QR CodeQR Code

Lənkəran ilahiyyatçılarının siyasi sifarişlə həbs edildiyi belə sübut olundu

Azadliq , 26 Sep 2017 01:14

Islamtimes - E.Ağayev başqa bir ilahiyyatçı Zülfüqar Mikayılov və daha 10 nəfərlə birlikdə Nardaran hadisələrinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.


«Cinayət işinin materialları arasında Lənkəranın icra başçısının Elman Ağayev haqda verdiyi xasiyyətnamə var. İcra başçısı yazır ki, «Elman təhlükəli ünsürdür, təcrid olunmalıdır». Bu nə deməkdir axı? Elə təkcə bu faktın özü bu işin də, Elmanın həbsinin də sifarişli olduğunu deməyə əsas verir», – Nardaran hadisələrinə görə həbs olunmuş ilahiyyatçı Elman Ağayevin vəkili Akif Əliyevin sözləridir.

E.Ağayev başqa bir ilahiyyatçı Zülfüqar Mikayılov və daha 10 nəfərlə birlikdə Nardaran hadisələrinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Doqquz aydır davam edən bu prosesdə məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə 14 ildən 18 ilə qədər həbs cəzası istəyib. Hazırda vəkillərin müdafiə çıxışı mərhələsidir.

«YAXŞI Kİ, FEMİDANIN GÖZÜ BAĞLIDIR, BURADA OLANLARI GÖRMÜR»

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən E.Ağayevə 15 il cəza verilməsini təklif edib. Vəkil isə deyir ki, onun heç bir günahı yoxdur, sifarişlə həbs olunub. Müdafiəçi məhkəmədə bu iş üzrə lazımi araşdırma aparılmamasından, tərəflərin bərabərliyi prinsipinin pozulmasından, hakimlərin prokurorun mövqeyindən çıxış etməsindən gileylənib:

«Məhkəmə prosesi boyunca müdafiə tərəfi sıxışdırıldı. Femidanın tərəzisinin bir gözünə bizi, o biri gözünə prokuroru qoyanda görürük ki, tərəzi əyridir. Yaxşı ki, Femida xanımın gözü bağlıdır, burada olanları görmür. Elman Ağayev həbs olunarkən protokollara imza atmış müdafiəçi var. Guya, dövlət hesabına vəkil təyin olunub. Halbuki, həmin adam Bakıda yaşayır və həmin vaxt Lənkəranda olmayıb. Həmin imzalar da saxtalaşdırılır. Biz məhkəmədə bu məsələnin araşdırılması haqda vəsatət qaldırdıq, amma təmin olunmadı. Bu adamların günahsız, ittihamların da qurama olduğunu görmək üçün heç hüquqşünas olmağa ehtiyac yoxdur, açıq-aşkar görünür. Bu cür işlərdə günahsız adamlara qanunsuz hökm oxumaqla tək o adamın özünün yox, ailəsinin də həyatını məhv edirlər».

«ONLAR BAŞQA DİN XADİMLƏRİ KİMİ PUL ALMAYIB, BU DA KİMLƏRİSƏ NARAHAT EDİB»

E.Ağayevin həbsi ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edildiyini, yerli və beynəlxalq insan haqları təşkilatlarının onu siyasi məhbus kimi tanıdığını deyən vəkil Lənkəranın icra başçısı Taleh Qaraşovun məktubu haqda da danışıb:

«İcra başçısının yazdığı xasiyyətnamədə Elman demək olar ki, bütün ağır cinayətlərdə ittiham edilir. İcra başçısı maraqlı fiqurdur, prezidentin rayondakı naibidir. İşin içindəki bu məktub Elmanın həbsinin siyasi motivli olmasından xəbər verir. Elman dini ayinləri icra edən, Quranda yazılanlara əməl edən şəxsdir. Bu da cinayət deyil. O, vətənə sevgini təbliğ edib, vəhhabilərlə, İŞİD-lə, terrorla mübarizədən danışıb. Onun, Zülfüqar Mikayılovun ətrafına çox adam toplaşıb. İnsanlar onlara inanıb. Çünki onlar başqa din xadimləri kimi dini ayinlərə görə pul almayıblar. Bu da kimlərisə narahat edib».

Vəkil çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

«BU ADAMLAR HARANI PARTLADIBLAR, HANSI DÖVLƏTİ HƏDƏLƏYİBLƏR?»

Təqsirləndirilən şəxslərdən Cabir Əliyev və Mübariz İbrahimovun vəkili Bəhruz Bayramov da ittihamların absurd olduğunu, məhkəmə önünə çıxarılan 12 nəfərin heç birinin cinayət törətmədiyini deyib. Təqsirləndirilən şəxslərə verilən ittihamların hər biri haqda ayrıca danışan Bayramov bildirib ki, onlarda silah olmayıb:

«Bir neçə köhnə silahı adamların evinə qoyub sonra da götürüblər. Adını da qoyublar ki, filankəsin evindən qumbara tapıldı».

Terrorçuluq suçlamasına gəlincə, vəkil sual edib ki, bu adamlar haranı partladıblar, yaxud hansı ölkəni, hansı təşkilatı hədələyiblər?

«Məsələ sadədir, istintaq orqanı bilib ki, nə yazsa, onsuz da məhkəmədə keçəcək, ona görə nə gəldi yazıb işi bağlayıblar. Bu, ilk növbədə məhkəmənin özünə hörmətsizlikdir», – vəkil bildirib.

B.Bayramov da, onun ardınca çıxış edən həmkarı, təqsirləndirilən Mehman Məmmədovun vəkili Xavər İsmayılova da hüquqlarını müdafiə etdiyi şəxslər haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə oktyabrın 2-də digər vəkillərin çıxışı ilə davam edəcək./azadlıq/


Story Code: 671978

News Link :
https://www.islamtimes.com/az/article/671978/lənkəran-ilahiyyatçılarının-siyasi-sifarişlə-həbs-edildiyi-belə-sübut-olundu

Islam Times
  https://www.islamtimes.com