QR CodeQR Code

Cənab prezident, eşidirsiz?

Nur.az.com , 19 Sep 2017 16:03

Islamtimes - Türkiyədə bir bələdiyyənin gördüyü iş, sizin hökümətin gördüyü işdən çoxdu.


Salam cənab prezident. Bu prezident” sözünün qarşısında “cənab”, “hörmətli” sözü niyə yazılır, anlamıram. Dünyada o qədər hörmətsiz prezidentlər var ki. Nəysə… Bu məktubu sizə İstanbuldan, bura işləməyə gələn 100 minlərlə azərbaycanlıdan biri olaraq yazıram. Bura gəldiyimdə ilk diqqətimi çəkən, insanlardakı özgüvən və azadlıqları oldu. İlk olaraq bu özgüvənin səbəbləri ilə maraqlandım . Bu özgüvənin təməlində dövlətin yaşam üçün vətəndaşa dəstəyi dururdu. Cənab prezident, sizə burdakı sosial vəziyyətdən yazmaq istəyirəm. Bilirəm ki, xəbəriniz yoxdur. Ümumiyyətlə, sizin çox şeydən xəbəriniz olmur. Burda minimum əməkhaqqı bizim pulla 700 manata yaxındı. Sığorta məcburidi. Bir ailədən 2 nəfər işləsə və bu ailə kirayədə qalsa belə, aldıqları məvacib dolanışıqlarına yetər. İşləyən hər kəsin sığortası olduğuna görə tibbi xərcləri qarşılanır, işdən çıxarıldıqda təzminatları ödənilir. İşdən çıxan adam çıxdığı gün də iş tapa bilər. Çünki dövlət yatırım edənlərə, yeni iş yeri açanlara çox güzəşt etdiyi üçün iş tapmaq çox asandı. Cənab prezident, təssəvvür edin ki, siz sahibkarsınız. (mən təssəvvür etdim, işçiyə verəcəyiniz maaş, onlara olan münasibəti gözüm önünə gətirdim. Siz elə prezident də qalın). Balaxanı zibilliyinin yanında “Yenidən Emal” zavodu açırsınız. O zavodun tikintisinə xərclədiyiniz pulu, dövlət vergi borcunuzdan silir. Siz prezident olduğunuz bu 14 ildə hansısa sahibkara belə güzəşt etsəydiniz, indi pambığın, baramanın dalına düşüb büdcəni doldurmağa çalışmazdınız. Burda da dövlətin sahibkarlara basqısı var. Yox, o dəqiqə öz metodlarınız gözünüz önünə gəlməsin. Bu basqı ondan deyil. Məsələn, burda sahibkar işçinin hüquqlarına hörmətlə yanaşır və onları təmin etməyə borcludu. Yenə də gözünüzün önündə xalqımızın hüquqları canlandı, eləmi cənab prezident? Bizdən fərqli olaraq burda o hüquqlar təmin olunur. Başağrısı deyil ki, cənab prezident? Sizə burda başıma gələn bir olayı danışım. Yeni gəlmişdim, bir fabrikdə işləyirdik. Yemək vaxtı gəldi və biz yeməkxanaya daxil olduq. Yaxşı mənada təəccübləndim. 3 çeşid yemək, 2 çeşid salat, meyvə, şirniyyat və soklar. Mən ölkədə bir neçə zavodda yemək yemişəm və heç biri bu kiçik fabriklə müqayisə oluna bilməz. Nahardan sonra birlikdə işlədiyim adamdan soruşdum ki, yəqin bu fabrikin sahibi işçini sevən biridi. Soruşdu ki, niyə belə düşünürsən? Dedim ki, çox keyfiyyətli yemək verir, işçinin qeydinə qalır. Güldü, dedi ki, belə olmasa heç kim burda çalışmaz və şikayət olarsa, dövlət böyük məbləğdə cərimə edər. Burda işçinin hüququ, bizdəki deputatların hüquqlarından çoxdu. Cənab prezident, bizim deputatların sığortası var? Yoxdursa, elətdirin, yazıqdılar. Burda bir bələdiyyənin gördüyü iş, sizin hökümətin gördüyü işdən çoxdu. Çox müqayisələr etmək olar, amma bu yazıya sığışmaz. Görüşəndə daha geniş danışaram. Hələlik, cənab prezident.

Orxan Səlimzadə


Story Code: 670293

News Link :
https://www.islamtimes.com/az/article/670293/cənab-prezident-eşidirsiz

Islam Times
  https://www.islamtimes.com