QR CodeQR Code

20 Yanvarda şəhid olan "ekstremist" və Hacı Tale

Nur-az.com , 29 Jan 2018 20:33

Islamtimes - 90-cı ilin Yanvarında xalqın başı üzərində olan qara buludlar yenə qayıdıb, bu dəfə Xanım Fatimeyi Zəhra (s.ə) adına olan məscidin başı üzərində peyda olub


O Amerikaya "işləyirdi", bu da İrana

Qanlı Yanvar kimi yaddaşlarımızda qalan Yanvar ayı hələ də çıxmamış, 20 Yanvar hadisəsinin 28-ci ildönümündən 5 gün keçəndən sonra Hacı Talenin yeni məhkəmə işi ortaya çıxdı. Məhkəməsində dediyinə görə 20 il iş vermələrinə baxmayaraq ürəyi soyumayan hakimiyyət "cəzasını" artırmaq məqsədi güdür. Müxtəlif ittihamlar, günahlarla həbs müddətinin artırılmasına can atanlar var.
"20 Yanvarla" Hacı Taleni bir yazıda yad etməyimə səbəb var. O səbəb bundan ibarətdir ki, 20 Yanvar əbəs yerə meydana çıxmamışdı. Hələ ondan iki il öncə Sovet hakimiyyətinə ilk etiraz edənlərdən biri, bəlkə də birincisi Azərbaycan xalqı oldu. Günlərlə indi Formula 1 yarışlarına qucaq açan "Azadlıq meydanı" (indiki adıyla yarış meydanı) xalqın və etiraz aksiyalarına şahid olmuşdu. O zaman 20 günə yaxın etiraz aksiyaları baş vermişdi. Həmin zamanlarda etiraz edən insanlara iki ad verilmişdi. Sovet höküməti onları ekstremist, vətən xaini, üsyançı, dövlət düşməni adlandırırdı. Bundan əlavə hökümət qüvvələri onları Sovetlərin dağılmasını arzu edən Amerika casusu, Amerikaya işləyən agent də adlandırırdı. Əlbəttə, bu təbiidir, belə də olmalı idi. Çünki Sovetlərin ən təhlükəli və hiyləgər düşməni Amerika sayılırdısa, Sovet ölkələrində bir uşağın burnu qanasaydı deyərdilər ABŞ kəşfiyatçılarının işidir. (Şəxsən özüm bu səpkidə olan mülahizələrə şahid olmuşam) Amma o günün "ekstremistləri" bu gün şəhid kimi yad edilir, hər il məzarları ziyarət edilir, üzərinə əklil qoyulur. Bu insanların xatirəsi hər zaman yad edilir.
Hacı Talenin də məsələsi eynən bu cürdür. Ona radikal islamçı, ekstremist, terrorçu, İran agenti adı qoyublar. Halbuki – Allah işinə fərəc versin – məscidin, hicabın, dinin azadlığı uğrunda fəallıq göstərib. Bizim xalqın başına 20 Yanvar hadisəsi kimi acı hadisə gəlib, biz gərək bundan ibrət alıb haqqını tələb edən insanları diri şəhid hesab edək, Sovet təbliğat maşını kimi işləyənlərin şayə və böhtanlarına uyub mərd oğullarımızın ləkələnməsinə icazə verməyək. O zaman 20 Yanvar məzlumları hakimiyyət tərəfindən satqın, xain adlandırılırdı, amma xalq özünü yaxşı tanıyır, özünə, oğluna, qızına sahib çıxırdı. Bu gün də belə olmalıdır. Təəssüflər olsun ki, o zaman rus qoşunlarının xalqa divan tutmasına səbəb olan adamlardan biri, o zamanlar nazirlər soveti sədrinin birinci müavini vəzifəsində işləyən Artur Rəsizadə hazırda baş nazirdir. Halbuki yerli siyasətçilərdən birinin dediyinə görə o, rus qoşunlarının ölkəyə yeridilməsinə imza atan şəxsdir. Amma Hacı Tale kimi inanclı, əqidəli, vətənpərvər insanlar həbsdədir.
90-cı ilin Yanvarında xalqın başı üzərində olan qara buludlar yenə qayıdıb, bu dəfə Xanım Fatimeyi Zəhra (s.ə) adına olan məscidin başı üzərində peyda olub. İllər əvvəl bu məscidə kimlərsə qara əllərini uzatmaq istəyirdi. Amma alınmadı. Məhz Hacı Abgül, Hacı Tale (Allah qapılarını açsın) kimi mərd oğulların sayəsində məscidin sökülməsinin qarşısı alındı. Daha sonra bu insanlar Xanım Zəhra (s.ə) əmanəti olan hicab uğrunda mübarizə qalxdılar. İndilərdə isə görünür bu insanların yoxluğundan (həbsindən) istifadə edib məscidin həyətində problem çıxartmağa səy göstəriblər. Amma möminlərin sayı az deyil, onlar məscidi qorumaq üçün hazır olublar.
Əlbəttə, hadisələri izləyirsiniz, amma mən burada bir mühüm nöqtəyə işarə edib söhbətə xitam verirəm. Bilirsiniz ki, 20 Yanvar hadisəsindən sonra etirazçıları öldürdülər, amma bu xalq ölmədi. Vaxt gəldi Fəridlər, Mübarizlər yetişdirdi bu xalq. Aramızda kim çıxıb deyə bilər ki, sabah bu xalqa hücum olsa yenə oğullar kəfən geyinib düşmənə güc göstərməyəcək? (Atəşkəs pozulan zaman əsgərlərimizin göstərdiyi şücaət dillər əzbəridir) Hacı Talegil də bu cürdür. Hacı Taleni, Hacı Abgülü bizə xatırladan həmin məscidin müdafiəsinə Hacı Tale, Hacı Abgül fiziki şəkildə qatıla bilməsələr də, bu xalq Hacı Talelərdən, Hacı Abgüllərdən heç zaman xali deyildir. O məscidin müdafiəsinə qalxan hər bir dindar bir Hacı Tale, Hacı Abgüldür.


Story Code: 700679

News Link :
https://www.islamtimes.com/az/article/700679/20-yanvarda-şəhid-olan-ekstremist-və-hacı-tale

Islam Times
  https://www.islamtimes.com