Həzrət Əlinin (ə) dövlət işçisi seçimində nəzərdə tutduğu meyarlar xülasə şəkildə belə sadalana bilər:
1.Təcrübəli və işbilən olsun, çətinliklərlə üzləşdikdə özünü itirməsin. 2.Əsil-nəcabətli, pak, abır-həyalı olsun, çirkin sifətlərə yol verməsin. 3.Köklü, saleh, təqvalı və pak ailədən olsun, tərbiyə aldığı mühit xəyanət və fəsada aludə olmasın. 4.Müsbət keçmişə malik olsun, başqalarından öncə İslama qatılmış olsun. Yəni İslam qüdrətə çatmayan bir vaxtda Allah ayinlərinə tabe olsun. Bəziləri İslam qüdrətə çatdıqdan sonra qorxudan və ya tamahdan İslama qatılır. 5.Şəxsiyyətli olsun, daim paklığına diqqət yetirsin, istənilən bir xətadan qaçsın. 6.Müdiriyyət bacarığı, uzaq görənlik kimi sifətlərə sahib olsun, müxtəlif problemlərlə üzləşdikdə tədbir görməyi bacarsın. 7.Nəfsi tox olsun, maddi nemətlərə göz tikməsin.
Həzrət Əli (ə) dövlət məmurlarının xüsusiyyətlərini sadalayarkən məmur seçimində hakimin də vəzifələrini qeyd edir:
1.Hakim işçi götürərkən diqqətli olsun, yalnız dəqiq sınaqlardan sonra kiməsə iş tapşırsın. 2.Bu fərdlərin seçimində şəxsi rəyə əsaslanmasın, başqaları ilə də məsləhətləşib onların fikirlərinə hörmət göstərsin. 3.İşçilərə fürsət versin ki, onlar öz istedad və ləyaqətlərini göstərə bilsinlər. 4.Nəzərdə tutulan işə uyğun gəlməyən insanı şəxsi rabitələr və ya bir fərddə olan xüsusiyyət əsasında işə təyin etmək olmaz.
Sonra həzrət buyurur ki, əgər hakim islami meyarları nəzərə almadan kiməsə iş tapşırarsa, onun bu işi zülm-sitəmlə müştərək kökə malik olan işlərdəndir.
Həzrət Əli (ə) buyurur: “Sonra kargüzarlarının işlərinə bax, onlara bəxşiş və rəğbət yolu ilə yox, sınağa çəkdikdən sonra iş tapşır. Çünki bu üsul (sınağa çəkmədən iş tapşırmaq) bir növ sitəm və xəyanətdir. Onları təcrübə əhli, həya-abır sahibləri arasından, ləyaqətli və İslamda öncül ailələrdən seç! Çünki onların əxlaqı daha gözəldir, ailələri daha pakdır, tamahları daha azdır. İşin sonunu görməkdə daha bəsirətlidirlər.”