0
Monday 4 May 2020 - 12:35

Həzrət Xədicənin (s.ə) misilsiz məqamı

Story Code : 860596
Həzrət Xədicənin (s.ə) misilsiz məqamı

Həzrət Xədicə (s.ə) Hicazın məhşur ticarətçilərindən saylırdı. O, ərəblərin ilk xanım taciri olmuşdur. Həzrət Peyğəmbərlə (s) ailə qurmamışdan qabaq da ərəblər arasında tanınmış bir şəxsiyyətə malik idi.
 
Həzrət Xədicə (s.ə) ilk ticarətlə məşğul olan qadın kimi tanınan zaman, Həzrət Muhəmməd (s) insanlar arasında gözəl məşhurluğu var idi. O dövrdə insanlar Həzrət Muhəmmədi (s) əmanətdar, düz danışan, pak bir insan kimi tanıyırdılar. Onu Muhəmməd Əmin adlandırırdılar.
 
Onun sorağı Həzrət Xədicəyə (s.ə) də çatmışdı və onunla Əbu Talibin yanında tanış olur və öz karvanının rəhbərliyini Həzrətə (s) tapşırır. Həzrət Muhəmməd (s) dəfələrlə Həzrət Xədicənin (s.ə) karvanına rəhbərlik etmişdi. Öz məntiqli düşüncəsi və düzgün ticarəti ilə xanıma çoxlu mənfəət qazandırmışdı. Həzrət Muhəmməd (s) əmanətdarlığı, düzlüyü və sədaqəti xanıma o qədər güclü təsir etmişdi ki, təfəkkür tərzini dəyişmişdi.
 
Həzrət Muhəmmədin (s) ruhunun əzəməti onu o qədər təsirləndirir ki, öz müstəqilliyini kənara qoyur və qərara alır ki, həyatının qalan hissəsini Həzrətlə (s) keçirtsin.
 
Bir gün xanım Həzrətə (s) müraciətlə deyir: “Ey Muhəmməd! Mən səni şərəfli, əmanətdar, sadiq, pak bir insan kimi tanımışam. Özünü pak saxlamısan və ən kiçik çirkinlik belə ətəyinə yapışmamışdır. Sən xoş əxlaq, əmin, düz danışan, düz söz danımaqdan heç vaxt qorxmayan bir insansan. İnsanlığını heç bir şeyin qarşısında əldən vermirsən. Bu insanı xüsusiyyətin məni o qədər cəlb etmişdir ki, səninlə ailə qurmağı təklif etmək istəyirəm. Əgər mənim bu təklifimə razısansa, mən hər zaman toy mərasimi təşkil edə bilərəm”.
 
Beləliklə, Həzrət Xədicə (s.ə) ərəblərin adət-ənənələrinin əksinə olaraq ilk xanım idi ki, bir kişiyə evlənmək təklifi etmişdi. Bəs nə baş verdi ki, ərəblərin əşrəflərindən sayılan bu qadın bütün adətlərə qarşı çıxaraq, bu addımı atdı?
 
Bu sualın cavabı ancaq bir nöqtədə gizlənmişdi. Bu da odur ki, belə bir görkəmli şəxsiyyətə və etibara malik olan bir xanım Həzrət Peyğəmbərin (s) mübarək varlığında nur saçan ali insani dəyərləri və fəzilətləri görmüşdü. Bunda təəcüblənməli bir şey yox idi.
 
Bəli, bu xanım Xədicə (s.ə) idi. Bu xanım, Həzrətin (s) bütün insani xüsusiyyətlərinin qarşısında dövrünün adət-ənənələrini üstələyir.
 
Dəfələrlə xanımın qapısına Qureyşin əşrəfləri elçi göndərmişdilər, ancaq xanım razı olmamışdır. İndi özü ailə qurması üçün evlilik təklifi edirdi. Həzrət Xədicə (s.ə) bu yolla elçilik adətlərini də etinasızlığa qoymuşdur. Hətta mehriyyə məsələsində də elə bir iş gördü ki, hamını təəcübləndirdi. Mehriyyə adətən kişi tərəfindən olduğu halda, xanım öz tərəfindən 4 min dinarı mehriyyə kimi Həzrətə (s) hədiyyə verir.
 
Həzrət Xədicə (s.ə) bu alicənab rəftarı ilə tövazökarlığını və şəxsiyyətinin əzəmətini bir daha nümayiş etdirir. Bəli, xanım elə bir həyat yoldaşı istəyirdi ki, zəmanəsinin bütün kişlərindən mənəviyyat və fəzilət cəhətdən ən üstünü olsun. Həzrət Muhəmməddən (s) başqa heç kim bu sadalanan sifətlərə malik deyildi.
 
Həzrət Muhəmməd (s) bu evliliyə razılıq verir və yaxın qohumlarının iştirak etdiyi kiçik bir toy məclisi təşkil edilir. Həzrət Muhəmmədin (s) sevimli əmisi bu iki üstün insanın nikahını bağlayır. Xanımın evi Həzrətin (s) nurani qədəmləri ilə nurlanır və ancaq heç kim bilmirdi ki, bu ev Allahın adının çəkildiyi ilk ev olacaqdır. Vəhyin və Cəbrayilin (ə) nazil olduğu, səma mələklərinin axışdığı bir ev olacaqdır. Belliklə, Həzrət Xədicənin (s.ə) bütün mal-dövləti Həzrət Muhəmmədin (s) ixtiyarına verilir və Həzrət (s) də bu malı peyğəmbərliyə məbus olandan sonra Allah yolunda xərcləyir.
 
Həzrət Xədicə (s.ə) Peyğəmbər (s) üçün fədakar həyat yoldaşı nümunəsi idi. Evliliklərinin ilk günündən son günlərinə qədər Həzrət (s) üçün mehriban və qayğıkeş bir xanım olmuşdu. Həzrətin (s) həyatının acı və müsibətli günlərində munisi və həmdəmi idi. Səbri və dözümlülüyü başqa müsəlman qadınlar üçün örnək olmuşdu. Həzrət Xədicə (s.ə) cəmiyyətdə malik olduğu məqamından heç bir zaman istifadə etmir, əziyyət və səbir yerinə rahatlığı və sərvəti seçə bilərdi. Ancaq xanım şəxsiyyətinin əzəmətini bir daha nümayiş etdirir və həyat yoldaşını bir an belə tək qoymur. İslam dininə ilk iman gətirən də xanım olur.
 
Ətrafdakıların məzəmmətinə baxmayaraq, o, Allahın vacibatlarıını yerinə yetirir və övladına mehriban və qayğıkeş ana olur. İbni İshaq nəql edir: “İslam Peyğəmbəri (s) nə zaman məkruh əməlləri eşidirdi və görürdü, qəmgin olardı. Evinə gələn zaman onları Xədicəyə (s.ə) danışardı və Allah Xədicənin (s.ə) vasitəsilə ona rahatlıq inayət edərdi. Həzrət Xədicə (s.ə) daima onu müqavimətə dəvət edirdi. Öz sevgisi ilə Peyğəmbərin (s) dərdlərinə və əziyyətlərinə təskinlik verirdi. O gün ki, Xədicə (s) dünyasını dəyişdi, onu başa düşən bir həmdəmini, mehriban müşavirini əldən verdi”.
 
Bir gün Cəbrayil (ə) vəhy gətirən zaman dedi: “Ey Peyğəmbər! Tək Allahın salamını Xədicəyə çatdır”. Həzrət Peyğəmbər (s) bu salamı Həzrət Xədicəyə (s.ə) çatdırır və xanım cavabında buyurur: “Allah Özü salamdır, salamın başlanğıcıdır. Eşq olsun Ona və eşq və salam olsun Cəbrayilə!”.
 
İbni Səəd yazır: “Həzrət Adəm (ə) behiştdə olan zaman Həzrət Peyğəmbərin (s) həyatına bir nəzər salır və buyurur: Muhəmmədin (s) məndən üstünlüyünün biri odur ki, həyat yoldaşı Allahın əmrlərini yerinə yetirməkdə ona kömək və həmkarlıq edir. Ancaq mənim həyat yoldaşım mənə İlahi əmrlərə itaətsizlik etmək yolunu göstərmişdir”.
 
Bəli, bu gözəl xanım dövrünün qadınları tərəfindən məzəmmət edilməsinə və təkbaşına qoyulmasına baxmayaraq, öz munisini heç bir halda tək qoymamışdır. Ömrünün sonuna qədər Həzrətin (s) xidmətində durmuş və onun mehriban həmdəmi olmuşdur.
Source : Maide
Tagged
xədicə
Comment