0
Thursday 22 February 2018 - 13:29

Ölkə yalanlarla “qurulur”, yalanlarla “tikilir”

Story Code : 706734
Ölkə yalanlarla “qurulur”, yalanlarla “tikilir”
Doğurdan da, bu gün Azərbaycan Respublikasının vətəndaşı olmaq, Vətəndə həyat yaşamaq vicdanını içində “dəfn” etməyən hər bir insandan böyük dözüm, böyük səbir tələb edir. Sanki ölkədə hər şey yalandır. Yaşadığımız gün də, göy üzü də yalan! Müstəqilliyimiz də, dövlətçiliyimiz də sanki quramadır. Vətəndaşlığımız da, aldığımız nəfəs də, danışdığımız söz də təsirsiz, əhəmiyyətsiz.

Daş dövrünün adamlarını xatırladırıq. Azərbaycanı canlı bir orqanizm kimi təsəvvür etsək, o, ruhsuz bir bədən yaşayır. Ölkə ictimaiyyəti idarəçiliyə hər anını, hər gününü oğurladıb. Elə buna görə də ictimaiyyət özünə oxşamır. Özü deyil. Deməli, özünə özgələşmiş cəmiyyətik. Yoxsa ayrılıqda bizi tək-tək sıradan çıxarmalarına dözməzdik. Haqq səsimiz say baxımdan milyonları keçərdi. Çox təəssüf ki, ölkəmizi xoşbəxtliyə aparan saatımız hələ də geriyə işləyir. İtirdiklərimiz göz önündə. Bu da bir tərəfdən cəmiyyətdə susqunluq yaradır.

Hakimiyyət təsvir edildiyi kimi görünə bilmir. Bütün sahələri çirkləndirməkdə, eybəcərləşdirməkdə. Hakimiyyət isə “laylalarda” gününü yubadır. Laylalarda böyüyən uşaqlardan fərqli olaraq, idarəçilik başa düşmür ki, böyüklər “laylalarla” böyümür. Doğurdan da bu “laylalar” hakimiyyətə fayda gətirmir. Əksinə, hər bir vətəndaşın gözündən salır. Düşüncə baxımından bu komanda hələ də iməkləməkdədir. Ölkə yalanlarla “qurulur”, yalanlarla “tikilir” Bu “uğurları” görməyənlər isə guya, Xalqı sevməyənlər imiş. İdarəçilikdə təsadüfi olduqlarına görə başa düşmürlər ki, hər yalanlarında dövlətçiliyimiz bir daş boyu, bir kərpic boyu özündən qopur. Bəs bu daşları yerinə kim qoyacaq? Dağılmış idarəçiliyi kim bərpa edə biləcək? Əzəli, əbədi torpaqlarımıza kim sahib çıxacaq?

Azərbaycanın nəinki sabahı, bu günü üçün də əlverişsiz, əhəmiyyətsiz, gərəksiz olan iqtidarın dünənimizdə qalmaq vaxtı çoxdan çatıb. Axı ölkəmizin də bahar ömrünü yaşamaq haqqı var. Bu haqdan nə siz, nə də havadarlarınız onu məhrum edə bilməz. Hələ də ölkə vətəndaşları ümidsiz vəziyyətdə. Hələ də Vətənin hər yerində ACLIQ, YOXSULLUQ, ÇARƏSİZLİK kimi problemlər əksər evlərdə özlərinin qələbə “paradını” keçirirlər. Məğlub edilmişlər isə dizləri üstə çökdürülmüş halıyla özlərindən əvvəl uduzan hakimiyyətin mənasızlığını müşahidə edirlər.

Hakimiyyət isə elə bilir ki, zəifliyini ictimaiyyətdən gizləyə bilib. Əsla! İşsizlik, işğal, hüquqsuzluq ölkə sakinlərinin əsəbini, inamını yeməkdə. Azərbaycanı bataqlıq kimi içinə udmaqda. K. Marksın tez-tez təkrar edilən bir ifadəsi vardı. Proletariat burjuaziyanın qəbir qazanıdır. Təbii! Bu, məntiqdir. Bunun üçün heç də K. Marks olmağa gərək yoxdur. Bir qədər dərin düşünsək, bilərik ki, qullar quldarların, təhkimli kəndlilər də feodalların qəbir qazanıdır. Mənə görə isə, bu idarəçiliyin qəbir qazanı yaltaqlıq edənlərdir, (layla çalanlar), hakimiyyət qarşısında fəqərə sütununu düz tutmayanlardır. (bel əyənlər) İqtidar yerində saymaqdadır. Onun yerində sayması mövcud problemləri “əbədiləşdirməsi, problemlərə “heykəl” qoymasıdır. Hakimiyyətin qaranlığı davam etmədə. Ailə idarəçiliyinə yox deyək! İşıqlı sabahimiz naminə!

Hikmət Nikbin
Source : Nur-az.com
Comment