Fransa Cənubi Qafqazı yeni müharibəyə sürükləyir
SaharTV , 26 Jun 2024 13:41
İslamtimes - Fransa başda olmaqla qərb dövlətləri Cənubi Qafqazda sülhə doğru gedən prossesləri əngəlləmək və bu regionun münaqişəsiz olmasına imkan verməmək üçün səylərini davam etdirirlər.
"Qərb Fransa vasitəsilə Cənubi Qafqaz regionunda dərin, eyni zamanda çox təhlükəli plan həyata keçirməkdədir. Ermənistana özüyeriyən “Caesar” artilleriya qurğularının verilməsi haqqında razılığa gəlinməsi region üçün çox ciddi təhlükələr yaradır". Bunu Milli Məclisin iclasında deputat Elşad Mirbəşir deyib.
"Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ya sülhün imzalanması üçün bizim əsas şərtlərimizdən biri də ondan ibarət olmalıdır ki, Ermənistana hücum silahları verilməsin. Biz bu tələbimizi müvafiq beynəlxalq təşkilatlar qarşısında da qaldırmalıyıq" - deputat bildirib.
Deputat Tural Gəncəliyev də çıxış edərək deyib ki, Fransanın Ermənistanı ölümcül silahlarla silahlandırması ciddi təhlükə yaradır: “Təəssüflər olsun ki, bu gün özünü Napoleon hesab edən Makron yeni “Makron müharibələri” aparmaq istəyir və bunu Cənubi Qafqazda da etmək istəyir. Makronun, Fransanın bu hərəkəti təkcə Azərbaycana qarşı deyil, beynəlxalq sülhə qarşı atılmış addımdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi də bir açıqlamada Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya qurğularının tədarükü barədə razılaşmanın olmasına dair məlumata münasibət bildirib. MN bunu Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutu adlandırıb.
Azərbaycan Fransanın bu hərəkətinin yeni müharibəyə aparan yol olduğunu bildirib.
"Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq" - açıqlamada bildirilib.
Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano isə Azərbaycan Respublikasının Fransanın Ermənistanla hərbi əməkdaşlıqlarına qarşı mövqeyini yersiz hesab edib. O bildirib ki, öz təhlükəsizlik və müdafiə ortaqlarını seçmək Ermənistanın suverin haqqıdır.
Story Code: 1143940