QR CodeQR Code

İlham Əliyev və 666 “malakeş”i…

Azadliq , 31 Jul 2017 16:38

Islamtimes - “666”-nın haqqında internetdə yetərincə ilginç məlumatlar var, hətta kino da çəkilib. Vaxt gələcək, bir qorxulu kino da “ Prezident və 666 köməkçisi” adı ilə Azərbaycanda çəkiləcək…


Məlahət Ağacan Rübabə

İlham Əliyev sevimli jurnalistləri üçün inşa etdirdiyi ikinci binanın açılış günündə deyib ki, jurnalistlər mənim köməkçilərimdir. Lap bir məşhur mahnıda olduğu kimi:” mənim jurnalistlərim, mənim sərvətimdir”, üzr istəyirəm,” mənim illərim, mənim sərvətimdir”. İlham Əliyev 2013-cü ildə 156, 2017-ci ildə 255 əliqələmli köməkçisini mənzillə mükafatlandırdı və yenidən 255 köməkçisini Heydər Əliyevin portretləri ilə bəzədilən mənzillərlə təmin etmək üçün 5 milyon manat ayırıb. Yeri gəlmişkən, üç binanın mənzilləri bir yerdə 666 edir: “666”-nın haqqında internetdə yetərincə ilginç məlumatlar var, hətta kino da çəkilib. Vaxt gələcək, bir qorxulu kino da “ Prezident və 666 köməkçisi” adı ilə Azərbaycanda çəkiləcək…

Maraqlıdır, doqquz milyon əhalisi olan bir ölkənin prezidentinin 666 nəfər qələm və klaviatura ilə silahlanmış köməkçisi varsa, tapança və avtomatla silahlanmış köməkçilərinin sayı nə qədərdir? Və bu qədər güclü köməkçiləri olan prezident niyə Azərbaycanın işğal olunan torpaqlarını geri qaytara bilmir, ölkə vətəndaşları işsizlik, yoxsulluq içində məhv olur?!

Azərbaycan elə bir haqsızlıq diyarına çevrilib ki, müharibəyə getməyənlər “qazi təqaüdü” alır, ömründə bir dəfə vicdanlı yazısı olmayan “Jurnalistlər evi”ndə yaşayır.

Hamı bilir ki, ancaq zəiflərin, tənbəllərin, xəstələrin köməkçiyə ehtiyacı olur, güclü, sağlam insanın köməkçiyə ehtiyacı yoxdur. Elə isə niyə velosiped sürməyi bacaran, turnikdə dartınmağı sevən, məşəllə qaça bilən İlham Əliyev dövlətin pullarını göyə sovurmaqla özünə qələm və klaviatura ilə silahlanmış köməkçilər toplayır? Həm də evlə, medalla mükafatlandırdığı köməkçilərinin əksəriyyəti əvvəllər onu tənqid ediblər, ən ağır sözləri adına ünvanlayıblar. Yəni İlham Əliyev o qədər zəif və gücsüzdür ki, hətta düşmənlərini, vaxtilə ona nifrət edənləri ev, medal müqabilində özünə köməkçi edir?..

Bəli, ölkəsi uçurumun kənarında olan bir prezident məcburdur ki, ölkədəki işsizliyi, vicdanlı insanların həbsini, əsgər ölümlərini, intiharları “malalamaq” üçün hətta ona nifrət edən jurnalistləri də dilə tutub, MALAKEŞ etsin…

İlham Əliyevdən yeni evlər hədiyyə alıb yeni qapılarından içəri girən jurnalistlər unutmasınlar: “Jurnalistlər evi”nin hər qırmızı lentli açıq qapısı yüzlərlə qapını bağlı qoyub, açarını qara lentli edib…
Azərbaycanda əsl jurnalistə ev vermirlər, qapısını bağlı qoyurlar!
Əliyevlər hakimiyyəti ölkədəki xoşbəxt ailələrin hamısını gözüyaşlı etdi, çünki başqalarının qəmi, faciəsi ailə xoşbəxtliyi olmayanlara təsəlli olur…/azadlıq/


Story Code: 657594

News Link :
https://www.islamtimes.com/az/article/657594/ilham-əliyev-və-666-malakeş-i

Islam Times
  https://www.islamtimes.com