QR CodeQR Code

“AŞURA” inqilabının təsir və nəticələri

Maide , 7 Oct 2017 10:25


“Aşura” inqilabının təsir və nəticələrinin araşdırılması geniş mütaliə tələb edir və İslam alimlərinin əsərlərindən də anlaşıldığı kimi, bu, danılmaz bir həqiqətdir. Qanlı Kərbəla faciəsi zahirdə imam Hüseyn (ə) və səhabələrinin şəhadəti, əhli-əyalının əsarəti ilə sona yetsə də, az müddət sonra hamıya məlum oldu ki, bu inqilabın həqiqi qalibi şəhidlər sərvəri imam Hüseyndir (ə). Belə ki, o həzrətin qiyamı İslam cəmiyyətinə böyük təsir və nəticələr bağışladı ki, biz burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. İNSANİ DƏYƏRLƏR VƏ İLAHİ QANUNLARIN BƏRPASI

Haqqın möhkəmlənməsi, batilin aradan qaldırılması, dini ayinlərin icrası, ictimai ədalət və azadlığın bərpası, nəticədə isə məhrum təbəqənin öz haqqına çatması həqiqi islahatçılar və haqq carçılarının əsas məqsədini izləyir. Yezidin hakimiyyəti dönəmində İslam cəmiyyətinə fitnə-fəsad və zülmkarlıq hakim kəsilmiş, ədalət, azadlıq, insani dəyərlər və ilahi qanunlar tamamilə unudulmuş və nalayiq insanların nəfsani istəklərinin qurbanına çevrilmişdi. İmam Hüseyn (ə) öz hərəkatı ilə İslama yeni bir can verdi, öz şəhadət qanı ilə uzun müddət yaddaşlardan silinmiş insani və ilahi dəyərləri, İslam hökmlərini və dini göstərişləri İslam cəmiyyətinə qaytardı. İmam Hüseyn (ə) öz qiyamı ilə müsəlmanlara başa saldı ki, İslam hər bir şeydən əziz və üstündür, onun hökm və qanunlarının yaşaması və cəmiyyətdə icrası üçün fadakarlıq göstərmək, hər bir şeydən keçmək lazımdır.

2. HAKİM DAİRƏLƏRİN RÜSVAYÇILIĞI

Yezidin qoşununun Aşura hadisəsində haqq ordusunun üzünə su yolunu bağlaması, uşaqları öldürməsi, Peyğəmbər ailəsini, qadın-uşaqları əsir etməsi kimi insanlıqdan uzaq olan bir sıra işlər Əməvilər sülaləsinin rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid camaatın nifrətini qazandı. (“Təzkirətül-xəvass”, səh.262.) Yezid qələbəsinin əvvəlində şad və qürurlu görünsə də, camaatın etirazı nəticəsində bu şadlığı itirib, imam Hüseynin (ə) şəhadətini, Aşura faciəsini Kufənin hakimi Übeydullah ibn Ziyadın boynuna atdı. Tarixçilər yazırlar: “Yezid Aşura faciəsindən İbn Ziyadı göstərdiyi xidmətə görə mükafatlandırmaq üçün Dəməşqə dəvət etdi. Ona çoxlu mal-dövlət və bahalı hədiyyələr verdi. Ona öz yanında yer verdi...” (“Təzkirətül-xəvass”, səh.290.) Ancaq camaatın etirazları artdığı zaman dərhal özünü kənara çəkib bütün məsuliyyəti İbn Ziyadın boynuna atdı.

Yezid Aşura hadisəsindən sonra cəmi üç il doqquz ay yaşadı. Ancaq onun bu nankorluğu Əməvilər üçün əbədi rüsvayçılığı miras qoydu. Belə ki, Yeziddən sonrakı azacıq ağlı olan Əməvi xəlifələri Yezidin gördüyü işləri təkrar etməkdən çəkindilər. İslam tarixçisi Yəqubi yazır: “Əbdülməlik ibn Mərvan (öz hakimiyyəti dövründə) onun tərəfindən Hicaza vali seçilmiş Həccaca yazdı ki, məni Əbu Talibin övladlarının qanına bulaşdırma. Mən özüm gördüm ki, Hərbin (Əbu Süfyanın) ailəsi onlarla düşmənçilik etdi, nəticədə süquta uğradı.” (“Tarixi-Yəqubi”, c.3, səh.49.)

3. ŞƏHADƏT RUHİYYƏSİNİN DİRÇƏLMƏSİ

Tarixi sənədlərə əsasən, İslam Peyğəmbərinin (s) dönəmində müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına çıxmaları olub. Ancaq o həzrətin vəfatından sonra İslam quruluşunun öz həqiqi yolundan çıxması, əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir, camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər. Əməvilərin hakimiyyəti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axırları və Yezidin hakimiyyətinin əvvəllərində isə bu vəziyyət öz kulminasiya nöqtəsinə çatdı. O dövrdə qəbilə başçıları əsasən sərvət və gücə tabe idilər. Vicdan və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. Hamı öz şəxsi həyatı üçün iş görür, hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışır və heç kəsin şəxsi mənafedən başqa bir fikri yox idi. Cəmiyyətin diqqətini cəlb edən yeganə məsələ məvaciblərinin kəsilməməsi idi. Hamı məvacibinin kəsilməsindən qorxub qəbilə başçılarının əmrlərini əyər-əskiksiz yerinə yetirirdi. Buna görə də, zülm və haqsızlıqla üzləşdikdə, heç bir etiraz etmirdi.

İmam Hüseynin (ə) inqilabı bu vəziyyəti tamamilə dəyişdirdi və cəmiyyət arasında şəhadət ruhiyyəsini oyatdı. O həzrət öz inqilabı ilə İslam cəmiyyətinə yeni bir yol göstərdi. Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı, elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki, onun şüası hər tərəfi bürüdü. Bu dəyişiklik və oyanışın ilkin nümunəsi Abdullah ibn Əfif Əzdinin Kufədə etdiyi etiraz idi. İbn Ziyad döyüşdən sonra qələbə münasibətilə söylədiyi birinci çıxışında imam Hüseynə (ə) nalayiq sözlər deməyə başladığı zaman imam Əlinin (ə) səhabələrindən olan, bir gözünü Cəməl müharibəsi, digəri gözünü isə Siffeyn müharibəsində itirən Abdullah ibn Əfifin etiraz sədası ilə üzləşdi. (“Tarixül-üməmi vəl-mülük”, c.6, səh.263.) Bir sözlə, İmam Hüseyn (ə) başa saldı ki, İslam cəmiyyəti, hətta digər cəmiyyətlər də zülm və haqsızlıq müqabilində boyun əyməməlidirlər. Başqa sözlə, “Aşura” hərəkatı insanlara zülm və haqsızlıq müqabilində müqavimət və dindarlıq dərsini aşıladı, cəmiyyətdə şücaət, qəhrəmanlıq və şəhadət ruhiyyəsini dirçəltdi.

4. QIYAMLARIN BAŞ QALDIRILMASI

Kərbəla inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu. Onlardan ikisinə nəzər yetirək:

a) “Təvvabin” (tövbə edənlərin) qiyamı: İmam Hüseynin (ə) şəhadətinin ilk müsbət nəticəsi Kufə şəhərində “Təvvabin” hərəkatı oldu. Aşura faciəsində imam Hüseynlə (ə) birgə ola bilməyən şiələr özlərini möhkəmcə qınadılar, böyük səhvə yol verdiklərini başa düşdülər. Çünki onlar əvvəl imam Hüseyni (ə) Kufəyə dəvət etmiş, sonra isə ona kömək etməkdən imtina etmişdilər. İmam Hüseyn (ə) də onların bu dəvətinə əsasən İraqa gəlmiş, onların şəhərinin yaxınlığında şəhadətə çatmış, onlar isə yerlərindən belə tərpənməmişdilər. Artıq başa düşdülər ki, imam Hüseynin (ə) qatillərindən qisas almayınca və yaxud bu yolda ölməyincə alçaqlıq ləkəsi onların üstündən götürülməyəcək.

“Təvvabin” hərəkatına Süleyman ibn Sürəd Xüzai başda olmaqla Kufənin məşhur şiələrindən bir qrupu rəhbərlik edirdi. Bu hərəkatın carçısı Übeydullah ibn Abdullah xalqı qiyama dəvət edərkən belə deyirdi: “Mən sizi Allahın kitabı, Peyğəmbərin (s) sünnəsinə, Əhli-beytinin intiqamını almağa, “Qasitin” və “Mariqin”lə döyüşə dəvət edirəm. Bu yolda öldürülsək, Allahın axirətdə təqvalılar üçün hazırladığı daha yaxşıdır və əgər qələbə çalsaq, cəmiyyətin hökumət və rəhbərliyini Peyğəmbərimizin Əhli-beytinə qaytaracağıq.” (“Tarixi-Təbəri”, c.4, s.464.)

“Təvvabin” qrupu Kərbəla faciəsindan sonra gizli şəkildə fəaliyyətə başladı. Böyük qoşun topladıqdan və qüvvətləndikdən sonra 64-65-ci hicri-qəməri illərində İbn Ziyad və onun ordusuna qarşı ciddi bir təhlükəyə çevrildi. O zaman Kufə Zübeyrlilərin əlinə keçmişdi. Onlar batində Rəsulullahın (s) xanədanı, xüsusilə, imam Əli (ə) ilə müxalif, “Təvvabin” və İbn Ziyadla düşmən olsalar da, “Təvvabin”lə döyüşəcəkləri təqdirdə, bu işin hər iki tərəfin zəifləməsinə səbəb olacağını düşünərək “Təvvabin” qiyamına mane olmadılar. Hətta onları İbn Ziyadla döyüşə rəğbətləndirirdilər.

Nəhayət, “Təvvabin” düşmənlə üz-üzə gəldi. Hər iki qoşun arasında qanlı toqquşma baş versə də, Süleymanın ordusunun məğlubiyyəti ilə sona çatdı. Süleyman və qoşunu şəhadətə yetirildi və yalnız az bir dəstə sağ-salamat Kufəyə qayıda bildi.

Ümumiyyətlə, “Təvvabin” qiyamı onun üzvlərini narahat edən bir günahın kəffarəsini ödəmək əsasında qurulmuşdu. Bu duyğu onlara o qədər təsir etmişdi ki, hətta məsələnin siyasi yönünü belə üstələmişdi. Elə bu səbəbdən də, həmin ruhi halət bu qiyamın siyasi şəraitini doğru və dəqiq şəkildə qiymətləndirməyə imkan vermirdi. Onlar nə qələbə fikrində idilər, nə də hökumətə gəlmək istəyirdilər. Təkcə məqsədləri intiqam idi. Onlar öz məqsədlərinə çatmaq uğrunda ölmək arzusunda idilər. (“Məsum imamların siyasi-ictimai həyatı”, Ustad Rəsul Cəfəryan, “İmam Səccadın (ə) həyatı” bölümü.)

b) Muxtarın qiyamı: 66-cı hicri-qəməri ilində Muxtar ibn Əbu Übeyd Səqəfi imam Hüseynin (ə) qatillərindən intiqam almaq üçün İraqda qiyam etdi. Müslim Kufəyə gəldikdən sonra Muxtar onunla yaxından həmkarlıq edirdi. Müslim, İbn Ziyad tərəfindən tutulub şəhid olmaqla həmzaman Muxtar da İbn Ziyadın əmrilə həbs edilmişdi. O, Aşura hadisəsindən sonra həbsdən azad edildi. O vaxt Abdullah ibn Zübeyr Məkkədə qiyam edib özünü müsəlmanların xəlifəsi elan etdiyi üçün Muxtar da Məkkəyə yola düşüb Abdullah ibn Zübeyrlə əlbir oldu. 64-cü hicri-qəməri ilində Yezidin ölümündən beş ay sonra Muxtar İraq əhalisinin Əməvilər hakimiyyətinə qarşı qiyama hazır və Abdullah ibn Zübeyrin hakimiyyətinə isə meylsiz olduqlarını görüb Kufəyə gələrək öz fəaliyyətinə başladı və nəhayət, qiyam edib, imam Hüseynin (ə) qatillərindən qisas aldı.

5. ƏMƏVİLƏR SÜLALƏSİNİN SÜQUTU

İmam Hüseynin (ə) inqilabından nəşələnmiş hərəkatlar “Təvvabin” hərəkatı və Muxtarın qiyamı ilə bitmir. Sonrakı illərdə də neçə-neçə qiyamlar baş verdi. Onların ən önəmlisi 132-ci hicri-qəməri ilində qələbə ilə başa çatan və Əməvilər hakimiyyətinə son qoyan Abbasilər qiyamıdır. Abbasilər qiyamının qalib gəlməsinin ən başlıca səbəbi Əməvilər sülaləsinin Haşimilərə qarşı zülmkarlıqları və Haşimilər sülaləsinin məzlumiyyətinin aşkar edilməsindən ibarət idi. İmam Hüseynin (ə) şəhadətinin xatırlanması və Aşura faciəsinin insanlara aşılanması camaatın Əməvilərə qarşı qəzəbini daha da artırırdı. Tarixçilər yazırlar: “Sonuncu Əməvi xəlifəsi Mərvanın kəsilmiş başını ilk Abbasi xəlifəsi Əbül-Abbasın hüzuruna gətirdikdə, Əbül-Abbas uzun bir səcdəyə qapıldı. Başını səcdədən qaldırdıqdan sonra Mərvanın kəsilmiş başına xitab edərək dedi: “Şükr olsun Allaha ki, mənim qisasımı səndən və qəbiləndən aldı. Şükr olsun Allaha ki, mənə sənin üzərində qələbə qazandırdı.” Sonra əlavə edərək dedi: “İndi mənim üçün nə vaxt öləcəyim mühüm deyil, çünki Hüseynin (ə) intiqamı naminə Əməvilərdən iki min nəfəri öldürdüm.” (“Məsum imamların həyatı”, Ustad Mehdi Pişvayi, “İmam Hüseynin (ə) həyatı” bölümü.)

Rza Şükürlü (Maide.Az)


Story Code: 674758

News Link :
https://www.islamtimes.com/az/article/674758/aşura-inqilabının-təsir-və-nəticələri

Islam Times
  https://www.islamtimes.com