Kiçik zindandan böyük zindana və böyük lüks həyatdan kiçik lüks həyata
Nur.az.com , 16 Aug 2017 00:26
İslamtimes - Əli Həsənov heç də nəvəsini orada nəzarətsiz və qayğısız buraxan deyil
Əli Həsənovun nəvəsinin təcridxanda lüks şəraitdə yaşaması xəbərləri yayılmaqdadır. Deyilənlərə görə 30-40 min manat müqabilində həbsxanada ona yaxşı şərait yaradılıb, kondisionerli, televizorlu kameraya köçürülüb. Orada hər gün yaxınlarıyla telefonla danışır. Hətta deyilənə görə həmin kamera ondan əvvəl vəzifəli şəxsin kamerası olub. Həmin vəzifəli şəxs xəstəxanaya yerləşdirildikdən sonra Əli Həsənovun nəvəsi həmin kamerya köçürülüb. Ədliyyə Nazirliyi isə bu xəbərlərin yalan olduğuna dair bəyanat verib.
Əlbəttə, hamıya məlumdur ki, nəvəsini polisə öz əlləriylə təslim etdiyini deyən Əli Həsənov heç də nəvəsini orada nəzarətsiz və qayğısız buraxan deyil. Əli Həsənovun qudurğanlığı və nəvəsinə qarşı olan nəzarətsizliyi onun azadlıqda olduğu vaxtlarda idi. Bu xəbərin doğru olub-olmadığından asılı olmayaraq Həsənov nəvəsi üçün həbsxanada belə yaxşı şərait yaratmağa çalışacaq.
Digər tərəfdən Ədliyyə Nazirliyinin sözçüsünə hansı dürüstlüyünə görə inanmaq olar? Bu insanların nəfəsləri yalanla gedib-gəlir. Təsəvvür edin bu həmin nazirlikdir ki, - mətbuatda yazılanlara əsasən – Yadigar Sadıqovun cəzasının üçdə birinin yüngülləşdirilməsinin (belə bir qanun var ki, özlərini yaxşı aparan, peşman olan məhbusların cəzasının üçdə biri onlara bağışlanılır) qarşısını almaq üçün Yadigar bəyin sözə baxmadığını bildirmişdi. Sözə baxmamağını isə kitab oxumasıyla əsaslandırmışdı.
Üstəlik, həbs edilmiş dindarlarla belə bu nazirliyin işçiləri adam kimi rəftar etmir. Məsələn, son dərc edilən xəbərlərin birində deyilir ki, Nardaran hadisələrində təqsirli bilinən Hüseyn Abbas və başqa məhbuslarla həbsxanada qeyri-insani rəftar edilir, onlar işgəncələrə məruz qalır. Xəbərdə deyilir ki, məhbusun yaxınları hətta "Qızıl xaç" komitəsinə də müraciət ediblər. Humanitar təşkilatın işgəncələrə məruz qalan məhbusla görüşü nəzərdə tutulur. Əlbəttə, bu yerdə Ədliyyə Nazirliyi söhbəti istədiyi kimi "fırladıb" qabırğaları sınıq-salxaq olan adamı sap-sağlam təqdim edər.
Bu məqamda digər məhbus (Allah bütün nahaqdan tutulan məhbusların qapısını açsın) olan MBH-nın sədri ilahiyyatçı Hacı Taleh Bağırzadənin sözləri yada düşür. O, sonuncu dəfə həbsdən çıxarkən evində çəkiliş zamanı keçirdiyi hisləri bölüşərkən demişdi ki, heç nə baş verməyib, kiçik zindandan böyük zindana çıxmışıq. Əlbəttə, bu sözün əsası mübarək kəlamlarda mövcuddur. Dünya möminə zindandır deyirlər. Bir ölkədə ədalətsiz mühit ucbatından zindandan çıxan bir mömin şəxs "kiçik zindandan böyük zindana çıxdıq" deyirsə, həmin ədalətsiz mühitin yaranmasına səbəb olanlardan birinin nəvəsi qudurğanlıq üzündən həbs edilsə də böyük lüks həyatdan kiçik lüks həyata qədəm qoyacaqdır. Əslində heç Əli Həsənovun, yaxud ədalətdən qafil olan Ədliyyə Nazirliyinin sərsəm bəyanatlarına ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Bu ədalətsizliyə son vermək gərəkdir.
Təəssüf ki, ölkəmizdə dövlətin təməlini qazıyan bəzi dairələr mövcuddur ki, onlar Tale Bağırzadənin vaxtında həyəcan təbili çalıb ölkəni ədalətsizliyə bürüyən məmurları ifşa etməsinin qarşısını almağa çalışır. Bununla da Əli Həsənov kimi məmurların özbaşınalıq etmələrinə real şərait yaradırlar.
Story Code: 661591