QR CodeQR Code

Cəhənnəm görmək istəyən Azərbaycana gəlsin

Azadliq , 2 Jan 2018 00:47

Islamtimes - Dövlət, Xalq, Cəmiyyət, Vətəndaş kimi bir ilimizi də yola saldıq. Daha doğrusu, itirdik. Yəni üzümüzə gələn ilnən birgə bütün problemlərimizlə təzədən bir yerdə olacağıq. Deməli, təzə il bizim üçün köhnə il olaraq qalacaq. Deməli, bu il də bizim üçün yaxşılığa doğru dəyişmədi.


24 ildi “qələbələr “, “uğurlar” bir-birini əvəz etsə də işsizliyimizlə, işğal altında qalan ərazilərimizlə eyni məsafədəyik. Yəni, bu məsafəni adlaya bilmirik. Hüquqsuzluğumuzdan, bir sözlə nəyə haqq ediriksə, haqq etdiklərimizdən uzaqlaşırıq.. Belə olan halda hansı uğurdan, hansı qələbədən danışılır. Millət anlamında (fərdi demirəm ) bizə bayram düşmür! Vətəndə Vətəndaş ola bilmirik. Çünki, sözümüzün ünvanlara çatmasında maraqlı deyilik. Hamı ağ atlı oğlan gəzir. Bu Ölkədə zülm içində qovrulan, ağrı içində qovrulan “milyonçu” gözlər nə qədər görmək olar. (çox milyonlu insanları nəzərdə tuturam) Nə qədər ağrılı olsa da deyim ki, insanlar var zibil qutularını özünün xilası bilir. Yəqin, S. Rüstəm sağ olsaydı- “cəhənnəm görmək istəyən Azərbaycana gəlsin” şeirini yazardı. Çünki, Azərbaycan xalqı gecəsində də, gündüzündə də işgəncə altındadır. İşsizlik, az maaşlılıq, hüquqsuzluq dediklərimə əyani sübutdur. İdarəçilik dəsmal deyil ki, bazardan alasan. Məmurlar yerlərdə insanlarla münasibətdə adi eləmentar qaydalarda uduzur. Uşaq xoşbəxtliyini anasının qucağında tapan kimi, Hakimiyyət də xoşbəxtliyini Ölkə əhalisinin boynunda, kürəyində oturmaqda tapır. Heç siz camaatın boynundan, kürəyindən düşdünüz ki, qələbələriniz, uğurlarınız olsun? Azərbaycanın hansı gözəlliyindən, hansı həyatından danışmaq mümkündür? Gözəl olmayan, gözəl görünməyən Azərbaycanımız var. Xalq kimi ümidsizik, əlacsızıq. Xalq olaraq biz illərin üstünə getmədik ki! İllər qalib ordular kimi üstümüzü aldı. İllər bizdən ümidimizi, istəklərimizi aldı, apardı. Əvəzində yeni-yeni problemlər gətirdi, bu problemlərin içində bizi üzdürdü. Yaşca özümüzdən böyük problemlərimiz var, artıq. Problemlər bir ildə yaşlanacaq, 2018-ci ildə yaşlarının üstünə yaş gələcək. Vətəndaşlıq yaşını keçən problemlər də az deyil. (18 yaşdan yuxarı) Təpəgözləşən bu problemləri elə Təpəgözlə də eyniləşdirmək olar. Axı problemlər də Təpəgöz kimi ətimizlə, qanımızla qidalanır. Bu iqtidar səbatsızlığı ucbatından “doğulan” problemləri həll etməkdənsə, onu ətə-qana gətirir. Deməli, 2018-ci ildə də Azərbaycan problemlər məngənəsində boğulacaq.
Deməli, Vətən bu il də “süni aparatla” nəfəs alacaq. Axı, neft Azərbaycanın “süni aparatıdır” Ölkə başqa nə ilə nəfəs alır ki! Hakimiyyət Azərbaycanı 4 canlı, 5 canlı edə bildi ki? Axı, dünya bazarında neftin ucuzlaşması Vətənin bir gününə belə təsirsiz ötüşməz. Neftdən – bu süni aparatdan niyə asılı olmalıydıq? 24 il asılılığa son qoymağa bəs etmədi?
2018-ci il arzu edərdim ki, iqtidarın səhvlərinin etiraf ili olsun ! İdarəçilikdə buraxdığı səhvlərə görə Xalqdan üzr istədiyi il olsun! Azərbaycanın sabahı naminə hakimiyyətin hakimiyyətdən imtina ili olsun!
Bu il də torpaqlarına qovuşmadın, Vətən!

Hikmət Nikbin /azadlıq


Story Code: 694045

News Link :
https://www.islamtimes.com/az/article/694045/cəhənnəm-görmək-istəyən-azərbaycana-gəlsin

Islam Times
  https://www.islamtimes.com