YAP rejimində vəzifə tutmaq
Azadliq , 10 Jul 2017 11:13
Islamtimes - Yaxud, həmrəng olmayanların həmxasiyyət olmaqları
Etiraf edək ki, Azərbaycanda vəzifəyə gəlmək və vəzifədən getmək tamam fərqli olur. Ümumiyyətlə, YAP hakimiyyəti dövründə vəzifəyə gələn adam haqqında “bütün nəsil-nəcabətini yedizdirəcək”, “verdiyi rüşvəti çıxarmaq üçün xalqın qanını içəkcək” proqnozu verilir. Sadə vətəndaş da başa düşür ki, bu ölkədə insanlar bilik və bacarığına, vətən və xalq sevgisinə görə deyil, yaxşı rüşvət almaq qabiliyyətinə, rejimə yaltaqlanmaq məharətinə görə vəzifəyə götürülür. Ən əsası isə vəzifə kürsüsünə oturmaq üçün əlin cibində olmalıdır. Vəzifədən gedənlər isə birqayda olaraq hörmətsiz şəkildə, var-dövləti əlindən alınaraq, haqqında pis rəvayətlər qoşularaq, milyardları aşkar edilərək gedir. Hətta vəzifədən gedənlərin həbs olunmaq ehtimalı da böyükdür.
Qısası belədir ki, heç kim təmiz işləyə bilmir, hamının tərcümeyi-halına qara ləkələr düşür və hamını “ilişdirmək” mümkündür. Vəzifə başında olanın cinayəti bol, vəzifəyə təyin edənin isə iştahı. Əslində bu ölkədə “xalqa xidmət” vəzifəsi yoxdur. Yalnız “rejimə xidmət” vəzifəsi var.
Məhz buna görə də bu ölkədə hörmətlə xatırlanan, xalqın sevdiyi və seçdiyi vəzifə sahibi yoxdur. Hətta seçkili orqanlar da təyinatdan asılıdır. Cəmiyyətdə nüfuz sahibi olan, təmiz adam hesab olunan heç kim vəzifəyə aparılmır. Millətə vəkillik mandatı daşıyanlar birmənalı şəkildə cəmiyyətdən “2” qiyməti alıblar. Təkcə sosial şəbəkələrə nəzər salmaq kifayətdir ki, millət vəkillərinin hansı hörmət sahib olduğu bilnisin.
Birdə ki, bu ölkədə kiminsə istefaya getməsi, hansısa yüksək postu təhvil verməsi sensasiya sayılır. yuxarıda da qeyd etdiyimiz kimi vəzifədən gedən adam haqqında “var-dövlətini əlindən alacaqlar”, “yəqin həbs edəcəklər” fikri formalaşır. Hamı başa düşür ki, bu ölkədə məmurun dərisi kresloya yapışana qədər iş başında olur. Bunun əksi baş verirsə, deməli komandada “razborka” var.
Son olaraq Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev yola salındı. Onun vəzifədən gedişini məscid söküntüsüylə əlaqələndirsələr də, cəmiyyət bunu udmadı. Bugün İbrahim Mehdiyev haqqında yayılan məlumatlar da bunun sübutudur. Sən demə İbrahim müəllimin Bakıdan tutmuş İsveçrəyə qədər bahalı mülkələri, obyektləri, torpaq sahələri var imiş. Faktiki olaraq Yasamalın kəndxudası milyoner imiş. Guya, dünənə qədər İbrahim Mehdiyevin nələrə sahib olduğudan, cibinin enindən başda oturanlar xəbərsiz imiş. Xeyr, sadəcə olaraq İbrahim Mehdiyev də növbəti qurbandır. Rejim öz balalarını məqam yetişəndə yeyir. Əvvəlcə yaxşı qazanmasına şərait yaradılır, yekəldilir-kökəldilir, sonra “rejim məhkəmə” sinə çıxardılır. Əslində bu ölkədə milyardlar yığam məmurların da sığortası yoxdur. Bir ölkədə hakim partiyanın rəhbərliyində təmsil olunan Tağı Əhmədovdan 3 milyon rüşvət alırlarsa və bu rüşvət alan da zindana düşürsə və onun da milyardları olduğu aşkar olunursa, deməli hamı çirkli süfrənin zəhərli təamlarından zəhərlənəcək.
Hökumət birqayda olaraq vurulmuş şəxslərin var-dövlətini üzə çıxarmaqla, özünün haqlı olduğunu göstərmək istəyir. Amma bu taktikada əks effekt verir. Əvvəla məlum olur ki, rejimin bütün məmurları oğurlamaqla məşğul olub. Yəni, sübuta yetirilir ki, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi qlobal böhranla, neftin qiymətiylə bağlı deyil. Birbaşa məmur oğurluğuyla, naatəmiz adamların işbaşında olmasıyla bağlıdır.
İkincisi, sual meydana çıxır ki, İlham Əliyev daha çox oğurlayanları niyə vəzifədən azad etmir. Bugün sadə vətəndaş da hansı nazirin hansı obyektlərə, şadlıq saraylarına sahib olduğunu, hansı məhsulun kimin monopoliyasında olduğunu yaxşı bilir. Deməli, bu məlumat ən başda oturanlara da agahdır. İllərdi ölkə mətbuatı iri məmurlara məxsus saysız-hesabsız sərvətin siyahısını dərc edir. Amma görünən budur ki, daha çox oğurlayanlar, daha böyük vəzifələrə dırmaşır.
Bir sözlə, rejimin mahiyyəti bunu tələb edir. Vəzifədə tutursansa, özün talan etməli, yuxarıdakılara da ənam verməlisən. Resept, düstur bundan ibarətdir. Bu “test”dən keçməyənlər işləyə bilməz. Ona görə də vəzifə başında olanlar həmrəng olmasalar da, həmxasiyyət olurlar. YAP hakimiyyəti dövründə vəzifə xalqa xidmət peşəsi ola bilmədi, oğurlamaq üçün fürsət peşəsi oldu./azadlıq/
Story Code: 652514