QR CodeQR Code

Azərbaycana xalq üçün canından keçməyə hazır hakimiyyət lazımdır

Azadliq , 31 Dec 2017 23:50

Islamtimes - Çayda batan adamı dənizin dərinliyi ilə qorxutmazlar! Nə fərqi var batmaq batmaqdı, istər 5 m-də, istər də 15 m-də


Bu günki idarəçiliyi vətəndaşları rüşvət verməyə məcbur etməkdə günahlandırsaq yanılmarıq. Sanki Ölkə sakinlərinin pulunu mənimsəmək məmurların hüququdur. Sanki rüşvət Qanun halına salınmış kimi görsənir. Hələ də rüşvətə son qoya bilmirlər. Deməli, iqtidarın kirlənməsi davam edəcək. Hakimiyyətin daha bir uğursuzluğu özüylə mətbuat arasında dərin bir uçurum yaratmasındadır. Bunlar arasında münasibətsizlik Respublikanı feodal dövrünə qaytarmaqdadır. Təsadüfi komanda dövlətçiliyin nə olduğunu bilmədiyinə görə mətbuatdan gizlənir. Azərbaycan xalqının bilməli olduğu məsələləri KİV-dən gizlətməklə özüynən cəmiyyət arasında etimadsızlıq toxumu səpir. Mətbuat cəmiyyətin önündə getməli olduğu halda arxasınca “sürünür”. Görünür, iqtidar KİV-lərin ictimai funksiyası haqqında aydın təsəvvürə malik deyil. Əks halda onları cəmiyyət üçün artıq, əhəmiyyətsiz bir şey bilməzdi. Dediyim kimi, mətbuat dedi-qoduyla yox, informasiyaları ictimaiyyətə “ötürməklə” ictimai-siyasi münasibətlərdə şəffaflıq yaradır. Yerində olmayan hakimiyyətimiz isə həmişə mətbuatdan “diksinib”. Elə bu səbəbdən də KİV-in böyük bir hissəsini özündən asılı vəziyyətə sala bilib, rüşvətə bulaşdıra bilib. MM-də qəbul edilən qənunlar KİV-lərin yolunu hakimiyyətə bağlayıb. Bununla da mətbuatı dedi-qodu səviyyəsizliyinə salıb. Mətbuat isə hələ də susur. İdarəçilik vahid fikir sərgiləyə bilmir. Məmurlar müsahibə verəndə və ya iclaslarda çıxış edəndə insanlara haqlı olaraq elə gəlir ki, Ölkə haqqında təsəvvürləri yoxdur, sanki onlar bu Ölkədə yaşamırlar. Lap bərbadları isə Azərbaycan xalqının şükür eləməsi üçün Suriyanı, İraqı, Yəməni “nümunə” çəkirlər. Suda batan adama qurudan danışarlar, quru vəd eləyərlər, savadsızlar! Çayda batan adamı dənizin dərinliyi ilə qorxutmazlar! Nə fərqi var batmaq batmaqdı, istər 5 m-də, istər də 15 m-də. Batana qorxulu nağıllar danışmaqdansa, batanı suyun cəngindən alarlar. Batana şükür elətdirməzlər, betəri dənizdə boğulmaqdı deməzlər. Yəni, söyləmək istəyirəm ki, Suriyada, İraqda, Yəməndə camaat bir başqa cür batır, biz də bir başqa təhər batırıq, bildinizmi? Siz insanları yaxşı vətəndaş olmaq hüququdan məhrum edirsiniz! Hakimiyyət Konstitusion hüquqların işləkliyi uğrunda mübarizə aparmaqdansa, cəmiyyətdə şəxsi səlahiyyətlər əldə etmək uğrunda mübarizə aparır.Məgər, iqtidarın Prezident Seçgisində iştirak istəyi şəxsi məsələsi deyil? Axı 24 ildə bu hakimiyyət Azərbaycan xalqı üçün əhəmiyyətli nə isə görə bilmədi. Belə olan halda kənarda durması düzgün deyilmi? Xalqın inamını özünə qaytaran, Vətəndaşlığın necə gözəl bir həyat olduğunu göstərən, Azərbaycan xalqını Müstəqillik adlı ilahi eşqinə qovuşduran, ərazi bütövlüyümüz üçün qanından, canından keçməyə hazır olan təfəkkürlü hakimiyyət formalaşmalıdır. Bu gün daha böyük amallar və məqsədlər uğrunda düşünməyə haqq edən bir cəmiyyət bir tikə çörək tapmaq uğrunda gününün “müharibəsini” aparır.
Bu 14 ildə hakimiyyət süfrəyə xarici siyasətdə uğuruna məqsədi kimi baxırdı. Xarici ölkə məmurlarına təmtəraqlı süfrələr açmaqla, bahalı hədiyyələr bağışlamaqla, ad günlərində yanlarında olmaqla uğura imza atacaqlarına inanırdı. Süfrə, hədiyyələr… heç bir ölkənin xarici siyasətini dəyişə bilməz. Çünki, onların düşüncə boyu qarınlarından başlamır, beyinlərindən başlayır. Çox sadəlövhsüz, çox!

Hikmət Nikbin/azadlıq


Story Code: 693854

News Link :
https://www.islamtimes.com/az/article/693854/azərbaycana-xalq-üçün-canından-keçməyə-hazır-hakimiyyət-lazımdır

Islam Times
  https://www.islamtimes.com