Hər kəs özləyir ki, bu “Repressiya Maşını”nı nə vaxt onların üzərinə sürəcəklər
Nur.az.com , 30 Jun 2017 00:17
İslamtimes - Yalanları “həqiqət” olaraq qəbul edənədək…
Onlar şüurlu olmayanadək üsyan etməyəcəklər, üsyan etməyənədək şüurlu olmayacaqlar. Bu sözlər tanınmış ingilis yazıçısı Corc Oruelin “1984” romanındandır. Yazıçı romanda totalitar sistemlərdən bəhs edir. Romanda hadisələr Okeaniya deyə xəyali bir totalitar dövlətdə baş verir. Ölkə sərt və amansız qanunlarla idarə olunur, heç kimsənin şəxsi həyatı ola bilməz, hər kəs partiyaya xidmət etməlidir, vətəndaşların heç bir hüququ yoxdur. Okeaniya vətəndaşları hökumətlərinin televiziya, qəzet vasitəsilə yaydığı bütün saxta xəbərləri, statistikaları həqiqət kimi qəbul edir. Sanki belə də olmalıdır. Romanı oxuduqca gözlərimin önündən yaşadığımız ölkə keçir, “bizim ölkəmizdə baş verənlər çoxmu fərqlidir?” deyə özümə sual verirəm. Xeyr. Televiziya kanallarının, KİV- lərin, hakimiyyət nümayəndələrinin hər gün yaydıqları saxta statistik rəqəmlərin, yalan məlumatların, məgər necə bir “Ağ Yalan” olduğunu bilmirikmi?
Hamımız bilirik. Bəs biliriksə, niyə susuruq? Bizlər əgər bunun yalan olduğunu bilərək susuruqsa, demək ki, bu yalanları “Həqiqət” olaraq qəbul edirik. Əslində, bizim susqunluğumuz həm keçmişimizin, həm də bugünümüzün saxtalaşdırılması ilə nəticələnir. Bizlər yalanları doğru olaraq qəbul etdiyimiz müddətcə o yalanlar bizim bugünümüzə, sabah isə keçmişimizə “Həqiqət” olaraq yazılır. Nədir bu susqunluğun səbəbi? Məsələn, bir müddət öncə xəbər yayıldı ki, “SOCAR”ın təsis etdiyi bir şirkət rəhbərinin Mayami adalarında 5.5 milyon dollarlıq malikanəsi var imiş. Normal cəmiyyətlərdə bu, ən yaxşı halda, həmin şirkət rəhbərinin, o şəxsi həmin vəzifəyə təyin edən şəxslərin istefası ilə nəticələnəcəkdi. Əks halda vətəndaşlar etiraz edəcək, onlardan oğurlanan pulların geri qaytarılmasını və oğruların cəzalanmasını tələb edəcəkdilər. Amma bizdə nə oldu? Fəal, etirazçı təbəqə feysbuk vasitəsi ilə etirazını bildirdi və məsələ elə feysbukun gündəmindəcə it-bat oldu.
Həqiqətən, niyə digər ölkələrdə vətəndaşlar fəal şəkildə etiraz edir, bizdə yox? Çünki orda insanlar artıq dərk edilmiş şəkildə anlayırlar ki, talan olunan onların puludur. Biz isə xalq olaraq ya bunu anlamırıq, ya da içimizdə sahiblik hissi deyilən bir şey yoxdur. Sanki belə də olmalıdır. Sanki biz bu qədər sərvətləri ola-ola “bir tikə çörək” üçün olmazın əziyyətlər çəkməli, ölkənin ixtiyar sahibləri də bizə aid olan təbii sərvətləri talayıb lüks həyat tərzi keçirməlidirlər. Bu susqunluq hansı məqamadək davam edə bilər? Gündəlik olaraq yalnız internet vasitəsi ilə xəbər tutduğu məmur özbaşınalığı, həkim səhlənkarlığı, şərlənərək həbsə atılan insanlar və bu kimi bənzər hadisələrlə özləri və ya yaxınları üzləşsə, yenə də susqunluq nümayiş etdirəcəklərmi? Öz “BİTƏRƏFLİK” prinsiplərinə sadiq qala biləcəklərmi? Məncə, yox. Belə çıxır ki, insanlar “ağızlarına su alıb” sıralarını gözləyirlər.
Hər kəs özləyir ki, bu “Repressiya Maşını”nı nə vaxt onların üzərinə sürəcəklər, maşının təkərləri nə vaxt onları əzməyə gələcək. Niyə anlamırıq ki, onlar bizim susqunluğumuzdan güc alır. Axı onların ən çox qorxduqları da bir gün bu sükutun pozulmasıdır elə. Bizim əsas problemimiz düşüncələrimizdə deyilmi? Niyə biz öz gücümüzün fərqinə varmadığımız üçün susqunluq nümayiş etdiririk? Bu susqunluq nəyə yarayır, bilirmisiniz? Bizim “oğrular” tərəfindən idarə olunmağımıza. Axı bu hələ biz yalanları “həqiqət” olaraq qəbul edənədək davam edə bilər.
Story Code: 649525