QR CodeQR Code

Seçkidə rəqabət müşahidə olunmur – TƏHLİL

SaharTV , 7 Feb 2024 11:37

İslamtimes - Xalqın siyasi həyatında dəyişiklik gözləməyə dəyərmi?



İkinci Qarabağ müharibəsindəki qələbədən sonra hazırkı prezident İlham Əliyevin beşinci dəfə seçkini udacağı şübhə döğurmur.
İkinci Qarabağ müharibəsindəki qələbəni “Azərbaycan tarixində unikal hadisə” kimi dəyərləndirən Əliyev bildirmişdi ki, ölkənin bütün ərazilərndə ilk dəfə prezident seçkiləri keçirəcək.
62 yaşlı Əliyev ilk dəfə 2003-cü ildə atası Heydər Əliyevin vəfatından sonra, 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə prezident seçilib.
İlham Əliyev 2016-cı ildə ölkə konstitusiyasına dəyişiklik edərək prezident seçkilərində qeyri-məhdud müddətə namizədliyini irəli sürməyə imkanı əldə etdi. Hüquq müdafiəçiləri deyirlər ki, bu addım Əliyevin ömürlük hakimiyyətdə qalmasına gətirib çıxaracaqdır.
Konstitusiyada qeyd olunan dəyişikliklər Avropa Şurası tərəfindən də tənqid edilib və bu Avropa qurumu Azərbaycan hökumətini “güclər balansını ciddi şəkildə pozmaqda” və prezidentə “görünməmiş səlahiyyətlər verməkdə” ittiham edib.
7 fevral seçkiləri Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən boykot edilib.
AXCP sədri Əli Kərimli iddia edib ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur.
Tənqidçilər deyir ki, Əliyev potensial rəqiblərini sıradan çıxarıb və müstəqil medianı boğub. Bununla bağlı bildirilir ki, müstəqil medianın sıxışdırılması və “Abzas Media”, “Kanal 11” və “Kanal 13” direktorlarının həbsi, siyasi elitanın korrupsiyasını ifşa edən bir neçə jurnalistin və tanınmış müxalifətçilərin müxtəlif bəhanələrlə həbsi hazırkı seçkilərlə bağlı ola bilər. Ona görə də hökuməti tənqid edənlərin fikrincə, 7 fevral seçkisini rəqabətli saymaq olmaz.
Şübhə yoxdur ki, Əliyev Qarabağ müharibəsindəki müstəsna roluna görə böyük populyarlıq qazanıb və indi növbədənkənar seçkilər təyin etməklə öz nüfuzunu Azərbaycanı tənqid edən daxili müxalifətə və Avropa hökumətlərinə göstərməyə çalışır.
Maraqlıdır ki, rəqabət aparan namizədlərin heç biri seçki kampaniyalarında İlham Əliyevi tənqid etməyib və birtəhər hamısı onu tərifləyib, seçki debatlarında müəyyən edilmiş xətlərdən kənara çıxmayıblar.
Məsələn, prezidentliyə namizəd Fuad Əliyev yanvarın 15-də keçirdiyi teledebatda deyib: “Prezident İlham Əliyev vədinə əməl etdi və hər bir vədi yerinə yetirdi”.
Digər namizəd Zahid Oruc da seçki debatlarında İlham Əliyevin dürüst siyasət yürütdüyünü vurğulayıb.
Bundan əlavə, builki seçkilərdə iştirak edən namizədlərdən dördü 2023-cü ilin oktyabrında açıq məktuba imza atanlar arasında olub və onlar Əliyevi tam tərifləyərək yazıblar: “Sizin uğurlu daxili və xarici siyasətiniz xalqın xoşbəxtliyinə və ölkəmizin əbədi suverenliyinə yol açır".
Beləliklə də İlham Əliyev bu seçkini də demək olar ki, rəqibsiz udur.
 


Story Code: 1114542

News Link :
https://www.islamtimes.com/az/article/1114542/seçkidə-rəqabət-müşahidə-olunmur-təhlil

Islam Times
  https://www.islamtimes.com