"Hamımız hicablıyıq" fləşmobu və dindarlara verilən sual
Story Code : 752162
Post-sovet ölkələrinin birində hicablı şagirdləri məktəbə buraxmayıblarmış. Növbəti gün bütün şagirdlər hicab bağlayıb məktəbə gəliblər. Düzdür ki, İslam dini Allah rzası üçün hicab bağlamağı və digər işləri yerinə yetirməyi əmr edir. Amma bu bəlkə də bundan sonra şagirdlərin möminə rəngi almasına, dinə hidayət olunmasına səbəb olacaq. Amma nəqd olaraq deyim ki, bu hadisə şagirdlərin vəhdətinin olmasından xəbər verir. Məsələ burasındadır ki, şagirdlər birlik təşkil edib məktəb müdiriyyətinə, birbaşa prezidentə deyiblər ki, ağıllı ol, sabah biz hamımız hicab bağlasaq nə edəcəksiniz, dərsə buraxmayacaqsınız?
Bizdə isə təəssüf ki, hicab problemi hələ də (rəsmi ya qeyri-rəsmi – bu o qədər önəmli deyil, əsas budur ki, məktəblərdə hicab) problem olaraq qalmaqdadır. XXI əsrdə yaşayırıq hələ də bizim məktəblərdə bədbəxtçilik davam edir. Bütün dünya da bu ədalətsizliyə dözməkdədir.
Çünki bizdə vəhdət yoxdur. Nə olardı ki, bizdə də hicablı olmayan şagirdlər hicablı şagirdlərə dəstək verərdi. Özü də insan haqlarından dəm vuran və avropada, Amerikada oturan hüquq təşkilatlarına, məhkəmələrinə şikayət edirsən fayda vermir. Çox təəccüblüdür.
Avropalılar arasında fləşmöb deyilən bir matah var. Amma təəssüf ki, çox zaman gic-gic şeylər üçün düzəldirlər. Yaxşı olardı ki, bizim ölkəmizdə də gic-gic şeylər üçün fləşmöb düzəltmək əvəzinə bir dəfə hicablılara dəstək aksiyası təşkil edərdilər, fləşmöb düzəldərdilər. Məsələn bir də görürsən ki, camaat tarqovıda, bulvarda adam balası kimi gəzir, birdən orda-burda bir dəstə qabaqcadan planlaşdıran insanlar başlayırlar yerdən zibil yığmağa, nə bilim yerdə ilan kimi sürünməyə, özünü ölülüyə vurmağa. Hərə öz ağlınca fləşmöb düzəldib insanlara nəyisə belə vasitələrlə təlqin etməyə çalışırlar. Bir dəfə də hicaba dəstək aksiyası keçirsinlər.
Amma dindar, hicablı olmayan kütlənin "qarnının ağrısı" məlumdur. Onlar deyir ki, nə üçün biz rüşvət, həbslər, bahaçılıq üçün aksiyalar keçirəndə dindarlar bizə qoşulmur, biz də belə vəziyyətlərdə onların aksiyalarına qoşulmur, səslərinə səs vermirik. Bu iddanın həqiqəti varsa bu da bizim növbəti bədbəxtliyimiz. Çünki bir dindar doğrudan da rüşvətə, haqsızlığa, nahaq həbslərə etiraz etmirsə deməli dinini düzgün öyrənməyib.Çünki dinimiz bizə hər cürə haqsızlığa qarşı mümkün qədər mübarizə aparmağı öyrədir. Amma iddanı yüzdəyüz heç kim təsdiq edə bilməz. Çünki dindar zümrəyə aid olan Hacı Talelər, Hacı Abgüllər var ki, onlar məhz haqsızlığa etiraz etdikləri üçün həbs ediliblər. Allah zalımın bəlasını versin. Biz dindarlardan eləsi vardır ki, nəinki həbslərə etiraz edir, üstəlik özləri haqsız yerə həbs edilənlərin sıralarında yer alıblar. Amma nə vaxta qədər ki, biz bir xalq kimi vəhdətsiz şəkildə, pərakəndə halda yaşayacağıq o qədər də sürünməyə davam edəcəyik. Bu vəziyyətdən də ən çox istifadə edən düşməndir. O, bizim xalqın zəif damarını çoxdan tutub. Daim bizi vəhdətdən uzaq tutmağa çalışır. Beləliklə də dindar olmayana dindarı söydürür, dindar olana dindar olmayanı pis göstərməyə çalışır. Biz bu kimi məsələlərdə birlik-bərabərlik nümayiş etdirməsək vəziyyətimiz çox bərbad olacaq.