0
Wednesday 20 June 2018 - 16:19

Azərbaycanda pulsuz dövlət təhsili niyə azalır?

Story Code : 732540
Azərbaycanda pulsuz dövlət təhsili niyə azalır?
Azərbaycanda pulsuz dövlət təhsili niyə azalır?
İnəyini, camışını, olub qalanını satasan ki, uşağı oxudub bir tərəfə çıxarda biləsən.
 
Görünən budur ki, Azərbaycanda belə əhvalatların sayı artır.
 
Belə ki, dövlət hesabına ali təhsil almaq imkanı getdikcə azalır, ödənişli yerlərin sayı artır.
 
Dünya Bankının təhsil üzrə keçmiş məsləhətçisi Rəşad Əliyev deyir ki, 2018/2019 tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul yeri ötən illə müqayisədə 2303 nəfər artırılıb. Bu artırılan yerlərdən cəmi 32-si dövlət sifarişli, yəni ödənişsiz yerlərdir.
 
“Nəzərə alsaq ki, keçən il qəbul olunan abituriyentlərin təqribən üçdə biri dövlət sifarişli, üçdə ikisi ödənişli yerlərə qəbul olub, bu ilin qəbul planında yerlər artırılarkən bu nisbət ciddi şəkildə pozulub - yəni artırılan yerlərin 30 faizə yaxını yox, cəmi 1.4 faizi dövlət sifarişli yerlərdir. Göründüyü kimi ödənişli təhsilin payı getdikcə artır”.
 
Pullu yerlərin sayı artsa da, təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir dəyişiklik edilməsi nəzərə çarprmır. Başqa sözlə, eyni keyfiyyətli təhsil üçün indi pul ödəmək lazım gəlir.
 
Bu, elə bir zamanda baş verir ki, ərzaq hər il ortalama 10-15 faiz bahalaşır.
 
Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin bir tələbəsi deyir ki, o və ailəsi ildə 1800 manat təhsil haqqı ödəmək əziyyətini çəkir:
 
“Geyimdən kəsirik, ev kirayəsindən kəsirik, pis şəraitdə yaşayırıq. Gəzməyə gedə bilmirik. Bütün həyatımıza təsir edir bu 1800 manat”.
 
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, indi Azərbaycanda pulsuz ali təhsil almaq imkanı daralıb və yoxsul ailələr üçün əlçatmaz olub, pulsuz təhsildə rəqabət çox artıb, məsələn, indi pulsuz ali hüquq və ya tibb təhsili almaq üçün 600 baldan yuxarı toplamaq lazımdır:
 
“Son illər ərzində həm təhsil haqlarının artması, həm də ödənişsiz yerlərin azalması maddi imkanı aşağı olan tələbələrin Azərbaycanda deyil, Azərbaycandan kənarda təhsil almasına səbəb olur. Hesab edirəm ki, dövlət bu məsələyə diqqət yetirməlidir və dövlət məktəblərində təhsil pulsuz olmalıdır”.
 
Avropanın bir çox ölkələrində, məsələn, Almaniya, Çexiya, Fransada, dövlət dilində ali təhsil həm yerli, həm də xarici vətəndaşlar üçün dövlət ali məktəblərinin əksəriyyətində pulsuzdur.
 
Bəs Azərbaycanda ali təhsilin daha əlyetərli olması üçün hökumətin planları nədir? İş günü olmadığı üçün bu suala təhsil rəsmilərindən cavab ala bilmədik.
 
Milli Məclisin Təhsil Komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasından deputat Asim Mollazadə deyir ki, hökumət bu mövzunu diqqətdə saxlamalıdır:
 
“Bu, təəssüf doğurur, amma bu azalma o qədər də böyük faiz deyil…Dövlət hesabına təhsili artırmaq üçün vəsait planlaşdırmaq lazımdır. Hökumət bu istiqamətdə addımlar atmalıdır”.
 
Azərbaycan universitetlərinin beynəlxalq reytinqi aşağıdır.
 
Məsələn, Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkətinin 2018-ci il üçün dünya universitetləri reytinqində Azərbaycanda özəl ali məktəblərdən Xəzər Universiteti 701- 750-ci, Bakı Dövlət Universiteti isə 801-1000-ci yerləri bölüşdürürlər.
Source : Azadliq
Tagged
azərbaycan
Comment