Daniel Siror: Bu gün ABŞ-ın siyasi addımları Ayətullah Xameneinin haqlı olduğunu göstərdi
azərtac , 11 Nov 2018 11:13
Islamtimes- ABŞ-ın dövlət katibi Mayk Pompeonun İrana qarşı təhdid dolu sözlərinin arxasında rəsmi Tehrana yeni müzakirələrə başlamaq üçün yalvarmağı dayanır.
Bu sözləri Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri professor Daniel Siror deyib.
Onun sözlərinə görə, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra Tehrana danışıqları yenidən başlamağı təklif etdi. Lakin İran BMT-nin tanıdığı və 6 dövlətin imzaladığı bir razılaşmanın ABŞ tərəfindən pozulmasını beynəlxalq qanunlara zidd hesab edərək rəsmi Vaşinqtonun yeni danışıqlar prosesinə başlamaq təklifini qəbul etmədi.
D.Siror dövlət katibi M.Pompeonun “Foreign Afairs” jurnalında dərc olunan məqaləsini təhlil edərək belə qərara gəlib ki, Ağ Ev sanksiyalar ilə İran iqtisadiyyatına güclü mənfi təsir göstərə bilməyəcək və İranda hakimiyyət dəyişikliyinə nail olmayacaq. O, öz fikirlərini belə əsaslandırır: Əvvəla ABŞ İranın dünya bazarına neft çıxarmasını da tam dayandıra bilməyərək 8 ölkəyə İrandan neft almağa icazə verdi. Avropa ölkələri isə xüsusi ödəniş sistemi yaratmaqla İran ilə ticarət və maliyyə əməkdaşlığını davam etdirəcək. Bu isə onu deməyə əsas verir ki, ABŞ-ın İranı tam təcrid etmək siyasəti baş tutmadı. İranda hakimiyyət dəyişikliyinə gəlinincə isə qeyd etmək lazımdır ki, artıq İranda hamı başa düşüb ki, ABŞ-ın istəyi heç də ölkədə demokratik mühit yaratmaq, insan hüquqlarını qorumaq və sair bu kimi anlayışlardan ibarət deyil. Əgər əvvəllər İranın daxilində rəsmi Tehranın nüvə siyasətini düzgün hesab etməyənlər var idisə, 2015-ci ildə İran ilə “altılıq” arasında razılaşmanın imzalanması və ABŞ-ın bu razılaşmanı pozması onların da fikrinin dəyişməsinə səbəb olub. Bu gün İranda hamı başa düşüb ki, İranın nüvə proqramı ABŞ üçün sadəcə bir bəhanədir. Əgər problem doğrudan da nüvə proqramı idisə ona razılaşmadan sonra ABŞ İrana qarşı mövqeyini dəyişməli idi. İran nüvə proqramını dayandırsa da Amerika sanksiyalarını nəinki dayandırmadı, əksinə, daha da gücləndirdi. Bu fakt İran xalqının hakimiyyət ətrafında daha da sıx birləşməsinə səbəb oldu. Məhz buna görə də ABŞ-ın İranda hakimiyyət dəyişikliyinə nail ola biləcəyi mümkünsüz görünür. Hadisələrin bu istiqamətdə cərəyan etməsini Vaşinqtonda çox yaxşı başa düşürlər. Buna görə də M.Pompeo öz məqaləsində yeni danışıqlar prosesinin başlanmasını zəruri hesab edir.
D.Siror, ümumiyyətlə, Ağ Evin İran və Yaxın Şərq siyasətinin fayda verməyəcəyinin ABŞ ictimaiyyətində və parlamentində başa düşüldüyünü bildirir. Qeyd edir ki, Konqresdə Respublikaçıların və Demokratların birləşərək Prezident Donald Trampa bu siyasi xətti dəyişmək üçün təzyiq edəcəkləri gözlənilir.
Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” arasında danışıqlar başlamamışdan əvvəl Ali Lider Ayətullah Əli Xamenei siyasi elitanın nümayəndələrini xəbərdar etmişdi ki, ABŞ heç bir razılaşmaya sadiq qalmayacaq. Ali Rəhbər danışıqların aparılmasına icazə versə də bunun səmərəli olacağına inanmadığını vurğulamışdı. O bildirmişdi ki, ABŞ-ın məqsədi İranın enerji mənbələrini, geosiyasi mövqeyini ələ keçirməkdən ibarətdir. Nüvə proqramı, insan hüquqları, demokratiya - bunların hamısı bəhanədir. Bu gün ABŞ-ın siyasi addımları Ali Rəhbərin haqlı olduğunu göstərdi. ABŞ-ın danışıqları başlamaq üçün çağırışları da əbəsdir, çünki Ali Rəhbər Amerika ilə hər hansı danışıqlar aparmağı qəti şəkildə qadağan edib./azərtac/
Story Code: 760474