Bakıdan üz döndərən ABŞ İrəvana üz tutub
SaharTV , 9 Jan 2024 12:31
İslamtimes - Yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Luis Bononu qəbul edib.
Ermənistan KİV bildirib ki, "tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər, son danışıqlara və əldə edilmiş razılaşmaların həyata keçirilməsinə toxunublar".
Armen Qriqoryan erməni tərəfinin regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra ABŞ Ermənistan ilə Azərbaycan arasında danışıqlarda ən əsas rol oynamaq və Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq istəyir. Ancaq ABŞ buna Ermənistana açıq-aşkar dəstək vermək Azərbaycan Respublikasına isə təzyiqlər göstərmək və ittihamlar vurmaqla nail olmağı düşünür.
Belə ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qədər Bakı ilə əməkdaşlıqdan imtina etdiyini bəyan edib. Eyni zamanda Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edən Azadlığa dəstək haqqında qanuna 907-ci düzəlişi qüvvədə saxlayıb. Ermənistan ilə isə daha yaxınlaşma siyasətini qarşıya məqsəd qoyub. Bu ölkəni Rusiya orbitindən çıxarmaq üçün hədəfə alıb.
Rəsmi Bakı hələlik Ağ evin anti-Azərbaycan davranışına ABŞ-ın yeni səfirinə qarşı davranışla cavab verir. Belə ki, Azərbaycan rəhbərliyi ABŞ-ın bütün əvvəlki səfirlərini onların Bakıya gəlişindən dərhal sonra qəbul etdiyi halda artıq bir aydır ki, Bakıda olan ABŞ-ın yeni səfiri Mark Libbini nümayişkaranə şəkildə görməzdən gəlir. Elə ötən gün Azərbaycan Respublikası prezidenti İlham Əliyev üç ölkənin – Peru, Lüksemburq və Yaponiyanın səfirlərinin etimadnamələrini qəbul edib. Ancaq ABŞ səfiri Mark Libbi hələ də gözləyir.
Rəsmi Bakı həmişə ABŞ-ı "strateji tərəfdaş" adlandırıb və onun dəstəyi olmadan Azərbaycanın enerji layihələrinin mümkün olmayacağını dilə gətirib. Azərbaycan hökuməti həmişə ABŞ-a qarşı son dərəcə ehtiyatla davranıb və Ağ evin hegemonçu və zorakı tələbləri qarşısında müqavimət göstərməyib. İndiki durum isə, rəsmi Bakının seçimi ilə deyil, ABŞ-ın Azərbaycan iqtidarından üz döndərməsi ilə bağlıdır. Azərbaycan hökuməti Ağ evin təzyiqlərinə qarşı əvvəllər nəqədər yumşaq yanaşdısa bir oqədər sərt münasibətin şahidi oldu və hal-hazırda ABŞ-a müəyyən qədər qarşılıq verməyə çalışır. Siyasi analitiklərə görə rəsmi Bakı özünün bu mövqeyini sadəcə xalqı öz yanına ala biləcəyi təqdirdə davam etdirməyə qadir olacaq. Əks təqdirdə ABŞ-ın hegemonçu tələbləri qarşısında duruş gətirə bilməyəcək.
Story Code: 1107971