Yetər bu hakimiyyətlə birdən-üçə, üçdən-birə saydığımız!
Nur-az.com , 12 Sep 2017 14:19
Islamtimes - Hələ də bu iqtidar “göydən üç alma düşdü” nağılıyla ölkəni idarə etməkdədi
Bu gün ölkə idarəçiliyini siyasi hakimiyyətdən daha çox şəxsi təsərrüfat birliyi kimi xarakterizə etmək daha doğru, dürüst olardı. Fikir versəniz, məmurlar “ordusunun” böyük bir hissəsinin açıq və ya gizli şəkildə özəl müəssisələrə sahibliyini görərsiniz. Məmur hara, sahibkarlıq, biznes hara?
Hələ də iqtidarın xəyal dünyasında Xalq, Dövlət, Vətəndaş kimi Aərbaycan özünün xoşbəxt dövrünü yaşayır. Nə qədər bəsit olasan ki, uğursuzluğu göz qabağındakı ölkəyə lider Dövlət deyə biləsən, tədbirlərdə, iclaslarda olmayan inkişafa, uğura əl çaldırasan.
Hələ də bu iqtidar “göydən üç alma düşdü” nağılıyla ölkəni idarə etməkdədi. Bu şəxslər bir primitiv mübarizə metodu seçiblər. “Hakimiyyətimizi bəyənməyənlər uğurumuza qarşı olanlardı” qışqırırlar. Hələ də bilmirəm, bu komanda uğur və inkişafı harada gizlədib ki , biz onu görmürük. ABŞ, Böyük Britaniya, beynəlxalq təşkilatlar, eləcə də dünyada nüfuz yeri olan siyasi qurumlardan hakimiyyətə irad gələndə “erməni barmağı” var deyirlər.
Elə bir formada təbliğat maşını (əslində təbliğatsızlıq) işə düşür ki, guya bu ölkə və təşkilatları erməni lobbisi idarə edir. Yalandır, onlar heç kimdi. Heç bir Dövlətə də təsirləri yoxdur. Sadəcə, tarixən ermənilər güclülərin əlində ələ yatımlı alət olublar. Beyindən alətə siqnal gəlir, alətdən beyinə siqnal getmir ki. Ermənilər ələ yatımlı alət olduqlarından əsirlərdi günləri aldanışla keçir. Əslində, Azərbaycanın erməni problemi yoxdu, Rusiya problemi var. Çünki Rusiya siyasi dairələri, siyasi mərkəzləri Azərbaycan Respublikası üçün beyinlərindən zəhər ifraz edir. Azərbaycanı bu zəhərdən bu hakimiyyət xilas edə bilməz. Rusiyada gedən siyasi proseslərdən belə nəticəyə gəlmək olar ki, Moskva ömrünün əzəmətli dövrünü başa vurmaqdadı. Ondan yeni qopmalar qaçılmazdır. Bu qopmaları hiss edən Rus siyasi maşını hər cür zorakılığa əl atmaqla ölkəsini sərhədləri daxilində saxlamağa çalışacaq.
“Dostunu mənə göstər, səni tanıyım” prinsipinə görə zorakı Rusiya ilə müttəfiq, dost ola bilmərik. Bu qaranlıq yarımdünyanın zülmətində Müstəqilliyimizi itirə bilərik. Təbii, erməni dövləti kimi də şüursuz şəkildə hansısa ölkənin arxasınca düşməməliyik ! Özümüzə güvənməli, Dünya siyasi arenasında xarakteri, üzü olan Dövlət kimi tanınmalıyıq ! BÜTÜN UĞURUMUZ ÖZÜMÜZÜK ! Bütün nailiyyətlərimizin nüvəsi Azərbaycan xalqıdır. Azərbaycan xalqına beyin hakimiyyəti formalaşdırmağa imkan verilməlidi. Təfəkkürlü insanlar yeni hakimiyyətdə təmsil olunmalıdı. Elə bir iqtidar ki, AZƏRBAYCANA ASİ OLAN GÜCLƏRİ danışıqlar masasında SÖZSÜZ QOYA BİLSİN ! Bu gün bu hakimiyyətə qapını göstərib deyirlər; bu münaqişə gələn ilə qaldı. Get, gələn il gələrsən. Budur, Ermənistan-Azərbaycan münaqişəsiylə bağlı gercəklik. Yetər, 24 ildir bu hakimiyyətlə birgə birdən-üçə, üçdən-birə saydığımız!/azadlıq/
Hikmət Nikbin
Story Code: 668498