Deyerler.Org: Bu gün əziz Şuşamızın müvəqqəti itkisinin 20-illiyidir (artıq 28 - red). 20 ili yaşayanlar üçün bu, kifayət qədər böyük müddətdir. Lakin tarixi anlamda bu, kiçik bir andır, əslində. Bu baxımdan bizlər üçün Şuşasız 20 il - ağır, uzunmüddətli iztirabdırsa, azad Şuşada yaşayacaq gələcək nəsillər üçün tariximizdə müvəqqəti itkinin bir anı kimi xatırlanacaq.
Şuşamızı niyə itirdik? Bu sual hamımızı düşündürür. Əslində, bu sualda Şuşa simvolik olaraq qeyd olunub. Qarabağı niyə itirdik? İrəvanı niyə itirdik? Vətəni niyə itirdik?
Bu itkilərin səbəbi nədir?!
Hərə bir səbəb göstərəcək. Kimisi siyasi amillərlə bağlayacaq, kimisi geopolitik oyunların nəticəsi kimi dəyərləndirəcək, bir başqası başqa amillər arayacaq. Amma bu itkinin gerçək bir səbəbi var. Şuşadan qabaq biz bir başqa şeyləri artıq itirmişdik.
Biz niyə bu gün əziz Şuşanı azad edə bilmirik? Çünki hələ də ondan öncə itirdiyimizi qaytarmamışıq. Hətta deyərdim ki, itirə-itirə də gedirik. Deməli, əslində bu itkilər davam etdikcə, Şuşamızın itkisini daha da artırırq.
Biz Şuşanı, Qarabağı ona görə itirdik ki, özümüzü itirmişik. Bu torpaqları quru coğrafi anlayışdan müqəddəs Vətən anlayışına qədər ucaldan öz vücudi kimliyimizi itirmişik. Biz Şuşadakı, Qarabağdakı, İrəvandakı məscidləri ilk olaraq deyil, ondan öncə onun içindəki gerçək varlığımızı itirmişik. Biz əvvəl bu məkanlarda yaşayan insanımızın varlığını itirmişik.
Bu gün isə biz Bakının, Gəncənin, Qubanın, Masallının (və bütün digər şəhərlərimizin) varlığını itiririk. Çünki bu şəhərləri Vətən edən insanı, varlığımızı itirə-itirə gedirik.
İslam mədəniyyətinin Paytaxtı olarkən canım Badi-Kubənin məscidlərini sökən zaman, azanlarını kəsən zaman, dünyanın fəsadına qucaq açıb,“Balaş sindromu”nun epopeyası olaraq günahi-kəbirələrlə müşayiət olunan “visionlar”ın məkanına çevrilərək, bu itirilmə davam edir.
Beləliklə, biz bu 20 illiyə bu kəbirə günahlar üçün düzənlənən bir törənin hazırlaşması ilə daxil oluruq.
Bu hazırlıq Şuşanın azadlığını yaxınlaşdırırımı? Əsla, yox.
Amma, əziz Şuşa. Bir məsələdə qətiyyətlə əminliyim var. Biz gələcəyik sənin qoynuna. O müqəddəs Vətən torpaqlarımıza. İndiki nəsilmi, növbəti nəsillərmi - bilmirəm. Amma buna əminəm. Biz gələcəyik, ey Qarabağımın Qüdsü.
Mən ucalan azanları eşidirəm. Bu azanlar Şuşadan gəlir, İrəvandan gəlir.
Mən “Allahu Əkbər!” - azadlıq hayqırtılarını eşidirəm.
Mən üçrəngli bayrağmızın ilk öncə qəlbimizdə, ardınca Şuşamızda sancılmasını görürəm...