin müşayiəti ilə tarazlanmalıdır. Bir insanın zirək, cəsur və qorxmaz olması bunları bir proqram formasında beyninə yükləməsi ilə həyata keçir.
Casarət zehnimizdəki əsas könül oxşayan dəyərlərdən olmaqla yanaşı, həm də yeni fikir üfüqlərinin açılmasına böyük töhfə verir.
Cəsarətin ziddi qorxaqlıqdır. Qorxaqlıq insanın heç öz mənfəətlərini də qoruya bilməməsi, haqqı olanı müdafiə edə bilməməsi deməkdir. Prinsipial bir insan öz həqiqətlərini və özünü lazım olan yerdə müdafiə edə bilən və lazım gələrsə, onun prinsiplərinə hörmətsizlik edənlərin qarşısında dayanmağı bacaran insandır.
Cəsarət insan üçün effektiv hisslərdən biri olmaqla yanaşı, əsla güc nümayişi deyildir. Qorxusuz və müvafiq bir cürət nümayiş etdirən insan həddi aşmamalı, bu dəyəri balanslı şəkildə yaşamalıdır. Cəsarətin həddindən artıq çox olması insanı boş yerə üzərinə risk götürməyə sürükləyir. Hiperaktiv insanlar bu vəziyyətə nümunədir. Əgər insan iş görəcəyi bir mövzuda riskləri idarə etməyi bacarmasa ziyana düşə bilər. Bundan əlavə, cəsur insanların həyatında digərlərinə nisbətən daha çox eniş və yoxuşlar vardır. Onlar beyinlərində yenilik axtarışında olan geni fəal saxlayan insanlardır.
Cəsarət hissindən balanslı istifadə olunmadığı təqdirdə insana ən azı qorxaqlıq qədər zərər verir. Daxilində şəxsi keyfiyyət kimi təşəbbüskarlıq olan bir insan, bu dəyərin yardımı ilə qarşılaşdığı təhlükələri zərərsizləşdirər, özünün lehinə olan vəziyyət yaradar və həyatını doğru şəkildə idarə edər. Cəsarətin uğur qzandırması və bu uğurun intensiv formada davam etməsi üçün ağlın rəhbərliyinə ehtiyac vardır.
Fitrəti etibarilə sosial varlıq olan insan təkbaşına xoşbəxt ola bilməyəcəyi üçün kimlik və şəxsiyyəti ilə cəmiyyət arasında cəsur olmağı bacarmalıdır. Bu dəyərdən ictimai həyata dəstək vermək üçün istifadə etməsi onu eqoizmə sürükləyən fərdiyyətçilikdən xilas edəcəkdir. İnsanların instinktlərini rahatlamaq üçün nümayiş etdirdikləri cəsur çıxışlar ictimai həyatda əks olunanda, bu, insanlığın inkişafına fayda verən bir təşəkkülə çevrilir. Təşəbbüskar və zirək insanlar bu xüsusiyyətlərinin verdiyi güclə ətraflarında olan insanların beyinlərini fərqli düşüncələrə açmalarını da təmin edə bilərlər. Zehni elastikliyi olan cəsur insanların yanlarındakı şəxslərə ən böyük xeyirləri onların işə başlamasına yardımçı olmalarıdır. Bir insanı hər hansı mövzuda cəsur hərəhət etməyə təşviq edən əsas səbəblərdən biri təşəbbüs göstərdiyi işin qarşılığını ala biləcəyini düşünməsidir. Fəda etdiklərinə qarşılıq olaraq qazancının çox yaxşı olacağını bilən bir insan, öhdəliyində olan bir işi qorxmadan yerinə yetirəcəkdir. Amma dünyəvi düşüncəyə sahib bir insan təşəbbüs göstərdiyi bir işdə arxada qoyduqlarını düşünərsə, heç bir vaxt irəli gedə bilməz və motivasiyası qırılar. Ticarət, hərbi xidmət, siyasət kimi sahələrdə cəsarət daha çox əhəmiyyət qazanır. Bu yerlərdə insanın cəsurca hərəkət etməsi üçün daxili bir motivasiyaya, mənəvuyyata ehtiyacı olduğu aşkarlanır.
İnsanlarda iki cür cəsarət vardır. Bunlardan birincisi ümidin tükəndiyi, pessimizmin başladığı anda nümayiş olunan cəsarətdir. Belə olduğu halda insan rahatlıqla özünü təhlükəyə atar. Misal üçün, “ölsəm, bundan yaxşıdır” dedirdəcək nöqtədə olmaq, insanı intihara sürükləyə bilər. Çünki intihar etmək böyük bir cəsarət nümayişidir. Bununla yanaşı, pessimizm hadisələri mənfi tərəfdən qiymətləndirməyə səbəb olduğu üçün həyatdan zövq almamağa da gətirib çıxara bilər.
Başqa növ cəsarət ümid hissinin yüksəldiyi anlarda meydana çıxa bilər. Belə zamanlarda insan cəsarətinə doğru istiqamət verə bilər. Ümidini itirməyən insan yeni təcrübələr yaşamaq üçün cəhdlər edə bilər. Kiçik dəyişikliklərlə həyatını rəngləndirən insan cəsur addımların qazandıracağı ümidi yaşayır. Ümid hissi insanı sabit fikirli olmaqdan xilas edəcəyi üçün müxtəliflikləri də müzakirə etməyə hazır hala gətirir. Yeknəsəklikdən xoşu gəlməyənlər hadisələri də fərqli baxış bucağı ilə dəyərləndirə bilərlər. Bu insanların dəyişməz fikirləri asanlıqla dəyişdirmə qabiliyyətləri görünməz bir cəsarətin nəticəsidir.

Nahid Qəhrəmanlı.
Müsəlman Birliyi Hərəkatının üzvü
23 avqust, 2020.
7 saylı C.Ç.M.
Comment