Sən boşluğunu nə ilə doldurursan? – Hacı Məmmədov aqibətindən imtina
Nur-az.com , 5 Dec 2017 20:47
Islamtimes - Ramil Üsubovun adamı Hacı Məmmədov türmədə intihar etdi.
Demək olar ki, adətdəndir, Azərbaycanda yol polisi başqa sözlə desək rüşvət akulaları kimi saxlayırsa o saat vətəndaş telefonunu yaxud video kamerasını maşının içindəcə quraşdırır. Bunun bir neçə cəhətdən faydası var. Biri budur ki, digərləri də bu cür hüquqdan başı çıxan, haqqını tələb etməyi bacaran insanlardan ilham alıb onlar da rüşvət akulalarını hüquq dəryasında boğa bilirlər. İkincisi odur ki, sabah iş məhkməyə düşəndə polisin ağzından çıxan sözdən tutmuş, barmaq silkələməsinə qədər hamısı hakimə təqdim edilsin. Ən maraqlısı isə üçüncüdür, DİN işçilərindən DİN rəisi Ramil Üsubova şikayət. Vətəndaş ya axıra qədər ümidlidir, ya da "əncam çəkir çəksin, çəkmir cəhənnəmə, mən öhdəmə düşəni etdim" deyib videoda Ramil Üsubova səslənir. Amma bizdə ta bineyi-qədimdən "it" adlanan polislərdə qapmaq olmasa da qırpmaq yüz faiz var. Ardı-arası kəsilmir.
Di gəl ki, yazıq vətəndaş ya bilmir, ya da bilməzdən gəlib etiraf etmək istəmir ki, başda oturan yaxşı olsa bu polislər bu qədər qudurub adamın başına çıxmaz. Dərd burasıdır ki, "balıq başından iylənər" atalar sözü bizim xalqa mənsubdur. Güya Ramil Üsubovun baş verənlərdən xəbəri yoxdur?
Ramil Üsubovun adamı Hacı Məmmədov türmədə intihar etdi. Xəstəliyinin olduğunu dedilər. Onunla eyni aqibəti yaşayan bir nəfər də var – Akif Çovdarov. O da fiziki cəhətdən sağlam deyil. Heç ruhi, əqli cəhətdən də belələri sağlam olmur. Bunlar özləri özlərinə bu aqibəti seçir, yoxsa onlara bu aqibəti yaşamağa məcbur edirlər – bunu araşdırmaq mənim işim deyil. İndi kimlərinsə onlara yazığı gəlir, kimlərsə sevinir ki, vaxtında onları soymuşdular, kimlərsə deyir ki, yaxşı edib metro Tağı kimi vaqona sığışmayan bədənləri sağıblar. Hər halda camaatın gözü tərəzi, danışdıqları isə sosial şəbəkələrdə mövcuddur.
Hacı Məmmədov, Akif Çovdarov kimi insanlar isə daim maşa rolunu ifa ediblər, çirkin işlərə alət ediliblər. Doğrudur, Ramil Üsubov hələ Heydər Əliyevin sağlığında onun "nə qədər ki mən varam Ramil də var" deməsilə özünü sığortalayıb. Hazırda Heydər Əliyev sağ olmasa da, oğlu İlham Əliyevin yanında Ramil Üsubov daim var. Öz ağasına sadiq insandır. Keçmiş MTN şefi kimi hətta prezidentin ailəsini dinləməyə cürət etməyib.
Bütün bu günahların, eyş-işrətin, qadın müğənnilərlə oturub-durmağın, pula pul deməməyin, şan-şöhrətin, gücün axırı necə oldu? Bütün bu asılılıqlar Hacı Məmmədovu sonda bir kəndirdən asılı vəziyyətdə saxladı. Bunlar hamısı ruhi və psixi boşluqların nəticəsidir.
İnsan Akif Çovdarov, Hacı Məmmədov lap elə onların rəisləri kimi tüfeyli həyat yaşadıqca canından bezir. Lap deyək ki, Ramil Üsubovla MTN şefinin milyardları var. Axı eyni pulla eyni işləri görmək, ruhi qidalandırmamaq, maddi bataqlıqda boğulmaq, insanların, yazıq xalqın haqqını nə qədər qəsb etmək olar.
Üsubov çox gözəl bilir ki, hər gün eyni işləri görmək, eyni saatda maşına minib nazirliyə gəlmək, o adamı yerindən götürüb başqa yerə təyin eləmək, imkanlı məmurun qohumuna rəis vəzifəsi vermək, küçədə açıq-aşkar rüşvət dilənmək, xalq etiraz edəndə onların üstünə ordu töküb döymək, eyni yeməyi yemək, eyni istirahəti etmək, yatmaq, əylənmək nə qədər olar? Axı bunların heç biri səni qocalmaqdan saxlamır. Bu "bomba" həyatı özün üçün ona görə qurmağa cəhd etdin ki, bunlar səndə yox idi. İndi ki var, illərdir davam edir, bu cəh-cəlalla qocalırsan, daha bundan yuxarısı yoxdur ki? Yoxdur. Bəlkə əl çəkəsən!? Onsuz da sən də gözəl bilirsən ki, bizim ölkəmizdə heç bir məmur xalqa xidmət göstərmir. Kim vəzifə tutursa andıra qalmış tuluğunu doldurub enlənir, onları nə xalq, nə Qarabağ, nə dövlətçilik düşündürmür. Bütün bu naqisliklər isə insanın mənəviyyatını daha tez və sürətli şəkildə öldürür. Mənəviyyat insanın ayrılmayan bir parçasıdır. İnsan mənəvi boşluğunu heç bir maddi şeylə doldura bilməz. Çünki adı üstündədir, bu mənəvi boşluqdur. Vəzifə boşluğu deyil ki, bacın oğlunu ora qoyasan, pul boşluğu deyil ki, gündə on vətəndaşı yolda saxlayıb hərəsindən 20 manat dilənib gətirib pulu yerinə qoyasan. Bu mənəviyyatdır.
Təəssüf ki, bu cür məmurlara dərs verməli olan şeyximiz, mollamız yoxdur. Varsa da o, özü də mənəviyyatdan daha çox maddiyyata üstünlük verdiyi üçün haqqın maddiyyatın yanında olduğunu zənn edirlər. Ölkədə dini təbliğin gücləndiyi hiss edildikdə isə "din dövlətdən ayrıdır" deyib təxribat törədirlər. Amma əslində Ramil Üsubovun rəhbərliyi etdiyi DİN dövlətdən nəinki ayrı, hətta onun bir parçası olduğu kimi, din də dövlətin hidayət mənbəyi olmalıdır.
Mənəvi boşluğu olanlar Hacı Məmmədovun aqibətindən ibrət alıb onun aqibətindən imtina etsinlər. Nə qədər ki gec deyil, hacı Qalib Salahzadə kimi hacı, Hacı Məmmədov kimi dövlət olmaqdan Allaha pənah aparın. Həqiqi, ixlaslı bəndələr olun.
Story Code: 687948