Hacı Talenin və Allahşükür Paşazadənin "qurduğu" İslam dövləti
Nur.az.com , 16 Feb 2018 23:56
İslamtimes - Allahşükür kimi adamlara söz deyən yoxdur. Çünki nəhayətdə İlham Əliyevə ses verməyə çağırır
Meydan hərəkatı illəri idi. Sovet imperiyası son nəfəslərini verirdi. Azadlıq meydanı xalqın ixtiyarında idi. Kim nə bacarırdı çıxıb öz fərasətini göstərirdi. Əlbəttə indiki kimi "Formula 1" yarışları yaxud çılpaq müğənnilərin "7-17" musiqi festivalı filan deyildi "Azadlıq" meydanı. Kişilik dərsi verirdilər orda. Sözü olan, nəsihət vermək istəyən, şeir demək istəyən hamı tribunaya çıxırdı. O zamanlar Azərbaycan indiki kimi bir qrup insanın şəxsi mülkünə çevrilməmişdi, "Azadlıq" meydanı da xalqın tribunası idi. Orda görünən insanlardan biri də şeyxülislam Allahşükür Paşazadə idi. İndikindən cavan, qara saqqallı, sovet imperiyasının şeyxülislamı. Heydər Əliyev istefaya göndərilmiş, əli hakimiyyətdən üzülmüş, İlham Əliyev Moskvada rahatca alverini edirdi. Hakimiyyət kreslosu demək olar ki, boş idi. "Azadlıq "meydanında sinəsini qabağa verən hər kəs xalqın lideri sayılırdı. Yaxşı yadıma gəlir ki, bir qrup insanın gözləntisi də dindarların hakimiyyətə gəlməsi idi. Allahşükür Paşazadə də liderlərdən biri idi, amma dini lider. Qonşu İran praktikası bizim məmləkətə də sirayət edə bilər, dindarları yuxarı kürsülərdə görə bilərdik. Amma o zamankı Sovetdən qalma konstitusiyada, elə hazırkı Azərbaycan konstitusiyasında qeyd olunur ki, din dövlətdən ayrıdır. Yanlış olsa da, demokratiyaya zidd olsa da bu belədir.
Üstündən illər ötdü. İstefada olan Heydər Əliyev Bakıya gəldi, prezident oldu. Özünü Heydər Əliyevin şeyxi hesab edən Allahşükür Paşazadə elə o vaxtdan Heydər Əliyevə dindarlardan dəstək almağa çalışdı. İlham Əliyevin zamanında da hər dəfə prezident seçkilərində Allahşükür Paşazadə öz adamlarını İlham Əliyevə səs verməyə çağırır. Halbuki din dövlətdən ayrıdır qanunu hələ də konstitusiyada mövcud olaraq qalmaqdadır.
Bu dəfə şeyxülislam iclas təşkil edib öz işçilərini məscidlərdə İlham Əliyev haqqında çıxış edib dindarları ona səs verməyə çağırmağa əmr edib. Özü də deyilir ki, bu prosesə nəzarət ediləcək. Təbii ki, birbaşa Prezident Aparatından. Təbii ki, kim də buna razı olmasa, "din dövlətdən ayrıdır axı" desə cənamazının içindən narkotik maddə tapılacaq.
Hələ bir nə Allahdan, nə də bəndədən həya etmədən deyirlər ki, biz kimisə kiməsə səs verməyə məcbur etmirik, sadəcə həqiqət yolunu göstəririk. Həqiqət yolunu göstərən, həqiqətə dəvət edən Allah yolunu göstərməli və onun yoluna dəvət etməlidir. Halbuki ömürlük şeyxülislam olandan Allahşükür Paşazadəni heç pişnamaz olan belə görməmişik. Bir iki bayram namazlarından savayı. Çünki din bu cür insanların yadına bir iki yerdə düşür: bayram namazında, prezident seçkiləri vaxtı. Hətta Allahşükür Paşazadədən nə bir kitab, nə bir düz-əməlli moizə görən-eşidən də olmayıb.
Bəli, Azərbaycanda din dövlətdən ayrıdır. Deyilə bilər ki, molla, dindar vətəndaş dinin qulluğunda olsa da o nəhayətdə bir vətəndaşdır və səs vermə hüququ vardır. Doğrudur, amma Allahın məscidini çirkin siyasətə alət etmək doğru deyil. Buna qalsa molla, dindar dini adam olmaqdan əlavə həm də bir vətəndaşdır, onun prezident seçilmək haqqı vardır. Üstəlik, əgər demokratik insansınızsa deyin görüm xalqın böyük əksəriyyəti dini dövlətin Azərbaycanda qurulmasını istəsə, referendum keçirilsə və dindarlar qalib gəlsə buna icazə verəcəksinizmi? Yox, çünki qanun icazə vermir. O qanun ki, bəşər əliylə yazılıb və Allah adamı bu qanundan kənarda qalıb. Bu belə.
Gələk "din dövlətdən ayrıdır" məsələsinə. Əziz ilahiyyatçı və ruhanilərimizdən olan Hacı Tale Bağırzadəyə min cür əyri adamlar böhtanlar və hədyanlar yağdırmağa başladı. İslamdan qandığı qrafa olmayan insanlar dedi ki, Hacı Tale İslam dövləti qurmağa çalışır. Hacı Tale isə dəfələrə bu qanmazlara başa salmağa çalışırdı ki, İslam dövləti, İslam məhkəməsi mürəkkəb prosesdir. Bunun üçün ali rütbəli, ictihad dərəcəsinə çatmış insanlara, alimlərə ehtiyac duyulur. Amma Allahşükür Paşazadə açıq-aşkar dindar və mollalardan İlham Əliyevə səs yığır, əks halda üstüörtülü bir şəkildə hədələyir, Allahın məkanını murdar siyasətə alət edirlər. Hacı Talenin üstünə "xoruzlanan", Milli Şuranı "İran əlaltıları" (dindarlar nəzərdə tutulur) ilə iş görməkdə suçlayan Qüdrət Həsənquliyevin müavini kimi iftiraçı insanların dili girib qarınlarına. Biri çıxıb demir ki, ay balam, bəs Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Dini, dindarı, İslamı niyə öz kirli əməllərinizə alət edirsiniz?
Bilirəm Azərbaycanda dərəbəylik hökm sürməkdədir. Nə namizədlik verən insan var, nə seçkiyə inanan adam. Nə təşviqat kompaniyasının vaxtı bilinir, nə də vaxtından qabaq təşviqata başlayan Allahşükür kimi adamlara söz deyən yoxdur. Çünki nəhayətdə İlham Əliyevə ses verməyə çağırır. İndi dövlətçilikdən dəm vuranlar sinəsini qabağa verib Allahşükürə haqq etdiyi dərsi versin. Hacı Tale nəinki İslam dövləti qurmaq istəmirdi, heç Azərbaycanda belə bir dövlət qurmaq, idarə etmək həddində dini savadı olan insanın olmadığını da gözəl bilirdi. Allahşükür Paşazadə isə özünə məxsus bir formada "İslam dövləti" qurmağa çağırır. Amma YAP-a sərf edən İslam dövləti, həqiqi İslam yox.
Əziz oxucu, Allah evini dağıdan, ruhanisini həbs edən, hicaba qadağa qoyan, korrupsianer hakimiyyətlərə səs vermək Allah qatında günahdır. Allaha bağlı olan insanları dəstəkləyin.
Story Code: 705603