0
Friday 31 August 2018 - 13:16

İcra Hakimiyyətində saxta sərəncam qalmaqalı: həbslər gözlənilir

Story Code : 747193
İcra Hakimiyyətində saxta sərəncam qalmaqalı: həbslər gözlənilir
İcra Hakimiyyətində saxta sərəncam qalmaqalı: həbslər gözlənilir

Hüquqşünas: "Burada vəzifədən sui-istifadə etmə halı da var, hərtərəfli araşdırılma aparılmalıdır”
Avqustun 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Baş Prokurorluqla birgə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının saxtalaşdırılması ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib:
"Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir",-deyə birgə məlumatda qeyd olunub.
"Yeni Müsavat” hələ avqustun 21-də yazmışdı ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.
Paytaxt ərazisində tikinti məqsədilə hasarlanmış bütün ərazilərdə hər hansı işlərə başlanması qadağan olunub. Bir çox yerlərdə hasarlar sökülüb, hətta tikintiyə başlanmış olan ərazilərdə işlər dayandırılıb. Bildirilir ki, bütün icazə sənədləri təftiş olunur, tikinti və şəhərsalma qaydalarına uyğunluq baxımından yenidən qiymətləndirilir. Ciddi pozuntuların aşkarlandığı bəlli olan kimi işlər dayandırılır.
Gedən proseslərdən belə aydın olur ki, Bakıda qanunsuz obyektlərin, yol kənarlarında, müxtəlif tikililərin, kafelərin tikilməsində əsas günahkar Bakı Şəhər İcra Hakimiyyəti və yaxud da orada çalışan bəzi şəxslərdir. Hələ ki, yayılan məlumatlarda konkret şəxslərin adı hallanmır. Lakin ekspertlər hesab edirlər ki, hazırda bu sahə üzrə ciddi araşdırmalar, işlər aparılır. Ehtimal olunur ki, proseslərin sonunda bəzi vəzifəli şəxslərin həbsləri də baş verə bilər.
"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ilk növbədə ciddi araşdırma aparılmalıdır: "Müəyyən olunmalıdır ki, sənədin saxtalığına əsas səbəb nədir. Yəni ola bilsin ki, vətəndaş tərəfindən təqdim olunan sənədlərin içərisində saxtası da olub. Bunu da vəzifəli şəxs bilmədən, həmin sənədlərin əsasında sərəncam verib. Digər variant budur ki, vətəndaş saxta sənəd verib və bunun saxta olmasını vəzifəli şəxs də bilib. Bununla belə, aralarında olan danışığa əsasən sənədi qanuni qəbul edib, sərəncam verib. Bu variantlardan hansı baş veribsə, bunu ancaq istintaq müəyyən edə bilər. Hər iki variantın mümkünlüyü var. Bu variantlardan asılı olaraq da məsuliyyətə cəlb ediləcək şəxslərin cəzası müəyyən olunacaq. Əgər ikinci variantdırsa, həm vətəndaş, həm də vəzifəli şəxs məsuliyyətə cəlb ediləcək. Bizim praktikada belə bir hal da olub ki, vətəndaş haradansa sənəd alır və ona bunu hüququ olmayan bir şəxs verir. Vətəndaşın özünün də bundan xəbəri olmur və sənədi müvafiq quruma təqdim edir. Az da olsa, bu işdə belə bir ehtimal da ola bilər. İstintaq araşdırmalı və nəticəyə uyğun da hərəkət etməlidir”.
Vəkil deyir ki, eyni zamanda məsələdə Bakı Şəhər İcra Hakimiyyətinin adı hallandığı üçün ictimaiyyətə də geniş məlumat verilməlidir.
Ə.Mustafayev söyləyib ki, BŞİH-də bu işdə əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər: "Onlar sənədlərin həqiqiliyini müvafiq qaydada yoxlamayıblarsa, o zaman da məsuliyyət daşıyırlar. Çünki səhlənkarlıq ediblər. Sənədlər bütün hallarda yoxlanmalı idi. Məlumatda qeyd olunan hal isə vəzifədən sui-istifadə etmədir. Yəni digər qurumların icazəsi olmadan sərəncam vermək, vəzifədən sui-istifadə halıdır. Ona görə də bütün işlərin təkcə anti-korrupsiya idarəsi tərəfindən aparılması doğru deyil. Burada səhlənkarlıq və ya digər halın olduğu müəyyənləşməlidir”.
 
Source : Islamazeri
Tagged
azərbaycan
Comment