Əliyev İrəvana qədər necə irəlilədi?
Nur.az.com , 9 Feb 2018 15:18
İslamtimes - 25 ildə bir rayon işğaldan azad edilməyibsə…..
Mübaliğəsiz demək olar ki, YAP hakimiyyəti vəd vermək üzrə rekorda imza atıb. Xüsusən də seçki öncəsi elə vədlər verilir, elə məqamlara toxunulur ki, adamın ağız açıq qalır. Məsələn, İlham Əliyev iddia edir ki, 2018-ci il sürətli inkişaf ili olacaq. Amma statistik rəqəmlər və eksper rəyləri göstərir ki, bu il sosial- iqtisadi vəziyyət daha məşəqqətli olacaq.
Amma bu yazımızda hökumətin inkişaf vədlərinə deyil, Qarabağ taktikasına toxunmaq istəyirik. Bildiyiniz kimi fevralın 8-də YAP-ın növbəti qurultayı keçirilib, partiya İlham Əliyevin namizədliyini irəli sürüb və ölkə başçısı ruhlanaraq geniş nitq söyləyib. Ən maraqlı fikirləri isə Qarabağla bağlı söyləyib və İrəvana qədər irəliləyib.
Əvvələcə İlham Əliyev etiraf edib ki, bütün Qərb dairələri Qarabağ məsələsində Azərbaycanın maraqlarından çıxış edib: “Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər” -deyə İlham Əliyev bildirib.
Bu məqamda mütləq bir sual vermək lazımdı. Cənab Əliyev, əgər bu təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyirsə, niyə gecə-gündüz bu təşkilatları ermənipərəstlikdə, erməni lobbisinin təsiri altında olmaqda ittiham edirsiz? Niyə, bu qurumların Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyini tirajlayırsız? Belə çıxır ki, YAP hakimiyyəti müxalifət funksionerləri kimi Avropa təşkilatlarını da şərləyirmiş?
Amma ən maraqlı məqam Əliyevin İərəvanı xatırlamsıdır. “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”-deyə Əliyev bildirib.
Göründüyü kimi seçkilərin vaxtı qabağa çəkildikdən sonra İlham Əliyev də xeyli qabağa gedib. 25 ildə 25 qarış torpaq işğaldan azad edilməyib, bütün danışıqların sonunda düşmən tərəf “bir qarış torpaq da vermərik” mesajı göndərir, hər gün atəşkəs rejimi pozulur və YAP-ın “LAZIM”ı da gəlmək istəmir. Maraqlı olan budur ki, Qarabağa göndərə bimədikləri “LAZIM”ı, İrəvana necə göndərəcəklər? İşğalçıya atalıq edən Rusiyanın qarşısında təzim etmək Ağdamı, Şuşanı, Laçını qaytarmağa kifayət etməyibsə, Göyçəni, Zəngəzuru necə alacaqlar?
Məmurların zəbt etdiyi torpaqları geri ala bilmir, düşməndən İrəvanı geri almaq eşqinə düşüb. Əlbəttə, bu sadalanan yerlər bizim tarixi torpaqlarımızdı və biz bu torpaqların sahibi olmalıyıq. Amma mövcud hakimiyyət 25 illik fəaliyyəti ilə göstərdi ki, işğal faktına görə narahat deyil. İrəvana qədər getmək istəyən hökumət şəhid ailəsinin “qan pulu”na göz dikərmi, Qarabağ qazsini intihar həddinə çatdırarmı, ermənipərəstlərə qucaq açarmı?
Onsuz da bu xalq YAP hakimiyyətindən torpaq tələb etmir. Hamı başa düşür ki, hakimiyyət komandası üçün ən böyük torpaq puldur, neft milyardlarıdı. Ona görə də qurultaydakı məlum çıxışa hamı acı gülüşlə reaksiya verir.
Xalqın haqqını geri qaytarmayanlar, Qarabağı geri qaytara bilməz. Belə bir hakimiyyət İərvan haqqında da danışırsa, deməli bu xalqı çox sadəlövh hesab edirlər. Demokratik dünyayala düşmənçilik aparıb, azadlıqları ölkədən qovub, demokratiyanı şərləyib, sonra da İrəvanı qaytarmaq mümkün deyil. Bu komanda yalnız vəzifə kürsüsünü geri qaytarmaq uğrunda savaşa hazırdı.
Əgər seçkiqabağı fantaziyaları İərvana qədər getməyi qərara alıbsa, deməli bu il çox geri gedəcəyik
Samir
Story Code: 703945