İlham Əliyev zarafat edir, ya ciddi danışır?
Nur.az.com , 24 Aug 2017 01:00
Islamtimes - Adama deyərlər, görmürsən eynək tax
Çox götür-qoy etdim. İlham Əliyev zarafat edib ya ciddi danışıb? Nəhayət qərarlaşdırdım ki, yox, onun nə mənə, nə də Gədəbəydə qarşısında farağat durquzduğu adamlara ərki-zadı çatmır ki, zarafat etsin. Tam ciddi deyib. Deyib ki: “Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur”.
Adama deyərlər, görmürsən eynək tax. Elə başınıza pul yağanda neftin qiymətlərinin qeyri-müəyyən, qeyri-stabil olmasının yaratdığı riskləri görməzdən gəldiniz ki, ölkəni bu acınacaqlı duruma saldınız.
İki şeyi, birincisi, eynək taxdığımı və ikincisi, hər hansı problemin həllinin həmin problemin legitimləşdirilməsindən, yəni etiraf edilməsindən keçdiyini əsas götürərək bəzi problem və riskləri İlham Əliyevin nəzərinə çatdırmaq istəyirəm.
Sosial-iqtisadi sahədəki korun da gördüyü problem və risklərə toxunmayacağam. Bunun üçün bir dəftər doldurmaq lazımdır və heç kim də onu oxumaz. Qısaca qeyd eymək istəyirəm ki, cəmiyyətdəki qeyri-müəyyənlik iqtisadi və sosial risklərin əmələ gəlməsinin xarakterik səbəbidir. Qeyri-müəyyənlik insanların görmək istədikləri ilə həqiqətdə baş verənlər arasında bir uyğunsuzluq yaradır və bu uyğunsuzluğun kəmiyyət göstəricisi dövlətin gəlirləridir. Dövlətin gəlirləri isə son iki ildə az qala 3 dəfə azalıb.
Mən dövlətin mahiyyətini təşkil edən məsələlərdəki problem, risk və təhlükələrə toxunmaq istəyirəm:
1) Azərbaycanda hakimiyyətin publik xarakteri problemlər içindədir.
2) Hakimiyyəti həyata keçirən dövlət aparatı kriminallaşaraq dövlət üçün təhlükəyə çevriliblər.
3) Dövlətin ərazi bütövlüyü risk və təhlükə altındadır.
4) Hakimiyyətin açar nöqtələrində qərar tutmuş müxtəlif ölkələrin 5-ci kalon nümayəndələri müstəqilliyimizi risk və təhlükə altına atıblar.
5) Dövlət suverenliyinin əsas göstəricisi olan daxili suverenlik təhlükə altındadır. Ölkədə paytaxtı Bakı, Naxçıvan və Xankəndi olmaqla üç suveren hakimiyyət fəaliyyət göstərir.
6) Nəhayət, dövlətdə hüquq anlayışı basqı və təhlükə altındadır.
Və əgər dövlətin bütöv mahiyyəti problemlər içində, risk, təhlükə altındadırsa, qalan problemləri saymağın bir mənası yoxdur. Çünki ölkənin bütün problem, risk və təhlükələrini dövlətin mahiyyətindəki problem, risk və təhlükələrin yaratdığı şəksizdir.
Rafiq Manaflı
Story Code: 663741