QR CodeQR Code

'Hicablı fotoşəkilli pasportlara icazə verilməsi ilə bağlı böyük gözləntilər var...' – Hacı İlqar İbrahimoğlu

Maide , 19 Dec 2019 18:16

İslamtimes - 1998-ci ildən etibarən, ölkəmizdə hicablı fotoşəkilli sənəd almaqla bağlı problemlər yaşanmağa başlamışdır.


Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin qoşulduğu beynəlxalq müqavilələr birmənalı olaraq hicablı foto ilə pasport almağı təmin edir.
 
O cümlədən:
 
Azərbaycan Konstitusiyasının müvafiq maddələri vicdan azadlığına zəmanət verir:
 
Maddə 48. Vicdan azadlığı
 
I. Hər kəsin vicdan azadlığı vardır.
 
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
 
 
 
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
 
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
 
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
 
V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
 
Bundan əlavə, Azərbaycan hökumətinin qoşulduğu BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində (maddə 18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasında (maddə 9) birmənalı olaraq, dini etiqad azadlığı, o cümlədən hicab azadlığı birmənalı surətdə təsdiqlənir.
 
Azərbaycanın qoşulduğu Mülki və Siyasi huquqlar Üzrə Paktın 18-ci maddəsinə dair BMT-nin İnsan hüquqları Komitəsinin 22 nömrəli Əsas İcmalında dini etiqad, o cümlədən hicab azadlığı barəsində birmənalı olaraq bildirilir:
 
1.(…) Komitə, Paktın iştirakçısı olan ölkələrin diqqətini ona cəlb etmək istəyir ki, düşüncə və vicdan azadlığı, din və əqidə azadlığı ilə eyni dərəcədə mudafiə edilir. Bu azadlıqların əsas xarakteri Paktın 4 (2)-ci maddəsində göstərildiyi kimi, eləcə də onda əks olunur ki, həmin azadlıqlar hətta fövqəladə vəziyyət tətbiq edilməklə də məhdudlaşdırıla bilməz.
 
4.(…) İbadət yerlərinin tikilməsi, ayin formulları, ibadət yerlərindən istifadə, simvolların qəbulu, dini bayram və istirahət günlərinə əməl edilməsi kimi bütün ayinlər, eləcə də birbaşa əqidə - dini ibadət konsepsiyasında əhatə olunur. Bu konsepsiya həmcinin dinə uyğun davranmağı, onu həyata keçirməyi təkcə təntənəli aktlarla yox, eləcə də pəhriz qaydalarına əməl etməyi, əyin və baş örtüklərini geyməyi, həyatın konkret mərhələlərilə bağlı konkret ayinlərdə iştirak etməyi, qruplar tərəfindən ənənəvi olaraq götürülmüş xüsusi dildən istifadə etməyi özundə birləşdirə bilər.
 
Lakin, bununla bağlı tənzimləyici qanunvericilikdə papaqla şəkil çəkdirməyi yasaqlayan norma öz əksini tapmışdır. Təəssüf ki, praktikada bu norma təkcə papağa deyil, hicaba da şamil edilir.
 
Pasport və şəxsiyyət vəsiqəsinin verilməsinə məsul olan məmurlar, həmin normativ sənədlərə istinad edərək, sənəd qəbulu prosesində hicablı fotoları qəbul etməkdən imtina edirlər. Və təbii ki, bu hal, inanclı insanların haqlı narazılığına səbəb olur.
 
1999-cu ildə birinci və ikinci instansiya məhkəmələri pasportda hicablı fotoşəklə malik olmaq hüququnu təsdiq etsə də, Ali Məhkəmə səviyyəsində buna xitam verildi.
 
Beləliklə, 20 ildən artıq bir müddətdir ki, sənədlərdə hicab məhdudiyyəti davam edir.
 
Yeni biometrik sənədlərin verilməsi mövzusu, məsələnin müsbət tərəfə dəyişməsinə böyük ümid yaratdı. Eləcə də, əksər Avropa ölkələrində, habelə Rusiya, Ukrayna, Pribaltikada hicablı fotoşəkilli sənədlərin verilməsinə qanunvericilik səviyyəsində təminat, bu müsbət praktikanın Azərbaycana da sirayət etməsi ilə bağlı gözləntiləri ərsəyə gətirdi.
 
Yəni, biometrik sənədlərə keçid, hicablı fotoşəkilli sənədlərə icazə verilməsi məsələsini çox asanlaşdıraraq, texniki həll müstəvisinə keçirdi. İndi artıq normativ sənədlərə sırf texniki düzəliş etməklə, 20-illik problemin köklü həllini təmin etmək olar.
 
Beləliklə, hicablı fotoşəkilli pasportlara icazə verilməsi ilə bağlı böyük gözləntilər var.
 
Hicab probleminin köklü həllinin zamanıdır.
 
 
Hacı İlqar İbrahimoğlu


Story Code: 833721

News Link :
https://www.islamtimes.com/az/article/833721/hicablı-fotoşəkilli-pasportlara-icazə-verilməsi-ilə-bağlı-böyük-gözləntilər-var-hacı-ilqar-ibrahimoğlu

Islam Times
  https://www.islamtimes.com