Qəzzə müharibəsində Azərbaycan kimin yanındadır? - TƏHLİL
SaharTV , 9 Apr 2024 09:36
İslamtimes - Əhalinin təxminən 90%-nin müsəlman olduğunu bildirən Azərbaycan Respublikasında Fələstinlə həmrəylik qənaətbəxş deyil. Nyu-Ərəb vebsaytı öz məqaləsində bu mövzunu araşdırıb.
Nyu-Ərəb yazır: Fevralın 16-da Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı İshaq Hersoq ilə görüşüb və bu addımı ilə o, İsrailin müsəlman dünyasında təcrid olunmadığını nümayiş etdirmək istəyib. Əliyev həmçinin müsəlman xalqlarının potensial reaksiyasına baxmayaraq, İsraillə əlaqə saxlamağa hazır olduğuna eyham vurub.
Vebsayt bildirir ki, Bakı Qazaxıstanla birlikdə İsrailin xam neft tələbatının 60%-dən çoxunu ödəyir. Bunun müqabilində İsrail Azərbaycana böyük miqdarda silah-sursat verir.
Nyu-Ərəb sonra qeyd edir ki, əksəriyyəti müsəlman olan bir çox digər ölkələrdən fərqli olaraq, Azərbaycan Qəzzə müharibəsinin başlanğıcından bəri İsrailə qarşı kütləvi etirazların və ya boykot kampaniyalarının şahidi olmayıb.
Müəllifin fikrincə bunun səbəbi məlumdur: Ölkə daxilində qorxunun hökm sürməsi və İsraillə əlaqələrin dərinləşməsi fonunda Qəzzə ilə həmrəylik ifadələri hakimiyyət tərəfindən təxribatçı hərəkət kimi qələmə verilir. Hətta İsrailin müsbət imic yaratmaq üçün Azərbaycan mediasına böyük sərmayə qoyduğuna dair məlumatlar var.
Digər tərəfdən 2020-ci il müharibəsindən sonra hökumət Fələstin tərəfdarı olan şiə icmasına qarşı kütləvi repressiyaya başlayıb.
Beləliklə də Bakı sakitcə İsraillə əlaqələrini gücləndirməkdə davam edir və yanvar ayında Azərbaycan İsrailin enerji ehtiyaclarını ödəmək üçün neft tədarükünü artırdı.
Bu arada İsraillə əlaqələrin dərinləşməsi İslam ölkələrində, o cümlədən Türkiyəyə təsirsiz ötüşmür. Türkiyəli fəallar SOCAR-ın qarşısında etiraz aksiyaları keçirərək Azərbaycandan İsrailin döyüş maşını üçün neft tədarükünün dayandırılmasını tələb ediblər. Lakin Əliyev hökuməti Fələstinin müsəlman dünyasında əhəmiyyətini nəzərə almağa məcbur olacaq. Daha doğrusu Fələstində baş verən prosesləri tamamilə gözardı etmək və ya birtərəfli İsrailyönlü mövqe sərgiləmək Azərbaycan hakimiyyətinə problem yarada bilər.
Bununla belə, Bakı Təl-Əvivlə qazanclı ticarətinə xatir beynəlxalq təşkilatlarda İsraili tənqid edən quru və dişsiz bəyanatların lehinə səs verməkdən başqa bir addım atmaq istəmir.
Story Code: 1127670